'Bloomberg': İranın İsrailə zərbələri qaçılmazdır

“İran və onun müttəfiqlərinin İsrailə zərbələri qaçılmazdır”, – “Bloomberg” bir sıra Qərb mənbələrinə istinadən belə yazır və bunun yaxın günlərdə həyata keçiriləcəyini iddia edir.

ABŞ nəşrinin yazdığına görə, İran və Tehranın Yaxın Şərqdəki müttəfiqləri İsraildəki hərbi hədəflərə, hökumət binalarına hücum edə bilərlər. “Bu zərbələr zamanı pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlərdən istifadə edilə bilər”, – vurğulayan “Bloomberg” mənbələri rəsmi Tehranın İsrailə zərbə endirmək üçün artıq prinsipial qərar verdiyini iddia edir.

“Qeyri-müəyyənlik zərbələrin baş vermə ehtimalı deyil, onların tarixi ilə bağlıdır”, – Amerika güc strukturlarından birinin adının çəkilməsini istəməyən nümayəndəsi nəşrə bildirib.
İran hakimiyyəti bu iddiaları təkzib etmir.

“İsrail aprelin əvvəlində İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə hücum edərkən səhv edib və bu hücuma görə cəzalandırılacaq”. Bunu İran İslam Respublikasının ruhani lideri ayətullah Əli Xamenei Fitr bayramı münasibətilə müraciətində deyib. Aprelin 2-də İranın Dəməşqdəki konsulluğuna edilən hücumda ölkənin ən nüfuzlu qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun bir qrup zabiti öldürülüb.

O xatırladıb ki, konsulluq və səfirliklər harada yerləşməsindən asılı olmayaraq, təmsil etdikləri dövlətin ərazisi hesab olunur. “Onlar konsulluğumuza hücum edəndə ərazimizə hücum ediblər”, – o əlavə edib.

Qəzzada ötən ildən başlayan hərbi əməliyyatların dayandırılması ilə bağlı İsrail hökuməti ilə fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton İran məsələsində Netanyahu hökumətini şəksiz dəstəkləyəcəyini bəyan edir.

Çərşənbə günü, aprelin 10-da ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi etməyə hazır olduğunu açıqlayıb. İsrailin müdafiə naziri Yoav Qalant da hər hansı dövlətin hücumu gerçəkləşərsə, “qətiyyətli hücum hərəkətləri” ilə “çox tez” cavab veriləcəyini vəd edib.

Bu arada “Axios” portalı iki İsrail rəsmisinə istinadən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurillanın İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək üçün aprelin 11-də onların ölkələrinə gələcəyini xəbər verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button