Bizi Ramiz Mehdiyevlə Bəylər Əyyubov həbs etdirib

Nurəddin Zülfüqarlı

Mülkləri əllərindən alınıb ölkədən qovulan «Zülfüqarlı qardaşları» olayının təfərrüatları

Nurəddin Zülfüqarlı: «Bir mafiya ilə üzüzə qalmışdıq, ölkəni tərk etməyə məcbur olduq»

 «Zülfüqarlı qardaşları» olayı Azərbaycan ictimaiyyətinə 2005-ci ildən məlumdur. Həmin dövrdə sahibkar kimi fəaliyyət göstərən Zülfüqarlı qardaşları həbs olundu və sahib olduqları əmlakı böyük bir hissəsi əllərindən alındı.

Həbsdən sonra «Zülfüqarlı qardaşları» öz zavodlarının kiçik səhm sahibləri kimi fəaliyyət göstərməyə başlasalar da, son günlər Xəzər Boru Zavodu ətrafında baş verən hadisələr sahibkar qardaşları yenidən ictimaiyyətin diqqətinə gətirdi. Xəzər Boru Zavodunu ələ keçirən və zavodun sahibini belə əri buraxmayan ARDNŞin mühafizəçiləri bir gün sonra geri çəkildilər. Bu həmlə və geriçəkilmənin mahiyyəti ictimaiyyətə ıqlanmasa da, Zülfüqarlı qardaşlarının başına gətirilən bəlalar yenidən aktuallaşdı.

Tanınmış jurnalist Şahvələd Çobanoğlunun hazırda Türkiyədə məskunlaşan Nurəddin Zülfüqarlı ilə geniş müsahibəsi «Azadlıq» qəzetində dərc olunur. Müsahibədə çox maraqlı faktların əksini tapmasını və oxucu marağını nəzərə alaraq, bəzi məqamları təqdim edirik.

 

ksək vəzifəli adamlar quldurcasına mülklərimizi əlimizdən aldı

Öncə biznesləri barədə məlumat verən N.Zülfüqarlı bildirir ki, «biz qardaşların biznesi və kapitalı vəzifə ilə, bürokratiya ilə, rüşvət və korrupsiya ilə bağlı olmayıb. Biz Rusiyada işləmişik, sərmayəmizi də orada əldə etmişik. Heydər Əliyevin azərbaycanlı iş adamlarına müraciətindən, gəlib vətəndə iş yerləri açmaq dəvətindən sonra yurda dönmək qərarı verdik. Həm də biz ticarət və alverlə məşğul deyildik. Istehsalla, quruculuqla, sənaye ilə bağlı idik. Böyük sərmayələrimizi xərclədik, dayanmış, məhv olmuş, köhnəlmiş iki zavodu ən son texnologiyalara uyğun səviyyədə bərpa etdik. Təkmil mühəndis və idarəçilər komandası yaratdıq. Böyük sayda daimi və yüksək maaşlı iş yerləri açdıq. Yüksək məbləğdə vergilər ödədik və heç vaxt qanunlardan yan keçmədik. Bizim necə işlədiyimizi sadə işçilərimizdən, fəhlələrimizdən soruşa bilərsiniz. Mən qanunsuz həbs ediləndə onlar mitinq etdilər, azad olunanda qurbanlar kəsdilər. Insanlar bizi böyük xeyirxah kimi qəbul edirdi, amma təəssüf olsun heç də hamı bir şeyi dərk etmir ki, işçiyə və işə dürüst, vicdanlı münasibət biznesin sadəcə doğru yoludur. Qalanı biznes deyil. Amma hər şey çox dəhşətli və dramatik sonluğa gəldi. Uğurlu işlərimizdən sonra təzyiq, həbs və bu gün də davam edən hədələrlə üzləşdik, çox yüksək vəzifəli adamlar quldurluq yolu ilə mülklərimizi əlimizdən aldı».

