BİRNƏFƏSƏ OXUNAN ROMAN

Gənc yazar Elxan Xanəlizadənin “Yol” romanını çoxdan oxumaq istəsəm də, axır ki, fürsət tapıb bu arzumu həyata keçirə bildim.

İlk səhifələrdən mənə elə gəldi ki, bu əsər keçmiş Sovetlər Birliyinin acılı-şirinli günlərini dadmış qocanın uydurmalarından ibarət hekayələr silsiləsidir. Və buna görə də onu elə ilk səhifələrdəcə kənara atmaqla, onsuz da az olan vaxtımı bu uydurmaları oxumağa sərf eləmək istəmədim. Lakin təzəcə əlimə götürdüyüm kitabın səhifələrini çevirdikcə maraq mənə üstün gəldi, sanki sürətlə bir-birini əvəzləyən rəngarəng hadisələr burulğanına düşdüm və hadisələrin nə ilə nəticələnəcəyini intizarla izləməyə başladım…

 

Dünya, eləcə də Azərbaycan ədəbiyyatında elə romanlar var ki, hissələrə bölərək bir az əvvəlindən, bir az ortasından, bir az da sonundan oxumaqla əsərin nədən bəhs etdiyini, ideyasını, müsbət və mənfi qəhrəmanların sonrakı taleyini aydın görmək mümkündür, digər hissələrini oxumasan da, olar. “Yol”un isə süjet xətti, problematikası, qəhrəmanının başına gələnlər, bir sözlə, bütün məsələlərin qoyuluşu zəncirvarı bağlılıq təşkil edir, yəni romandakı altmış söhbətdən birini oxumadan digərinə keçməklə hadisələrin inkişaf xəttini qabaqlamaq istəyi, ən azı, vaxt itkisi deməkdir.

 Roman altmış söhbətdən ibarətdir və bunlar hamısı yazarın da iştirakı ilə İbrahim adlı bir qocanın dilindən nəql olunur. Bu cür quruluş özü də yenilik kimi qəbul oluna bilər və yazarın digər qələm yoldaşlarını təkrarlamaq fikrində olmadığını göstərir. Hər halda, o, axtarışdadır və elə yazı üsuluna müraciət edir ki, roman cansıxıcı və yorucu olmasın, gündəlik məişət qayğıları ilə yüklənən oxucu onu yarımçıq kənara tullamasın, bütün söhbətləri canlı surətdə eşidirmiş kimi, acgözlüklə oxusun.

 Birinci söhbət İbrahimin 1919-cu ildə anadan olması ilə başlayır, bu isə ilk baxışda elə təsir bağışlayır ki, qoca öz tərcümeyi-halını danışır. Bu tərcümeyi-halın digərlərindən fərqi ondadır ki, hadisələr daha geniş planda cərəyan eləyir, belə ki, müəllif, İbrahimin uşaqlıq həyatını təfərrüatı ilə göz önündə canlandırır. O, fürsət tapıb ilk söhbətdən erməni-Azərbaycan münasibətlərinə də toxunur və ermənilərin hələ əsrin əvvəllərindən Qarabağda məskunlaşmaq  istədiklərini, Azərbaycanda qan qohumları arasında nifaq salmaqla onları bir-birilərinə düşmən etmələrini nəzərə çatdırır. Lakin bu hələ hamısı deyil, əsl faciə Şura hökumətinin qurulması ilə baş verir: imkanlı ailə birdən-birə müflis olur, hətta o dərəcədə müflis olur ki, xəstə ananı həkimə aparmağa, kiçik maddi ehtiyaclarını ödəməyə belə ailə başçısının – vaxtilə bütün kəndə əl tutan atanın gücü çatmır. Beləliklə, hələ dünyanı anlamayan İbrahimin əvvəl anasını itirməsi, sonra anasının qırxı çıxmamış evlərinə ögey ananın gəlməsi, qardaşının vaxtsız ölümü, kənddən çıxmaları, atasının hətta üçüncü dəfə evlənməsi, on dörd yaşında birinci sinfə getməsi – bütün bunlar birinci söhbətin əsasında durur; nəhayət, əsgərliyə yollanması isə onun həyatını tamamilə başqa axara salır, gələcək həyatını, tutacağı yolu müəyyənləşdirir. Və “Yol”un qayəsini də bu təşkil edir.

