BAŞ PROKURORLUQ ELNUR ŞÜKÜROVDAN ƏVƏZ ZEYNALLIYA QARŞI YALAN İFADƏ VERMƏSİNİ NİYƏ İSTƏYİB?

Hazırda həbsdə olan “Səda” TV youtube kanalının əməkdaşı Elnur Şüküqrovun vəkili Cabir Mehrəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun qarşısına şok faktlar qoydu. 

Vəkilin Müdafiə nitqini Oxucuların diqqətinə çatdırırıq:

“Hüquqlarını müdafıə etdiyim Şükürov Elnur Zakir oğlu Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, güya о, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir.

Əslində isə Elnur Şükürov Baş Prokurorluğun İstintaq İdarəsinin istintaq qurupu tərəfindən əsasız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, onun  tutulması total şəkildə qanun pozuntuları ilə müşayət olunmuşdur.

Belə ki həmin idarənin istintaq qrupu 11 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş  “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya elan edilmiş əsasız ittihamların miqyasını genişləndirmək məqsədilə 12 sentyabr 2022-ci il tarixində gecə saatlarında heç bir qanuni əsas və səbəb olmadan Elnur Şükürov Nərimanov parkında saxlanmış, üzərində qanunsuz axtarış aparılmış, yəni heç bir protokol tərtib edilmədən ona məxsus mobil telefonu götürülmüş, heç bir əsaslı şübhə olmadan qolu bağlı şəkildə maşına basılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilmiş, bundan sonra isə Əvəz Zeynallının əleyhinə həqiqətə uyğun olmayan ifadələr almağa cəhd edilmişdir.

Belə ki həmin gün, yəni 13 sentyabr 2022-ci il tarixə keçən gecə sanki fövqalədə hadisə baş vermiş kimi Elnur Şükürov qanunsuz olaraq tutularkən təzyiq altında saxlanılmış, müdafiəçinin iştirakı olmadan müstəntiq tərəfindən ona verilən ilk sual “Əvəz Zeynallının sənə iadə etdiyi sənədlər”in harda saxlanılması soruşulmuş və həmin sənədləri dərhal istintaqa təhvil verməsi tələb edilmişdir. Lakin  Elnur Şükürov Əvəz Zeynallının ona heç bir sənəd iadə etmədiyini bildirdikdə isə həmin gecə saat 01:45-dən 02:30 radələrinə qədər “AzərNəşriyyat”ın inzibati binasında yerləşən Elnur Şükürovun direktor müavini olduğu “Səda TV”-nin ofisinə qanusuz daxil olaraq axtarış aparılmış, Elnur Şükürova aidiyyatı olmayan, “Səda TV”-yə məxsus  2 ədəd notbuk və 2 ədəd yaddaş bloku götürülmüş, Əvəz Zeynallının “iadə etdiyi” deyilən sənədlərin tapılmadığını görən müstəntiq, dərhal, əməliyyat qrupu ilə birlikdə həmin gecə sanki terrorçu gizlənirmiş kimi Elnur Şükürovun yaşadığı Sabunçu rayonu Pirşağa qəsəbəsidə yerləşən fərdi yaşayış evində ailə üzvlərinin, yaşlı ata-anasının, arvad uşaqlarının yatdığı otaqlara soxularaq, saat 03:45-dən 04:30 radələrinə qədər, qanunsuz axtarışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edəcəyi bəhanəsi ilə ailəyə məxsus sənədlər götürülmüş, lakin məlum olmuşdur ki, Elnur Şükürovun ağır epilepsia xəstəliyindən əziyyət çəkən xanımının, yaşlı ata-anasının və eləcə də heç nədən xəbərsiz yatmış məsum körpələrin gecə saat 3-4 radələrində şirin yuxularına haram qatıb evin altını üstünə çevirməyə lüzum olmamışdır. Çünki aparılmış axtarışların nəticəsi olraq iş üçün əhəmiyyət kəsb edən heç bir dəlil və sübut aşkar edilməmişdir. Bütün bu qanunsuzluqların və özbaşınalıqların davamı olaraq həmin günü, yəni 13 sentyabr 2022-ci il tarixdə səhər tezdən saat 04:50 radələrində Elnur Şükürovun barəsində Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,14 sentyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə səhər saat 05 radələrində Binəqədi rayon məhkəməsinə gətirilmiş, barəsində məhkəmənin qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qərarında, qərarın icrası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməsinə baxmayaraq, Elnur Şükürovu təsir və təzyiq altında saxlamaq, Əvəz Zeynallının əleyhinə həqiqətə uyğun olmayan ifadələr almaq məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında tək adamlıq kameraya salınmasına nail olunmuşlar. Həmin tarixdən başlayaraq Elnur Şükürovun qara günləri başlamış, Dövlət Təhlükəsilik Xidmətinin İstintaq Təcridxanasında tək adamlıq kameralı otaqda saxlanılmaqla ailə üzvüləri ilə əlaqə saxlamasına qadağalar qoyulmuş, Əvəz Zeynallının üzünə yalandan duracağı halda isə həbsinin ev dustaqlığı ilə əvəz ediləcəyi bildirmiş, əks halda ailəsi ilə təhdid edilmişdir. Ona qarşı bu cür psixoloji və mənəvi təzyiqlər düz 140 gün davam etmiş, bu müddət ərzində Elnur Şükürovun qardaşı həbs edilmiş, atası işidən çıxarılmışdır. Bu və ya digər formada ona qarşı edilmiş mənəvi və psixoloji təzyiqlərə davam gətirməklə müstəntiqin qanunsuz təhdid və təkliflərinə boyun əyməməsi doğrudan da sözün əsl mənasında mərdilk və kişilik nümunəsidir.