N.Zülfüqarlı həbsə gedən ilk məqamın təqdidi çıxışından başladığını deyir: «Hələ 2002-ci ildə Heydər Əliyevin iş adamları ilə görüşündə tənqidi çıxış etmişdim və bu tənqid rəhbər işçilərin birbaşa ünvanına idi. O zaman çıxışıma Heydər Əliyev də, iş adamları da dəstək verdi. Həmin il biznesmenlərin fəaliyyətinə qarşı yaradılan xeyli problemlər çözülməyə başladı. Ancaq tənqid etdiyim qurumların rəhbərlərində mənə qarşı düşmən münasibəti yarandı. Sadəcə, Heydər Əliyevdən qorxduqlarından açıq şəkildə bu niyyətlərini büruzə vermirdilər. 2004-cü ildə isə İlham Əliyev iş adamları ilə Biznes Mərkəzində görüşdü. Mən həmin vaxt prezident yanında Sahibkarlar Şurasının üzvü və Sahibkarların Hüququnun Müdafiə Komitəsinin sədri idim. Başqaları sussa da, mən bu dəfə də çıxışımda mövcud problemləri sadalamalı oldum, iş adamlarının fəaliyyətinə DIN, prokurorluq, yol polisinin müdaxiləsi barədə tənqidlərimi çatdırdım. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin bizim yenidənqurma işlərinə cavab verməməsi, hərəkətsizliyinə toxundum. Bu məsələlərə tez reaksiya verildi və qısa müddətdə bəzi problemlərimiz həll olundu. Ancaq eyni zamanda bəzi dövlət qurumları mənə qarşı aqressiv mövqe tutdular. Həmin görüşdən sonra prezidentin iş adamları ilə görüşünə bizi daha dəvət etmədilər».

Elə bildim məni quldurlar tutub

İş adamını vurmaq üçün əvvəlcə ictimai nüfuzdan salmaq yolu tutulduğunu bildirən N.Zülfüqarlı keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevə bağlılığını barədə deyilənləri də təkzib edir: «Fərhad Əliyevin nazir işlədiyi vaxt ondan prokurorluğa şikayət etmişəm, hətta prezidentin yanındakı iclaslarda naziri tənqid etmişəm. Bu mənada onunla yaxınlığım və iş birliyim ola bilməzdi».

Yavaş-yavaş təzyiqə məruz qaldıqlarını və şərləmək üçün müxtəlif planlar çızıldığını söyləyən Zülfüqarlı süründürməçi yoxlamaların, gömrük və vergi maneələrinin yaradılması barədə də məlumat verir. Həbslə bağlı isə çox maraqlı təfərrüatlar danışır: «2005-ci ilin oktyabr ayının əvvəlində mənə Kərəm Həsənovdan təklif gəldi ki, bu müəssisələrə iddialı adamlar var, baxın, görün nə edirsiniz? Əhəmiyyət vermədim. Dekabrda Kərəm Həsənovla Əmlak Komitəsinin İri Özəlləşdirmə Müəssisələri İdarəsinin rəisi Rüstəm Şahbazov məni görüşə dəvət etdilər, konkret söhbət oldu. Kərəm Həsənov dedi ki, hər iki zavodu geri qaytarmaq lazımdır. Anlamadım və söylədim ki, necə yəni qaytarmaq lazımdır və kimə? Dedi ki, gizlətmirəm, sənin zavodunda yüksək vəzifəli məmurların gözü var, könüllü şəkildə bu müəssisələrin 80 faizini onlara vermək lazımdır. Etiraz etdim ki, bu batmış zavodları tender vasitəsilə almışam, dövlət rüsumlarını, investisiya proqramlarını yerinə yetirmişəm, 10 milyonlarla dollar sərmayə qoymuşam, belə olduqda müəssisələri əvəzsiz olaraq məmurlara vecə verə bilərəm?! Hər ikisi dedi ki, onlardan asılı deyil, əgər könüllü razılaşmasan, sənin də, ailənin də başı ağrıyacaq, bu məsələ yalnız səninlə bağlı deyil, başqa adamları da çağırıb söhbət ediblər. Mən kəskin şəkildə etirazımı bildirdim, bunun qeyri-qanuni, quldurluq olduğunu, bu barədə prezidentə müraciət edəcəyimi söylədim. Söhbətimiz onların “özün bilərsən, bizdən xəbərdarlıq etməkdir”» sözləri ilə yekunlaşdı.

