BİR GƏNCİ ŞƏRLƏYƏRƏK, TALEYİNİ KİMLƏR VƏ NECƏ SÖNDÜRDÜLƏR?

Ramazan Həsənov: “Dəfələrlə alçaldılıb, təhqir olunub, heyvani dərəcədə işgəncələrə məıruz qalmışam.”

Ramazan Ağakərim oğlu Həsənov hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasından başına gətirilən müsibətlərlə bağlı redaksiyamıza məktubla müraciət edib.

Hiddətdoğuran məqam odur ki, bir Azərbaycan gəncinin taleyini əlində geniş səlahiyyət imkanları olan məmurlar qanunları çeynəyərək, məhv ediblər. Şəxsi ambisiyaları və qərəzləri sayəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, saxta ittihamlardan tutmuş, zorakılıq və işgəncə halları tətbiq olunmaqla, şəxsiyyət və ləyaqətini “sındırmaqla” bir gəncin həyatını puç etməyə nail olublar.

Məktubu olduğu kimi müvafiq orqanların diqqətinə çatdırırıq:

“Mən, Həsənov Ramazan Ağakərim oğlu Saatlı rayonu, H.Əliyev pr. 126 ünvanında bir vaxtlar anamla yaşamışam. Mən dünyaya gəlməzdən əvvəl atam bizi qoyub, Rusiya Federasiyasında iş axtarışı ardınca gedib və qayıtmayıb. Anam məni bir qarnı ac, bir qarnı tox, min bir əziyyətlə, yetimliklə böyüdüb.

2017-ci ildə hansı hadisənin baş verdiyini dərk etmədən, saxta ittihamlarla həbs olunmuşam. Kimsəsiz olduğumu görən hüquq-mühafizə orqanı işçiləri qanunu tapdalayaraq, heç bir günahım olmaığı halda məni 4 il 7 ay müddətinə azadlıqdan məhrum etdilər. 2019-cu ildə istintaq başa çatdıqdan sonra 5 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişəm. Bu cəzaçəkmə müəssisəsində isə mütəmadi olaraq pozulmuş hüquqlarımla bağlı cənab Prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanı Əliyevaya, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Əliyyə nazirliyinə, ƏN Penitensiar Xidmət rəhbərliyinə çox sayda müraciət etmişəm. Bu şikayətlərdən sonra mənə hiddətlənən 5 saylı Cəzaçəkmə müəssisəsinin rəisi İlkin Rəhimov məni yanına çağıraraq, bu şikayətlərə son qoymaramsa, mənim başıma min bir oyun açacağı ilə hədələdi: “Sən bir də burdan şikayət etsən, məndən incimə!” Onun hədə-qorxularına baxmayaraq, mən şikayət və müraciətlərimi davam etdirmişəm. Və həmin gündən başlayaraq, çoxsaylı işgəncələrə məruz qalmışam. Dəfələrlə alçaldılıb, təhqir olunub, heyvani dərəcədə işgəncələrə məıruz qalmışam. Mənə verilən işgəncələrə dözməyib, dəfələrlə həyatıma qəsd etməyə – intihara cəhd etmişəm. Sonuncu dəfə özümə yetirdiyim xəsarət kəskin olduğundan və həyatda qaldığımı görəndən sonra yeganə yaxın adamın, mənə əziz olan anama bu haqda məlumat vermişəm. Anamla son telefon danışığında olanda o mənə bir az da səbirli olmağı, 2 gün müddətində bir yerlərdən borc tapıb, yanıma gələcəyini dedi. 2 gün tamam olandan sonra anamın gəlmədiyini görüb, onunla əlaqə saxladım və telefonda dayım bildirdi ki, mənimlə danışandan sonra anam insult keçirərək dünyasını dəyişib. Məni həyata bağlayan yeganə varlığım artıq yox idi. Bu xəbərdən ciddi sarsıldım və 5 saylı Cəzaçəkmə müəssisəsinin rəhbəri İlkin Rəhimova bildirdim ki, başıma gəlıən bu faciənin səbəbkarı birbaşa odur. Həmin gündən sonra rəis işgəncələrin sayını artırmağa, mənə göz verib, işıq verməməyə başladı. Bu işgəncələrə dözməyərək, bir daha intihara əl atdım və özümə xəsarət yetirdim.