 Qeyd etdiyim kimi, əsgərliyə getməsi, özü də beşinci sinifi bitirdikdən sonra getməsi (bu zaman onun iyirmi yaşı vardı) İbrahimin həyatında yeni səhifə açır, lakin açıldığı andan bu səhifə qırmızılı-qaralı boyalarla yazılmağa başlayır; çox keçməmiş müharibənin acı günləri İbrahimin başının üstünü kəsdirir; dərd o deyil ki, İbrahim müharibəyə alışa bilmir, yeni şəraitə uyğunlaşmır, yox, kənd həyatı görmüş bu insan hər çətinliyi tamamilə normal qarşılayır, məsələ ondadır ki, müharibənin təzə başladığı bir zamanda ürəyi vətən eşqi ilə döyünün gənc İbrahim alay komandirinin təkidilə düşmən tərəfə keçməyə – satılmağa, xəyanət etməyə məcbur olur. Təbii ki, o bunu etməyə və digər xəyanətə qol çəkməyənlər kimi güllələnə də bilərdi; lakin o, hər şeyi zamanın öhdəsinə buraxır və üç dostu ilə birlikdə beş aydan sonra bu cəhənnəmdən qaçmağa müvəffəq olur. O, özünü xəyanətkar hesab etmir, yenidən vətəninə qayıdıb hərbi xidmətini davam etdirmək ürəyindən keçsə də, onu nələrin gözləyəcəyindən ehtiyat eləyir; bununla yanaşı, bir müddət sonra general de Qollun partizan dəstəsinə qoşulub müxtəlf tapşırıqların icrasına başlayır, bu yolla heç də qəsdən etmədiyi günahını yumağa çalışır.

 Xəyanətkar alaydan qaçandan ta Parisdə partizan dəstəsinə qoşulana kimi onun başına müxtəlif hadisələr gəlir; yad şəhərlərdə özünə sığınacaq axtarması, bir qarın çörək və bir gecəlik yer üçün çəkdiyi əziyyətlər onu sındırmır, əksinə, yaşamaq uğrunda mübarizə əzmini artırır, düşmənlərə qarşı qisas hissini alovlandırır.

 İbrahimin həyatında ikinci dönüş İsveçrədə madam Mişelin sahibi olduğu pansionatda işləyərkən rus əsilli Sergeyə rast gəldiyi zaman baş verir. Sergey onu özü ilə Marsel şəhərinə aparır və iyrənc oyununun qurbanına çevirir. Hələ kənd abi-havası başından çıxmayan, böyük-kiçik yerini gözləyən İbrahim düşdüyü mühitə öyrəşir və burada yüngül həyat tərzi keçirir. Lakin o, tezliklə Sergeyin hansı əməlin yiyəsi olduğunu anlayır və onunla əlaqəni birdəfəlik kəsməyə qərar verir. İbrahimin Marseldəki sevgilisi Helenin Sergeylə aralarındakı ədavətin nəticəsi olaraq bir-birilərini öldürməsi ilə bu məsələ öz həllini sürətləndirir.

 Beləliklə, Sergeyli-Helenli günlər sona çatır və İbrahimin daha çətin günləri başlayır. İbrahimin Marseldə keçirdiyi günlər kefli, əyləncəli günlər kimi yadda qalır və əslində, onun sonrakı həyatına bir o qədər təsir göstərmir. Sadəcə olaraq, Sergeylə tanışlıq onun həyat təcrübəsini artırır, insanları tanıma hissini gücləndirir.