2005-ci il dekabrın 9-da, əmimin yasından çıxıb evə gedərkən bir qrup mülki geyimli silahlı adam maşınımı saxladılar, sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar, nə baş verdiyini heç cür anlaya bilmirdim.  Onlar məni maşının arxasına uzadıb üstümdə oturdular, məqsəd səs çıxarmamağım və tərpənməməyim idi. Düşündüm ki, məni quldurlar tutub və məqsədləri pul istəməkdir. Təxminən 20-25 dəqiqədən sonra bizi pilləkənlərlə qaldırdıqlarını hiss etdim, torbanı çıxardanda ətrafımda polisləri görüb özümə gəldim. Çünki hansısa bir anlaşılmazlığın olduğunu və aydınlaşmadan sonra azad ediləcəyimi düşündüm. Əfsuslar ki, yanılmışdım. Məni polisin nəzarətində bir otağa apardılar, 2 saata yaxın gözlədim, şok vəziyyətində olduğumdan nə edəcəyimi anlamırdım. Bir müddət sonra idarə rəisi polkovnik Qafar Abbasov gəlib generalla görüşməyə apardığını dedi».

Polislər məni Ramiz Mehdiyevlə Bəylər Əyyubovun həbs etdirdiyini deyirdilər

 «Vilayət Eyvazovun kabinetinə daxil olanda soruşdum ki, cənab general, bu nə işdir, niyə məni bu vəziyyətdə həbs ediblər, axı mən Sahibkarlar Konfederasiyasının üzvüyəm, az-çox tanınmış iş adamıyam! Vilayət Eyvazov bildirdi ki, «sənin kim olduğunu və nə iş gördüyünü yaxşı bilirik, bizi də işə salmısan, məgər bizim işimiz-gücümüz yoxdur, vaxtında məsələni həll edərdin, gəlib bu vəziyyətlə də qarşılaşmazdın». O, məni 6 ay izlədiklərini söyləyəndə, hansı qəbahətli iş gördüyüm üçün bu vəziyyətdə idarəyə gətirildiyimi soruşdum. General bir daha vurğuladı ki, hər şeyi yaxşı bilirsən, gərək məsələni vaxtında həll edərdin, heç özüm də bilmirəm nə edim?!

Formal da olsa, heç bir məhkəmə iclası keçirilmədi. Iki gün heç bir sorğu-sual olmadı, üçüncü gün hiss etdim ki, qonşu kameralarda qardaşlarım Rövşən, Loğman və iş adamı Təyyar da oturub. O zaman anladım ki, iş adamlarına qarşı repressiya başlanıb. Üçüncü gün məni istintaq idarəsinin rəisi Fərhad Süleymanovun otağına apardılar, o deyəndə ki, niyə tərslik edirsən, cavab verdim ki, nədə tərslik edirəm, izah edə bilərsənmi? Süleymanov “yaxşı bilirsən nə etmisən, nə deyiblər, onu da etməmisən».

Yalnız iki həftə ötəndən sonra vəkilim Aslan Ismayılov hadisələrə hüquqi müdaxilə edə bildi. Amma onun mənimlə görüşməyinə imkan verməsələr də, şikayətlər etdiyini öyrənmişdim. Bayıl təcridxanasına gətirdikdən sonra vəkillə görüşmək imkanlarım oldu. Bütün hallarda heç bir istintaq işi aparılmırdı, işimi aparan müstəntiq Emin Məmmədov gəlib üzümə baxıb gedirdi, bu baxış da o demək idi ki, nə zaman şərtlərlə razı olacaqsan. Hər dəfə də deyirdi ki, bizi də işə salmısan, başımız ağrıyacaq, hətta ürək xəstəliyinə tutulduğunu da söylədi.

Açıq şəkildə deyirdilər ki, əmlakını almaq üçün səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur…