Qeyd edim ki, Elnur Şükürovun ittiham olunduğu  3 epizoddan birincisi ondan ibarətdir ki, guya o, Rəhimov Teymur Sabir oğlu və Zeynalov Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi nemət olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitlərini Cəfərova Nəzakət Səməd qızından istəyib almaqla CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş nüfuz alveri cinayət əməlini törətmişdir.

Halbu ki, Elan edilmiş bu epizod üzrə məhkəmə istintaqı zamanı dindirilən şahid ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş sübutların məcmusundan cinayətin əlamətlərini özündə əks etdirən hadisənin baş verməsi, eləcə də Elnur Şükürovun əməlində cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı bir cinayətin əlamətinin olması sübuta yetirilməmişdir.

Belə ki, cinayət işi materiallarına əlavə edilmiş və eləcə də məhkəmədə tədqiq edilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində toplanmış materiallardan görünür ki, Nəzakət Cəfərova Sumqayıt şəhər prokurorluğuna yazdığı 12.08.2022-ci il tarixli şikayət ərizəsində Yalnız Teymur Rəhimovdan şikayətçi olaraq göstərir ki, hələ “09.11.2021-ci ildə Teymur Rəhimov yaşadığı evin yanında iaşə obyektinin tikintisinə razılıq almaq adı altında onun göndəriyi  kart hesabına ilk dəfə 7070 manat pul köçürtməklə, daha sonra 2022-ci ilin fevral ayında isə nağd şəkildə 4000 manat almaqla cəmi 11070 manat pulunu dələduzluq yolu ilə aldadaraq almışdır” ( bax. cild 5, i.v 104-114).

Bu epizod üzrə istintaq qrupu tərəfindən Elnur Şükürovdan guya şikayətçi kimi ərizəsi alınmış şahidlərdən Nəzakət Cəfərova məhkəmədə ifadə verərək bildirdi ki, o, Baş Prokurorluğun İstinaq İdarəsinə bir neçə dəfə çağırılmış, ondan Elnur Şükürova və  Əvəz Zeynallıya qarşı həqiqətə uyğun olmayan ifadələr alınmasına cəhdlər edilmiş, şəxsi telefonuna onun iradəsi ziddinə baxış keçirilmiş, Elnur Şükürovla “Whatsapp” yazışmaları götürülmüşdür. O, müstəntiqə, dəfələrlə Elnur Şükürovdan deyil, Teymur Rəhimovdan şikayətçi olduğunu bildirməyinə baxmayaraq ondan Elnur Şükürovun adını şikayət ərizəsində göstərməsi tələb olunmuşdur. O Elnur Şükürovun adını şikayət ərizəsinə yazılmasına etiraz etdikdə, ona narahat olmamasını, Elnur Şükürovun adının Teymur Rəhimovla birlikdə şikayət ərizəsində göstərilməsi sadəcə olaraq prosedur qayda olduğunu bildirməklə Nəzakət Cəfərovanın hüquq və vəzifəsini yalnış başa salamış, hüququn düzgün izah edilməməsindən istifadə etməklə Elnur Şükürovun adın şikayətdə qeyd etdirmişlər. Lakin Nəzakət Cəfərova istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Elnur Şükürov ona evinin yanında iaşə obyektinin tikintisinə razılığın alınmasında təmannasız köməklik göstərmiş, bununla bağlı ondan heç bir maddi neməti istəməmiş və ya almamışdır.

Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində göstərildiyi kimi, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu cür hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

Bu epizod üzrə Elnur Şükürovu Teymur Rəhimovla tanış edən Vüsal Salayev ibtidai istintaq zamanı  şahid qismində verdiyi  ifadəsində göstərmişdir ki, “2022-ci ilin təxminən fevral-mart ayında Elnur Şükürov ona Teymur Rəhimovun Nəzakət Cəfərovanı aldadaraq pulunu mənimsədiyini deyərək Nəzakət Cəfərovayla görüşməsini tələb etdikdə, o, dərhal Teymura zəng edərək bu barədə soruşmuş, Teymur isə ona işə düşdüyünü həqiqətən də Nəzakət adlı qadından sənədləşmə işləri ilə bağlı pul aldığını, pulu bir nəfər şəxsə verdiyini, həmin şəxsin qaçıb Amerkaya getdiyini, bu günlərdə arvadın pulunu düzəlib qaytaracağını bildirdi. O da öz növbəsində Teymura”bacı”deyə müraciət etdiyi şəxsi aldadıb pulunu alması ilə bağlı iradını bildirmişdir”. (cild 5, i.v 115-121)

Nəzakət Cəfərovanın oğlu Hacıbla Cəfərov məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki,2022-ci ilin fevral ayının əvvəllərində yaşadığımız evin girs qapısının qarşısında Teymurun tələb etdiyi 4.000 manat pulu şəxsən ona özü vermişdir. Lakin bir müddət sonra biz yenə də Teymur tərəfindən aldadıldığımızı bildikdə Teymura verdiyimiz ümumilikdə 11.070 manat pulumuzu geri verməsini tələb etdik. Teymur da hər dəfəsində pulu qaytaracağına dair bizə söz verdi. Bundan təxminən bir həftə sonra evdə müalicə qəbul edərkən, qapı döyüldü və əvvəllər tanımadığım iki nəfər şəxs özlərini Vüsal və Elnur kimi təqdim edib, mənə Teymur tərəfindən aldadılmagımızı deyib, Teymura verdiyimiz pulları geri almağımızı bildirdilər(clid , i/v.1-6).

Göründüyü kimi, Teymur Rəhimov Nəzakət Cəfərovadan 2021-ci ilin noyabr ayında 7070 manat pulu alarkən, hələ Elnur Şükürovla tanış belə edilməmişdir.  Məhkəmədə şahid qismində ifadə verən Nəzakət Cəfərova, oğlu Hacıbaba Cəfərov və Vüsal Saleyev ifadələrində bir daha təsdiq etdilər ki, Elnur Şükürov Nəzakət Cəfərovadan Teymur Rəhimovun vasitəsilə maddi nemət olan pul vəsaiti istəməmiş,  almamış və ya pulun alınmasında iştirak etməmişdir. Əksinə Elnur Şükürov Teymur Rəhimovun Nəzakət Cəfərovadan pul aldığını bildikdə, təkidlə Nəzakət Cəfərova ilə görüşüb iaşə obyektinin tikintisinə dair İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın onun şəxsi xahişi ilə verildiyini, bu işə görə heç kimə pul verilmədiyini Teymur Rəhimov tərəfindən aldadıldığını və  Teymura verdiyi pulu təkidlə geri tələb etməsini bildirmişdir.