 Bu dəfə Parisə gələn İbrahimin ev axtarmaq məqsədilə şəhəri gəzərkən madam Laliyə rast gəlməsi, onun evində kirayə qalması, özü və oğlu Paskalla dostluğu qəhrəmanın həyatındakı səhifəni yeniləyir. Bu, artıq onun həyatında əsaslı dönüş əmələ gətirən vacib məqam kimi diqqət çəkir. Və ümumiyyətlə, yazar bundan sonra qəhrəmanını daha yaxşı tanıtmaq məqsədilə romanın sonuna qədər oxucunun diqqətini Parislə bağlı xatirələrə kökləyir. Belə demək mümkünsə, Paris, bir növ, “Yol”un açarı rolunu oynayır. Daha dəqiq desək, “Yol”a gedən yol Parisdən keçir. 

 Bütün əsər boyu Paris İbrahimi həyata səsləyir, o, burada bir çox arzularına çatır; uzun gərginlikdən sonra sakit həyata qovuşur, özünə iş, yaşayış yeri tapır, yeni dostlar qazanır. İbrahim partizan dəstəsinə də Parisdə qoşulur və ona tapşırılan işlərin öhdəsindən asanlıqla gəlir. Lakin Parislə bağlı xatirələrin mayasını İbrahimin sonsuz məhəbbətlə sevdiyi və ömrünün sonuna kimi unuda bilməyəcəyi yəhudi qızı Etellə bağlı səhnələr təşkil edir.

 İbrahimin Etellə tanış olması, yəhudi anasının onlar arasındakı yaxınlığa narazılığı, aralarının soyuması və ayrılmaları, qəhrəmanın bir müddət bədbinliyə qapılması, yenidən Etellə qovuşması – hər şeyin öz axarıyla getməsi əsərin oxunaqlığını artıran amillərdəndir. Bu hissədə kulminasiya nöqtəsi, oxucunun psixoloji gərginliyinin son həddi sayıla bilən məqam isə İbrahimin Etele məktub yazması və ürəyini üzməmək üçün onu son dəfə görmədən Parisi tərk etməsidir.

 Parisi tərk edən İbrahim evlərinə gəlir və burada müharibənin fəsadlarının nə dərəcədə böyük olduğunu bir daha anlayır. Az bir zaman müddətində qədim el adəti – qızqaçırma üsulu ilə ailə həyatı quran İbrahim ağrılı-acılı günlərini unutmağa çalışır, yeni, sevgi dolu bir aləmə can atır. Yaxınlarının təkidinə baxmayaraq, ilk övladına Məcnun adını qoyur ki, bu da unuda bilmədiyi Etellə aralarında olan şərtdən irəli gəlir. Parisin onun həyatında oynadığı rol o qədər böyük və əhəmiyyətlidir ki, doğma kəndlərinə dönəndən sonra da bu şəhəri, onunla bağlı xatirələri unuda bilmir, hamıya car çəkib Parisin möhtəşəmliyindən, heç bir şəhərlə müqayisəolunmaz dərəcədə gözəl olmasından danışmaq istəyir və əlbəttə ki, bu ona baha başa gəlir. İbrahim bu dəfə dilinin bəlasına düşür. Keçmiş sevgilisi Eteldən gələn məktubun rayon istintaq şöbəsi əməkdaşlarının əlinə düşməsi ilə ilk qığılcımların yaranması və bir neçə həmkəndlisinin yanında ağzından Parislə bağlı söz qaçırması İbrahimin Qazaxıstanın Qaraqanda vilayətinə sürgün olunması ilə nəticələnir.