Səhmlərin 80 faizi kasıb adamın adına rəsmiləşdirildi

Artıq mənim də, qardaşım Loğmanın da qarşısında şərt kəsmişdilər ki, sizin azad olunmanız üçün əmlakı verməyiniz lazımdır. Əks təqdirdə həbsdə qalacaqsınız. Başqa tərəfdən isə Kərəm Həsənovun adamları azadlıqdakı qardaşlarımı tez-tez çağırıb razılaşma ilə bağlı təzyiq edirdilər. Yəni əmlakdan imtina etməsəniz, qardaşlarınız həbsdə çürüyəcək, başınız bəladan qurtulmayacaq. Nəhayət, məni qardaşım Baxış Zülfüqarlı ilə görüşdürdülər. Baxış dedi ki, vəziyyət gərgindir, ailələrimiz təhdid altındadır, Kərəm Həsənovla görüşmüşəm, o da deyib ki, get, qardaşınla sonuncu dəfə söhbət et, əgər əmlakların verilməsinə razılaşmasanız, sizlər də həbs olunacaqsınız. Baxışla rəisin kabinetində görüşdük, dedi ki, ya səndən imza almalıyam, ya da çıxanda məni də həbs edəcəklər. Çünki Kərəm Həsənov onu buna görə həbsxanaya göndərmişdi. Bir neçə dəqiqədən sonra içəri müstəntiq Emin Məmmədov daxil oldu. O, qardaşıma etibarnamənin verilməsinin vacib olduğunu deyərək əlavə etdi ki, bu gün bütün məsələlər tam həll olunmalıdır, əks təqdirdə, o biri qardaşların da həbs ediləcək. Artıq qardaşıma vəkalət verməyə məcbur oldum, amma inanmırdım ki, əvəzsiz olaraq kiminsə adına keçirə bilərlər. Çünki prosedura görə bu irilikdə müəssisəni kiməsə vermək üçün alqı-satqı olmalıdır. Amma təəssüf ki, vəkaləti verdiyim günü, 30 mart 2006-cı ildə depozit mərkəzindən səhmlərin 80 faizi Rüstəm Şahbazovun qohumu, Lerik rayon sakini Gəray Məmmədovun adına keçirildi. Araşdırmamız nəticəsində məlum oldu ki, Lerikin Ordahal kəndində kasıb bir vəziyyətdə yaşayan G.Məmmədovun heç özünün də bu məsələlərdən xəbəri olmayıb. Sadəcə, ona ayda 150-200 manat veriblər, həm də müəssisənin adına keçirilməsi üçün mənzillə təmin edəcəklərini bildiriblər. Bildiyimə görə hələ bu vədi də yerinə yetirməyiblər.

Alqı satqı həll olunandan sonra «Afət Əliyeva ilə bağlı iş»ə xitam verdilər».

Həbsdən çıxandan sonra Kərəm Həsənovla aralarında yenidən mübahisə yarandığını və qarşı tərəfin ona ölkədən getməyi məsləhət gördüyünü deyən N.Zülfüqarlı bildirir: «Bir mafiya ilə üz-üzə qaldığımı hiss etdim, ona görə ölkəni tərk etdim. Hər şey qardaşım Loğmanın öhdəsində qaldı. Loğman da kollektivi toplayıb yenidən kreditlər alıb sərmayələr qoydu və iş bərpa olundu. Gündəlik iş ondan ibarət idi ki, qardaşlarım xammal gətirib istehsal edirdi, maliyyə isə onların təyin etdiyi dörd nəfərin nəzarətindəydi. Ayın sonunda payımıza düşənləri bizə verib, 80 faiz isə Əmlak Komitəsinin rəsmisi Rüstəm Şahbazovun kassasına gedirdi.

5 il ərzində onlara Əmlak Komitəsinə beləcə 11 milyon manat verildi. Əslində bu vəziyyətdə təkcə biz deyildik, bir çox şirkətlər ayın sonunda 80 faizi Rüstəm Şahbazovun kassasına təhvil verirdi. Onun kabinetinin arxa otağında xüsusi hazırlanmış seyflər var idi, bu seyflərin hər gözünə” 1 milyon yerləşdirmək olurdu, yəni 1 milyon 100 dollar yerləşməzdi, yalnız 1 milyon mümkün idi. Hər ayın sonunda da bu cür pulların təhvil verilməsinə növbə olurdu.