Digər tərəfdən cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Nəzakət Cəfərovanın telefonunun “Whatsapp”  mobil tətbiqinə “baxış keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli protokolda qeyd edilən mesajlarda Elnur Şükürovla Nəzakət Cəfərova arasında gedən söhbətlərdən də məlum olur ki, Elnur Şükürovun Nəzakət Cəfərovadan ittiham edildiyi kimi Teymur Rəhimov vasitəsi ilə maddi nemət olan 11070 manat pul vəsaiti istəməsi, alması və ya həmin pulun alınmasında bu və ya digər formada iştirak etməsi öz təsdiqin tapmamışdır.

Belə ki, 17 may 2022-ci il tarixdə saat 14:29-da Nəzakət Cəfərova Elnur Şükürova aşağıdakı məzmunda mesaj ünvanlayır;

«Salam, Elnur, sənin bizə yaxşılığın keçib mən bildiyim qədər, itirmərəm, bircə o alçaq pulu qaytarsın mən heç kimin qarşısında nə aciz, nə də borclu qalan biri deyiləm. Sənə yazmağımın səbəbi uçaskovunun bu barədə məndən izahat istəməsidir. Mənə Əvəz Zeynallı adlı bir jurnalistin bu məsələdə iştiraki barədə soruşdu, mən dedim tanımıram o adamı, mənim tanıdığım Teymurdu pulu da o alıb məndən. İndi qulaq as bir söz soruşum, mən izahatda icranın adın hallandırmaq istəmirəm, eləcə deyim Teymur mənnən rüsum adıynan pulu alıb nə məsləhət görürsən?»

Həmin tarixdə saat 14:32-də Elnur Şükürov Nəzakət Cəfarovaya aşağıdakı məzmunda səsli mesaj ünvanlayır;

«Salam Nəzakət xanım, necəsiz, nə var nə yox? Vallah sizdən kim nə alıb bunu Allah da bilir, onun bəndəsi bilir. Sadəcə olaraq biz tapşırmışıq, xahiş eləmişik ki, adamlar bizə yaxın adamdı, kömək olunsun, sağ olsun İcra hakimiyyəti də bizi eşidib sizə köməklik edib. Sizi kim aldadıb, sizdən kim pul alıbsa da onu da bilirsiz ki Teymurdu, Teymur da təkcə sizi yox eşitdiyimə, çatan malumata görə bir neçə adamı aldadıb. Belə, yəni icra hakimiyyəti sizdən pul istəyib deyin pul istəyib, para istəyib deyin para istəyib, onlar sizdən məncə heç nə istəməyib, sizi aldadan yalnız və yalnız Teymurdur. Teymur da burda eşitdiyimə görə Maştağada da çox adamı aldadıb. Ona görə də əlinizdən nə gəlir eleyin o adama qarşı, o adam bu gün sizi aldadıb sabah da başqasını aldada bilər».

Hamin tarixdə saat 14:32-də Nəzakət Cəfərova Elnur Şükürova aşağıdaki məzmunda mesaj ünvanlayır:

«Deyir ağaca görə ekologiya məhkəməyə verib cərimə verilməlidir».

Həmin tarixdə saat 14:33-da Elnur Şükürov Nəzakət Cəfarovaya aşağıdakı məzmunda səsli mesaj ünvanlayır;

«Qaldı ki orda Əvəz müəllimin adıdır, filandır, kimdi bularda ki, yəni boş-boş orda kimsə hallandırırsa səhv eliyir, yalnışlığa yol verir, Əvəzin adını orda heç kim ortalığa ata bilməz, siz Əvəzi tanımırsız, nə də qeyrisini. Sadəcə olaraq burda mən tanışlıq baxımından, Allaha xatir, Allah rızası üçün biz də əlimizdən gələni elədik, tapşırdıq, xahiş elədik. Çox sağ olsun rəhbərlik də bizim xahişimizi eşitdilər. Sizə indi maksimum şərait yaradılacaq. Ağacla bağlı, sən ağac kəsməmisən ki səni də məhkəməyə versinlər, ağacı kəsən təşkilat var, qurum var, getsin kim kəsibsə o da onu özləri bilərlər. Yəni, sən ağac kəsməmisən, nə biz ağac kəsməmişik, nə də ki kimsə də ağac kəsməmişdir».(cild 3, i.v 205-206)

