Bakıda Rəsul Quliyevin romanı nəşr olundu

Azərbaycanın eks-spikeri Rəsul Bayramın (Quliyev) Bakıda yeni kitabı nəşr olunub. Müəllifin bu kitabı əvvəlkilərindən fərqli olaraq, roman janrında qələmə alınıb.

“Qanun” nəşriyyatından verilən məlumata görə, “Axına qarşı” adlanan roman bir kitabda həm azərbaycan, həm də rus dilində nəşr olunub. Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır.

Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən, Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə gedən könüllülərə qoşulur. Burada o özü də dağıntıların altında qalaraq, xəsarət alır. Çoxlu qan itirən Davudu huşsuz vəziyyətdə dağıntılar altından Suzan adlı bir qız xilas edir və ona ilk yardım göstərir. Suzan da Çinə gələn könüllülərdən biri olur. Davud bir neçə həftə sonra özünə gəlsə də, onu xilas edən Suzanın artıq Çini tərk etdiyini eşidir. davud barəsində heç bir məlumat olmayan Suzanın axtarışına başlayır.

Romantik dram və siyasi detektiv janrında yazılmış kitabda I və II Dünya müharibələrinin başlaması səbəbləri, İsrail-Fələstin savaşının Azərbaycan oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.

Yarısənədli formada yazılan romanda dünyanın və Yaxın Şərqin son yüzildəki əsas oyunçuları haqqında ilginc məlumatlar açıqlanır. “Hizbullah” təşkilatı necə yarandı? Təşkilatın lideri Molla Nəsrullahı İran lideri İmam Ruhulla Xomeyni ilə hansı tellər bağlayırdı? Xomeyni Qorbaçova göndərdiyi məktubda nələri yazmışdı? Ayaq basdığı bütün ərəb ölkələrində vətəndaş müharibəsinə bais olan Yasir Ərəfat əslində kim idi? ABŞ və Böyük Britaniya İsrail-Fələstin münaqişəsini necə alovlandırdılar? SSRİ-ni dağıtmaq üçün ABŞ prezidenti Ronald Reyqan hansı planı işə saldı?.. Bütün bu qlobal hadisələr iki xalqın – yəhudi və ərəblərin taleyində hansı izləri buraxdı? Bu faciəvi hadisələr bir-birini sevən iki gəncin qovuşmasına mane olacaqmı?..

“Axına qarşı” romanı ümumilikdə avtoritar rejimlərin millətlərin və insanların taleyində necə ağır izlər buraxdığını canlı ştrixlərlə anladır. Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə üçün yaxşı imkanlar açır.

Qeyd edək ki, roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’də ingilis dilində nəşr olunub.
Kitab Almaniyanın məşhur Frankfurt yarmarkasında, habelə Amerikanın daha 3 kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub. Kitabın nəşrindən az sonra Yaxın Şərq ölkələrində baş verən inqilablar romanın aktuallığını artırıb və ABŞ-da böyük maraq qazanıb.

Kitab bakının bütün kitab mağazalarında satışa çıxarılıb. Qiyməti 5 manatdır.

qafqazinfo

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button