Baxmayaraq ki, Kərəm Həsənov fəaliyyətimizə heç bir problemin olmayacağını desə də, müdaxilələr olurdu. Azərbaycan reallığını bilirsiniz, Sosial Müdafiə Fondundan və başqa qurumlardan gəlib pul istəyirdilər. Birtəhər bu cür yoxlamaları yola verirdik. 2010-cu ilin yayında yenidən problemlər başladı, gömrükdə mallarımızı saxladılar, bir sözlə, yerdə qalan 17 faizi də almaq istəkləri bəlli olurdu. Əvvəlcə qarşımıza şərt qoydular ki, zavoda gələn magistral elektrik xəttini dəyişdirmək lazımdır. Anlayırdıq ki, elektrik xəttini dəyişdirdikdən sonra zavodu əlimizdən alacaqlar, amma çarəmiz yox idi. Bir məqamı vurğulayım ki, mən həbs olunanda Poladtökmə Zavodunda armatur istehsal edən avtomatik xətt qurmuşduq, sadəcə betonlaşma işi qalmışdı. Həbsdən çıxanda Kərəm Həsənov dedi ki, gedin nə qədər avadanlıq var, hamısını kəsib əridin. Biz dedik ki, axı, zavoda nə qədər sərmayə qoyulub, iş görülüb, əlimiz gəlmir, bunu necə etmək olar? Amma o, qurğunun kəsilməsini tələb edərək armaturun yalnız “Baku-Steel-Company”»nin istehsal edəcəyini bildirdi. Artıq o zaman armaturun başqa çeşidlərinə keçmişdik. Amma Kərəm Həsənov 20 milyonluq avadanlığı bizə kəsdirib əritdi.

Ramiz Mehdiyev qardaşımın üstünə 15 silahlı adam göndərdi

Bu xəttin çəkilişinə 1 milyon manat sərmayə qoyduq. Çəkiliş zavodun istehsal gücünün 50 faiz artırılması demək  idi. Zavodun bağlanma günü Loğman Zülfüqarlının oturduğu kabinetə Rasim Məmmədov adlı şəxs 15 nəfər silahlı adamla gəldi.

Rasim Məmmədov Ramiz Mehdiyev ailəsinin biznesini idarə edir. Söhbət Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni Ilham Əliyevin biznesindən gedir. Hazırda Bakıdakı Oksford Universitetini də o idarə edir. Rasim Məmmədov gəlib Loğman Zülfüqarlıya dedi ki, artıq 17 faizin verilməsi zamanı çatıb, zavodu təhvil verib buranı tərk edin. Rasim Məmmədov türklərin müəssisəsinin alındığını və “Baku-Steel-Company»”nin də onlara məxsus olduğunu söyləmişdi. Biz etiraz etdik ki, axı belə olmaz, əvvəl 80, indi də 17 faizi, bu, nə deməkdir? Rasim Məmmədov bildirdi ki, əgər deyilənlər yerinə yetirilməsə, yenidən həbs olunacaq, ailənizin də problemləri yaranacaq. Açıq şəkildə dedi ki, bu işin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubov dayanır. Ondan sonra Bəylər Əyyubovla görüşə cəhd etdik və Loğman onunla görüşə bildi. Loğman vəziyyəti anlatdı, nə qədər sərmayə qoyduğumuz, zəhmətimizi, daha yaxşı işlər görə biləcəyimizi söylədi, doğrusu, o, bir qədər yumşaq yanaşıb qalıb işləyə biləcəyimizin mümkünlüyünü vurğulamışdı. Ancaq Rasim Məmmədov işi elə qurdu ki, sonradan Bəylər Əyyubovla görüşə bilmədik. Və gecəylə bizi ölkəni tərk etməyə məcbur etdilər. Bundan sonra Loğman məcburiyyət qarşısında qalıb 18 milyon dəyərində əmlakı qoyub Azərbaycanı tərk etdi.

Bir müddət sonra Rasim Məmmədov başqa əmlaklarımızı da almağa başladı. Bunlar kupçası” olan özəlləşdirilmiş şəxsi əmlaklardır. Bu mülklər qardaşlarım Loğman və Elnurun adına idi. Həmin mülklər zavodun ətrafındadır. Halbuki, bu mülklərin torpağı da özəl idi. Bizim artıq gücümüz yox idi, çünki Rasim Məmmədov həmişə silahlı adamlarla gəzirdi. Dövlətin ali orqanlarına etdiyimiz şikayətlərə də reaksiya verilmədi. Bunun əvəzində Rasim Məmmədov qardaşlarımı çağırıb bizim Qaradağ rayonunun Buta qəsəbəsindəki müəssisəmizi istədi».

Ardı var

 

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button