Göründüyü kimi, bu mesajdan da açıq-aşkar məlum olur ki, heç də Elnur Şükürov Nəzakət Cəfərovadan Teymur Rəhimov vasitəsilə maddi nemət olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitlərini istəməmiş və almamışdır. Əksinə Teymur Rəhimov ittihamda göstərilən məbləği Nəzakət Cəfərovadan əldə edərkən bundan Elnur Şükürovun xəbəri belə olmamış, Teymur Rəhimov həmin pulları alıb Elnur Şükürova deyil, yuxarıda Vüsal Salayevin ifadəsində göstərdiyi kimi Amerkaya qaçan şəxsə vermişdir. Nədənsə istintaq orqanı Vüsal Salayevin bu ifadəsində göstərdiyi halları araşdırmamış və ona hüquqi qiymət verməmişdir.

Elan edilmiş 2-ci ittihamda isə  “Yaşıl Mənzərə” epizodu üzrə Elnur Şükürovla və Əvəz Zeynallıya ona görə ittiham verilmişdir ki, güya o, Zeynalov Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, şəxsən maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Nəsrullayev Salman Əhməd oğlundan almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir.

 “Yaşıl Mənzərə” epizodu üzrə məhkəmədə dindirilən şahidlərdən Əjdər Hüseynov, Vüsal Cəfərov, Salman Nəsirullayev, Aydın Axundov və başqaları ifadələrində göstərdilər ki, Baş Prokurorluğun İstintaq İdarəsindən onları bu epizod üzrə bütün şahidlərlə birlikdə dəfələrlə  səhər saatlarından idarəyə çağırıblar, növbəti gün axşam saatlarına qədər gecə də daxil olmaqla bir sutqadan çox həmin idarədə saxlayıblar, telefonları isə onlardan alınaraq təxminən 4-5 aydan sonra qaytarılmışdır. Salman Nəsirullayev məhkəmədə verdiyi ifadəsində Elnur Şükürovdan razılıq məktubunu alarakən guya ona 50.000 manat pul verdiyini göstərsə də, onun bu ifadəsi həmin epizod üzrə müdafiə tərfindən əlavə şahid qismində dəvət edilmiş Məmmədov Mübariz Siracəddin oğlunun məhkəmədə verdiyi ifadəsi ilə tam təqzib edilmişdir. Mübariz Məmmədov verdiyi ifadəsində  xatırlamadığı tarixdə o, Elnur Şükürovu ona məxsus ağ rəngli Hyundai markalı avtomobili idarə edərək Suraxanı rayonu Mənzil Kommunal Təsərüffat Birliyinə aparmış, özü maşında gözləmiş Elnur Şükürov isə MKTB-dən əlində bir məktubla çıxaraq maşına oturmuş həmin məktubu bir nəfər tanımadığı şəxsə, məlum olur ki, Salman Nəsrullayevə  vermiş, lakin əvəzində heç bir məbləğdə pul almadan geri qayıtmışlar.

Qeyd edilməlidir ki, Elnur Şükürova elan edilmiş hər üç epizod üzrə ittihamın əsasını Cinayət prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə əldə edilmiş Elnur Şükürova məxsus  telefonun “Whatsapp”  mobil tətbiqindən aşkar edilmiş mesajlar təşkil etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsində əsasən  “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edildiyindən ittihamın əasını təşkil edə bilməz.

 Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən olundu ki, 13 sentyabr 2022-ciil tarixdə Elnur Şükürov tutularkən ondan götürülmüş mobil telefon onun tutulduğu gündən üç gün sonra, yəni 16 sentyabr 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokol əsasında Binəqədi RPİ-nin MSY-dən götürülmüşdır. Həmin protokolda göstərilir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin MSY-də Şükürov Elnur Zakir oğlunun üzərində keçirilmiş axtarış zamanı ondan götürülmüş 01ədəd “Samsung A32″ markalı mobil telefonu MSY-nin rəisi Müseyibov Habil Yaqub oğlundan götürülür. Lakin həmin telefonun Elnur Şürükovun üzərindən hansı şəraitdə götürülməsini təsdiq edən axtarış protokolu və ya digər sənədləşmə aparılmamış və cinayət işinə əlavə edilməmişdir (cild 3. i.v 119).

Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

  1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;
  2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;
  3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə;
  4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;
  5. 5. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;.

Bu cür prosessual hüquq normalarının pozulması ilə əldə edilmiş məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələr arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır.

Hörmətli Məhkəmə yuxarıda göstərdiyim kimi, ibtidai istintaq orqanının məhkəməyə  təqdim etdiyi bütün ittihamedici dırnaqarası sübutlar, ibtidai araşdırma zamanı yuxarıda göstərilən prosessual hüquq normalarının pozulması ilə əldə edildiyindən ittihamın əsasını təşkil edə bilməz və mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.

Bundan başqa Baş Prokurorluğun İstintaq İdarəsi Elnur Şükürovla Əvəz Zeynalıya iki epizod üzrə, yəni  Suraxanı və Sumqayıt  epizodlarına Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsini tövsif edərkən maddi hüquq normalarının da tələblərini pozmuşdur.

Belə ki, CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün həqiqi və ya güman edilən imkanı olan şəxsdir. Cinayət hüquq nəzəriyyəsində bu, imkana yalnız vəzifəli şəxsin ailə üzvləri və başqa yaxın qohumları, qohumları, dostları, iş yoldaşları, onun tabe olduğu yuxarı vəzifəli şəxs, onun tabeçiliyində olan şəxs, vəzifəli şəxslə heç bir münasibəti olmayan, lakin ölkədə, konkret rayonda və ya yaşayış məntəqəsində nüfuz sahibi olan şəxs, yəni (ictimai xadim, seçkili orqanın üzvü, din xadimi, siyasi xadim, hakimiyyətin müxtəlif səviyyəsini təmsil edən şəxs, yerli ağsaqqal və s.), beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun üzvləri (səfirlər, konsullar və s.), hətta başqa dövlətlərin vəzifəli şəxsləri və s. ola bilər. Bu normada təsir imkanlarının olmasını güman etmənin obyektiv əsasları (nüfuz sahibinin qərar qəbul edəcək vəzifəli şəxslə münasibətləri, cəmiyyətdəki mövqeyi, bundan əvvəl başqa vəzifəli şəxslərə təsir etməsi faktlarının olması və s.) olmalıdır.

Göründüyü kimi Elnur Şükürov və Əvəz Zeynallı bu kateqoriyadan olan subyektlər sırasında olmadıqlarından vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olmamış və eləcə də həmin cinayətin predmeti olan maddi neməti özü və başqa şəxslər üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə istəməsi və ya  alması öz təqdiqin tapmamışdır.

Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən həmin vəzifəli şəxslər, Suraxanı RİHB-sı Əziz Əzizov və Sabunçu RİHB-sı Adil Vəliyev ifadələrində  göstərdilər ki, hər hansı bir jurnalistin, o cümlədən də Elnur Şükürov və Əvəz Zeynallı bizim qəbul etdiyimiz qərarlara heç bir təsir göstərə bilməz, İcra başçısı olaraq yalnız ölkə rəhbərliyinin göstərişlərini yerinə yetiririk. Hər iki vəzifəli şəxs ittihamda göstərilən obyektin tikintisinə razılıqların verilməsini Əvəz Zeynallı ilə Elnur Şükürovun onlara təsiri və təzyiqi ilə deyil, xahişi ilə qanunun tələbləri baxımdan qiytmətləndirərək icazə verdiklərini bildirmişlər.  Hətda Suraxanı rayon İcra başçısı Adil Vəliyev müdafiə tərəfinin “Əvəz Zeynallı vəzifəli şəxs kimi Sizin qərarınıza qanunsuz təsir edə bilərmi” sualına, xeyr, “jurnalist kimdir ki, mənim qərarıma qanunsuz təsir etsin, heç bir jurnalist mənim qərarıma qanunsuz təsir edə bilməz, əslində mən heç bir jurnalisti qəbul etmirəm müsahibə vermirəm.” deyərək  ifadə etmişdir.