 Qazaxıstanda məhkumluq həyatı yaşayan İbrahimin başına gələnləri, çəkdiyi əzab-əziyyətləri yazar baş qəhrəmanın dili ilə ustalıqla təsvir eləyir, baş verənləri hadisələrin canlı iştirakçısı kimi qələmə alır. Bu hissədə bəzi məqamlar çox təsirli və inandırıcı şəkildə verilmişdir ki, bu da yazarın hadisələrə sanki bir psixoloq  kimi yanaşmasından irəli gəlir; o, insan psixologiyasına yaxşı bələddir, müxtəlif xarakterli personajların arasında konflikt yaratmaqla sonradan onları tanıyacaq oxucunun psixologiyasına nüfuz etməyi bacarır; bilir ki, oxucu bu məqamda hansı hissləri keçirəcək, əsərin təsirinə düşərək hansı obrazın yerində olmaq istəyəcək, hansı obrazı düşdüyü mühit və vəziyyətdən qurtarmağa çalışacaq. Əgər hər hansı bir əsəri oxuyarkən oxucu özünü əsərdəki hadisələrin baş verdiyi məkanda təsəvvür eləyirsə, nədənsə duyğulanırsa, bəzən kədərlənir, qəzəblənir, bəzən də sevinir, daxilən rahatlıq tapırsa, bir sözlə, bütün bu hissləri, azacıq da olsa, yaşayırsa, bu, artıq yazarın uğurudur, onun yüksək istedadının göstəricisidir.

 Romanın sonrakı hissələrini iki yerə bölmək olar; bunlardan birincisi, “Xalqlar atası” Stalinin ölməsi ilə amnistiyaya düşüb vətənə qayıdan İbrahimin həyatının qismən öz qaydası ilə getməsi, övladlarının dünyaya gəlməsi, onlara Paris xatirələri ilə bağlı adların qoyulması ilə əlaqədar söhbətlərdən ibarətdir. İkincisi isə, “Ailə faciəsi” də adlandıra bilər, ona görə ki, sonrakı söhbətlərdə həyat yoldaşı Gülzar ağır xəstələndiyinə görə İbrahimin illərlə onun qulluğunda durmasından, övladlarının bivecliyindən, gəlinlərinin onlara soyuq münasibətindən, böyük oğlu Məcnunun içkiyə qurşanmasından və vaxtsız ölümündən bəhs edilir. Bütün bunlar bir ailə dramasını xatırladır; elə bir ailə ki, böyük-kiçik yeri bilinmir, ağsaqqal ata və ağbirçək ananın qeydinə qalan bir nəfər tapılmır… Təbii ki, bu səhnələrin hamısı ürək ağrısı ilə təsvir olunmuşdur, əsər müəllifi bu ailənin halına acıyır, qəhrəmanının bu günə düşməsində zəmanədan daha çox, insanları qınayır. Qəhrəmanını bu faciədən qurtarmaq istəyən yazarın əlindən isə bircə o gəlir ki, onu sona kimi sözünü kəsmədən dinləsin, ürəyini boşaltmaqla mənən yüngülləşməsinə səbəb olsun.

 Beləliklə, roman müəllifin sonrakı aqibətinin necə olduğunu öyrənmək fikri ilə öz qəhrəmanına baş çəkmək istəməsi ilə sona çatır; ancaq artıq 90 yaşını haqlamış qəhrəmanını bir daha görmək ona nəsib olmur…

 “Yol” E.Xanəlizadənin ilk irihəcmli qələm təcrübəsi olduğu üçün bir sıra qüsurlardan da xali deyil; bəzən ədəbi dil normalarının pozulması, nitqin tələblərinə əməl olunmaması, bəzən fikir natamamlığı, bəzi personajların sonrakı taleyi ilə bağlı məqamların verilməməsi əsərin dilinə və bədii keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir. Zənnimcə, kitabdakı qüsurların böyük əksəriyyəti nəşriyyat xətalarıdır və redaktor başısoyuqluğundan irəli gəlir.

 Ümid edirəm ki, bu gün öz “Yol”u ilə öz yolunu müəyyənləşdirən E.Xanəlizadə gələcəkdə daha mükəmməl əsərləri ilə oxucuların görüşünə gələcək, onların qəlblərini riqqətə gətirən personajlar yaradacaq.

 Elxan Xanəlizadənin özünə və sözünə inam hissi ilə,

İlkin Quliyev.

Bakı Slavyan Universitetinin dosenti,

filologiya üzrə fəlsəfə doktoru

“Xural” qəzeti

 

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button