Binəqədi icra hakimiyyəti evləri sökülənlərlə bağlı Xural TV-yə açıqlama göndərdi

Mart ayının 27-də Binəqədi rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları Binəqədi rayonu III mədən, korpus 125 ünvanında yaşayan vətəndaş Kamran Ağalarov və Biləcəri qəsəbəsində yaşayan İsa Kazımova məxsus evləri söküb-vətəndaşların başlarına uçurublar. Bu haqda vətəndaşların özlərinin lentə aldığı videokadrları Xural TV-nin Əvəz Zeynallının moderatorluğu ilə canlı yayınlanan “Siyasət meydanı” verilişində və Xural TV-də ayrı-ayrı reportajlar şəklində yayınlamışıq. Videolara bu linklərdən baxa bilərsiniz (https://www.youtube.com/watch?v=1pAd-Ntla7o), (https://www.youtube.com/watch?v=WQH3Uepaiec&t=192s), (https://www.youtube.com/watch?v=k7qDKeKMMl8&t=17s), (https://www.youtube.com/watch?v=wI9cu8Gj2k8). Bu gün Binəqədi rayon icra hakimiyyəti başçısının baş məsləhətçisi, istimai-siyasi məsələlər üzrə şöbənin sədri Kənan Kərimov əlaqə saxlayaraq, Rayon İcra Hakimiyyətinin Xural TV-yə cavab hazırladığını və cavabı yayınlamağımızı xahiş etdi. Xural.com Binəqədi Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı cavabını olduğu kimi dərc edir:

“Kanalınızda yayımlanmış xəbərlə bağlı bilidiririk ki, Binəqədi rayonu III mədən, korpus 125 ünvanında yaşayan vətəndaş Kamran Ağalarov və Biləcəri qəsəbəsində yaşayan İsa Kazımova sözü gedən ərazidə aparılacaq hər hansı tikilinin qeyri-qanuniliyi barədə dəfələrlə məlumat verilmişdir.

Eyni zamanda vətəndaşlara, yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, yaşayış evlərinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdirilməsi və müvafiq məlumatların toplanması məqsədilə yaradılmış Yerli Ekspert Komissiyasından qeydiyyatdan keçməsi, komissiya tərəfindən torpaq sahəsinin sənədləşməsindən sonra aidiyyəti üzrə müraciət etmələri tövsiyyə edilmişdir.

Qeyd edilənlərə baxmayaraq vətəndaşlar onlara bildirilmiş tövsiyələrə məhəl qoymadan qanunsuz şəkildə tikinti işlərinə davam etmişdirlər.

Tikinti sahəsinin sökülməsi məsələsi ilə bağlı qeyd edək ki, Bakı şəhərində davam edən qeyri qanuni tikinti prosesinin dayandırılması məqsədilə monitorinqlər mütamadi olaraq aparılır və bu proses davam etdiriləcəkdir.

Yalnız vətəndaş Kamran Ağalarov və İsa Kazımov tərəfindən torpaq sahəsinin çıxarışı və layihə təqdim edildikdən sonra məsələyə Rayon İcra Hakimiyyəti tərəfindən baxıla bilər.

Qanunsuz tikilinin davam etdirilməsi üçün tələb olunan maliyyə ilə bağlı iddia isə tamamilə əsassızdır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button