Göründüyü kimi, ibtidai istintaq orqanı hər iki təqsirləndirlən şəxslərin əməllərini tövsif edərkən səhvə yol vermiş, maddi hüquq normalarının tələblərini pozmuş və düzgün tədbiq etməmişdir.

Cinayət Prosessual Məcəllənin 10.1 və 10.2-ci maddələrinin tələblərinə əsasən isə  Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

İstintaqın Elnur Şükürovla Əvəz Zeynallıya elan etdiyi 3-cü epizod isə ondan ibarətdir ki,  guya Şükürov Elnur Zakir oğlu Zeynalov Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Vəliyev Ruslan Telman oğlunun xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə Zeynalov Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə Ruslan Vəliyevi təhrik etmişdir.

Qeyd edilən sabunçu epizodu üzrə məhkəmədə yeganə zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsal Vəliyev məhkəmədə ifadə verərək göstərdi ki, o və atası Telman Vəliyev  dəfələrlə Baş Prokurorluğun İstinaq İdarəsinə çağırılmış ondan Elnur Şükürovdan şikayətçi olmağı tələb edilmiş, o isə Elnur Şükrovun ona evinin yanındakı torpaq sahəsində iaşə obyektin tikintisinə razılıq alınmasında təmənnasız köməklik etdiyini bildirmiş, ifadəsində təqsirləndirilən şəxs Elnur Şükürov tərəfindən ona qarşı heç bir maddi və mənəvi ziyan vurulmadığını, onunla daima barşıq münasibətində olduğunu və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Daha sonra zərərçəkmiş şəxs Ruslan Vəliyev 20.12.2023-cü il tarixdə yenidən məhkəməyə teleqramla müraciət edərək göstərmişdir ki,  “Sizə təqdim etdiyim ərizədə də qeyd etdiyim kimi, bildirmək istəyirəm ki, mənim Elnur Şükürovla bağlı heç bir şikayətim tələbim yoxdur və mənə heç bir ziyan vurmayıb. Bununla bağlı Sizdən xahiş edirəm məni zərərçəkmiş siyahısından çıxarasınız”.

İttiham tərəfin Elnur Şükürov və Əvəz Zeynallıya  elan etdiyi CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələrindən CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2 maddələri ilə verilmiş ittihamdan imtina etməsi cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməməsinin göstəricisi, əslində isə Elnur Şükürov və Əvəz Zeynallıya qarşı irəli sürülmüş bu ittihamların qanunsuz və əsasız olmasının qismən təsdiq edilməsidir.

Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qərarında qeyd edilir ki, ədalət mühakiməsi həyata keçirilərkən şübhəli və mənbələri naməlum olan məlumatlardan istifadə edilməsi yolverilməzdir. Yalnız əldə edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulmasının yol verilmədiyi, vətəndaş və təşkilatların qanuni maraqları pozulmadığı, əsassız və qanunsuz zorakılıq tətbiq edilmədiyi, bütün iştirakçıların hüquqlarının həyata keçirilməsi təmin edildiyi təqdirdə əldə olunmuş materiallar etibarlı hesab edilə bilər.

Qeyd etməliyəm ki, məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcürbəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci hissəsində göstərilir: «hər bir şəxsin təqsirliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir».

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə  isə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır.