Baş verən bu hadisədən sonra şikayət və müraciətlərimin sayını artırdım, müvafiq qurumların qaynar xətlərinə zəng vurub, onları məlumatlandırdım və mənə kömək edilməsini istədim, dövlətdən baba olmağını gözlədim. Bu arada mənim telefon zənglərimdən xəbər tutan rəis bildirdi ki, “Burada dövlət də mənəm, prezident də mənəm, ağa da mənəm. Sən dustaqsan, sən kimsən ki, sənə inansınlar?” Cəzamın bitməsinə təxminən 3 ay qalmış, məhkəməyə çıxmaq vaxtım çatanda, işgəncələrdən və aldığım xəsarətlərdən məni üzə çıxara bilmədilər. Onlayn internet vasitəsilə Səlyan rayon məhkəməsinin qərarı ilə azadlığa buraxıldım. Mən 5 saylı Cəzaçəkmə müəssisəsinin binasından çıxarkən, rəis İlkin Rəhimov mənə dedi ki, əgər bu müəssisədə baş verənlərlə bağlı harasa şikayət edərəmsə, mətbuat vasitəsilə bu məsələni ictimailəşdirərərmsə, məni təkrar həbs etdirəcək: “Bilirsən də, mənim əlim-qolum haracan uzanır, səni elə söndürərəm ki, bir daha özünə gələ bilməzsən!”- dedi. Mən Saatlı rayonuna qeydiyyata düşəndən sonra iş arxasınca Bakıya gəldim və dostumun yanında suşi satmaqla məşğul oldum. Bu müddətdə şikayət və müraciətlərimi də müvafiq orqanlara ünvanlamağa başladım. Bütün hüquq-mühafizə orqanlarına, ali instansiyalara şikayət ərizələri yazırdım. Bundan 1 ay sonra, yanında çalışdığım dostum Əli mənə dedi ki, sənin həbsdən azad olunmağın münasibətilə qonaqlıq vermək istəyirəm. Təyin olunan vaxtda dostum Əli ayağı sınmış və sarınmış halda yanında isə tanımadığım bir neçə şəxslə gəldi. Qonaqlıqdan sonra dostları Şıxov çimərliyinə getməyimizi təklif etdilər. Orada Əlidən siqarət istəyəndə, həmin adamlardan biri mənə siqaret uzatdı. Mən siqareti çəkən kimi halım dəyişdi, nə baş verdiyini anlamaqda çətinlik çəkdim. Bu arada dostum Əli dedi ki, onun ayağı ağrıdığı üçün həkimə gedəcək, mən isə onun dostları ulə birgə gedib, hardansa ərzaq çantasını alıb, işlədiyimiz yerə aparmalıyam. Mən maşına minəndə artıq halım ciddi şəkildə pisləşməyə başlamışdı. Başımın ağrısından gözümü yumdum, gördüm ki, yanımdakı Əlinin dostları bir-birilə söhbət edirlər ki, mən çantanı götürəndə, onlardan biri mənim videogörüntümü çəksin. Halım pis olsa, da məsələnin nə olduğunu anladım və dedim ki, ürəyim bərk bulanır, maşını saxlayın. Lakin onlar, “biz polis işçiləriyik, elə bilirdin ora-bura yazmaqla nəyəsə nail olacaqsan? Bil ki, əlimizdən qaça bilməzsən!”- dedilər. Buna baxmayaraq, maşın hərəkətdə olarkən qapını açıb, özümü bayıra atdım və qaçmağa nail oldum. Buna baxmayaraq, sonradan məni axtarışa verdiklərini eşitdim və 06.09.2022-ci il tarixində Sabunçu rayon 12-ci Polis bölməsinin əməkdaşları məni saxlayaraq, bölməyə gətirdilər. Orada mənə çoxlu işgəncələr verdilər və cibimə 4-5 qr. Çəkidə narkotik maddə qoydular. Bu azmış kimi, boynuma qoydular ki, guya mən kiminsə evində oğurluq etmişəm. Mən həyatım boyu zorluqlar, ehtiyac içində böyüsəm də, heç bir zaman kimdənsə oğurluq etmək haqqında düşünməmişəm, buna tərbiyəm və qanım yol verməyib. Bakı Ağır Cinayətlər Məhkəsində keçirilən məhkəmə prosesi zamanı şahid qismində ifadə verən ev sahibi də məni birinci dəfə gördüyünü, evini oğurlayan adamın hazırda azadlıqda olduğunu dedi. Bütün bunlara baxmayaraq, BACM-nin hakimi 25.12.2023-cü ildə barəmdə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdi. Bir kimsəsiz insanın həyatını öz şəxsi ambisiyaları, qərəz və kinləri müqabilində söndürmək haqqını onlara kim verib? Nə üçün bir rəis rəhbərlik etdiyi müəssisədə özünü prezident kimi aparmalı, qanunları tapdalamalı, səlahiyyətlərini aşaraq, bütün müvafiq qurumları da öz cinayətlərinə ortaq etməlidir?

Hazırda məhbus həyatı yaşayıram, amma yenə də dövlətə olan inamımı itirmək istəmirəm. Yenə dövlətimə üzümü tuturam: Məni bu vəhşilərin əlindən xilas edin! 

Ramazan Həsənov, 08.02.2024

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button