Bundan başqa Elnur Şükürovun səxsiyyətini səciyyələndirən halları da, məhkəmənin nəzərinə çatdıraraq bildirirəm ki, o, 2020-ci ildə müstəqil Azərbaycanın Parlament seçkilərində Cəlləbad rayonundan deputatlığa namizədliyi irəli sürülmüş, həmin rayonun uzun illər yığılıb qalmış sosial problemlərini dərindən təhlil edərək mətbuatda işıqlandırmış, nəticədə rayonun əsas problemlərinin həllində yaxından köməklik göstərmişdir. Məhz bu xidmətin nəticəsidir ki, yüzlərlə Cəlillabad rayon sakinlərinin 366 nəfərin imzası ilə məhkəməyə göndərdiyi müraciətdə göstərilir: “Hörmətli Sədr: “hər iki jurnalistin fəaliyyəti bölgəmizdə olan sosial problemlərin həllinə yönəlmişdir. Xüsusən də, Elnur Şükürovun, sakini olduğumuz Cəlilabad rayonunda işıqlandırdığı sosial problemlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Cəlilabadımızın igid oğlu, Prezidentimizə ictimai dəstəyə könüllü qoşulan və Respublikanın ucqar bölgələrində prezidentin siyasətini əməli işi ilə təbliğ edən, araşdırmaçı jurnalist Elnur Şükürov şərlənərək həbs edilmişdir. Cəlillabad sakinləri olaraq Sizin ədalətinizə güvənərək hər iki jurnalistin barəsində ədalətli qərar qəbul edəcəyinizə ümid edirik”. İmzalar:366 nəfər Cəlilabad rayon zəhmətkeşləri.

Eyni zamanada xüsusi ilə qeyd edilməlidir ki, Elnur Şükürov  ikinci qarabağ müharibəsində cəbhənin Fizuli bölgəsində gedən döyüşlər zamanı qazilərimizin müalicəsini təmin edən Fizuli rayon Mərkəzi Xəstəxanasına humanitar yardımlar göstərərək qazanılmış zəfərə yaxından öz tövhəsini vermişdir.

Bundan başqa cinayət işinə əlavə edilimiş ölkənin onlarla tanınmış hüquq müdafiəçilərinin, jurnalistlərin və ictimai xadimlərin müraciətlərində hər iki jurnalistin şəxsiyyətini səciyyələndirən müsbət fikirlərin qeyd edilməsi, əslində Elnur Şükürovla Əvəz Zeynallının dövlətimiz, millətimiz və xalqımız üçün çox dəyərli ziyalı, eyni zamanda peşəkar və mübariz jurnalist olduqlarının göstəricisidir.

Bütün bu qeyd edilənlər onu göstərir ki, ittiham tərəfinin Elnur Şükürov və Əvəz Zeynallıya qarşı irəli sürdüyü bütün ittihamlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, tam iflasa uğramış, obrazlı desək, sözün əsl mənasında darmadağın edilmişdir.

Hörmətli məhkəmə artıq on aydır ki, Sizlərin arşdırması ilə keçirilən bu ədalət mühakiməsində müəyyən olur ki, təqsirləndirilən şəxslər heç də hansısa cinayət əməli törətmələri səbəbindən deyil, araşdırmaçı jurnalistlər kimi ictimaiyyət nümayəndələrinin hər gün qarşılaşdıqları sosial, iqtisadi problemləri vicdanla, cəsarətlə işiqlandırmaları vəzifəli şəxslərin qəzəbinə gəlmiş və onların qanunsuz təsirindən əsassız və qərəzli ittihamlara məruz qalmalarıdır.

Unutmamalıyıq ki,  xalqın, dövlətin rifahı üçün cəsarətli fikirlər söyləyənlər, ön cəbhədə döyüşən qəhrəman əsgər kimidir, şəhid olur, lakin qələbəni təmin edir. Şəhidlərimizin qanı və canı bahasına ucalmış bu dövlətimiz hüquqi dövlət olsun deyə hər kəs öz vəzifəsini vicdanla cəsarətlə icra etməli, nəinki vəzifəsindən, azadlığından, canından belə keçməyə hazır olmalıdır.

Hörmətli məhkəmə kollegiyası hüquqi dövlət, ədalətli məhkəmə sisteminin təmin olunması üçün konustutusiyanın 127-ci maddəsinin Sizlərə verdiyi 1. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasıının  Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar kimi vəzifənizi heç kimdən çəkinmədən ədalət, mərhəmət və cəsarətlə yerinə yetirəcəyinizə inanıram.

Beləliklə də yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası CPM-nin 92.9.14 və 340-cı maddələrinin tələblərini  rəhbər tutaraq məhkəmədən

                                              XAHİŞ EDİRƏM:

Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şükürov Elnur Zakir oğlunun  əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılsın və dərhal məhkəmə zalından azad edilsin, ibtidai araşdırmanı aparan müstəntiqlər və prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərar qəbul edilsin.”

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button