Buyurun, Əli Əhmədov!

Əvəz Zeynallı

 Mətbuat Şurası «Azadlıq» qəzetinə qarşı bir müddət əvvəl Anar Niftəliyevin yazısına görə, xəbərdarlıq qərarı çıxarmışdı. O zaman «Azadlıq»dakı həmkarlarımız reaksiya vermədi, amma biz hər zaman olduğu kimi bu təhlükənin miqyasını anladığımızdan, sərt reaksiya verilməsini tələb etdik. Məsələni ictimailəşdirdik və «Azadlıq» qəzeti ilə Anar Mahmudoğlu Redaktorlar Birliyinə müraciət etdi. Redaktorlar Birliyi məsələni müzakirəyə çıxardı və YAP İcra Katibi Əli Əhmədovun şikayət etdiyi yazını ekspertizaya göndərdi. Mərəkə də o zamandan başladı. MŞ Redaktorlar Birliyinin bu davranışlarından razı qalmadı və inzibati cəzalandırma yolunu tutdu.

Aradan qısa zaman keçəndən sonra birdən-birə Əflatun Amaşovun təqdimatında məlum oldu ki, «Azadlıq» qəzeti haqqında sən demə, xəbərdarlıq qərarı çıxarılmayıbmış. Bunu Əflatun Amaşov özü söylədi və «Azadlıq» qəzetinin qərar tələbini geri çevirdilər. Sonra məşum 19 sentyabr qərarında mətbuata açıqlandı ki, «Azadlıq» qəzetinə təkzib vermək tövsiyə olunub. İşi bununla kifayətlənmiş hesab etdik. Redaktorlar Birliyinin üzərinə gəlməsindən sonra Mətbuat Şurası almadığı, amma şifahi verdiyi qərarı geri oxumuş, sonra bunu tövsiyə ilə əvəzləmişdi. Zatən ayın 19-dan sonra mətbuat «Xural» qəzeti və onun ətrafında yaradılan qovğanı müzakirə etməyə başlamışdı.

Budur, dünən Kəmaləddin Heydərovla Vüsalə Mahirqızının birlikdə çıxardıqları və Mətbuat Şurasının qara xəbərlərinin yayımlandığı məzarıstanlığa çevrilən lent.az portalında Mətbuat Şurasının bu qərarı haqqında ətraflı məlumat verilib. Sən demə, Mətbuat Şurası qərar verib ki, «Azadlıq» qəzeti təkzib versin və bu təkzib dərc olunsun. Ya da partiyanın hansısa yazısını dərc etsin.

Mətbuat Şurası bu qərarla özünü məhkəmələrin yerinə qoyub və növbəti pis bir presedent yaradıb. Hələ qərarı Əli Əhmədovun ayağına kimi aparmaqla və partiyada ona təqdim etməklə lap gül vurublar. Deməli, belə çıxır ki, indən sonra məhkəmələrə ehtiyac qalmır. Daha hansısa məmur-oliqarx heç bir məhkəmə qapısı döymədən elə Şuranın qara qapısını döyəcək və burada oturan qara ruhlu adamların qara qılığından girərək qara qərarlar aldıracaq və bu da qara məhkəmə qərarlarının yerinə keçəcək.

Qarşıdan Diffamasiya haqqında qanunun qəbulu gəlir. Bunlar onsuz da son illərdə 147, 148-ci maddələrlə jurnalist tutmayıblar. Bunlar şərləməyə keçiblər. İndi şərləmənin də işə keçmədiyini anlayıblar. Amma nə etməli, dünya da üzərlərinə yeriyir? Deməli, bunlar şərləməni də artıq Mətbuat Şurası ilə əvəz etmək niyyətindədirlər. Yəni sivil qanunların gəlməsi, ya da qəbul olunması bunlara təsir etməyəcək. Hədəfdə müstəqil tənqidçi mediadır və bu tənqidçi medianı susdurmaq üçün Mətbuat Şurasından uyğun vasitə ola bilməz. Dünyanın harasında bu qədər könüllü əsir düşmüş mətbuat adamı tapmaq mümkündür?! Mübaliğəsiz demək olar k, heç bir yerdə. Maşallah, hamısı da dövlət qəzetlərinin təsisçiləri. Aralarında artıq vicdanlı adam da qalmayıb.

Heeyyy, mətbuat adamları, siz əlinizi əlinizin yanına salıb oturarsanız, beləcə qara qüvvələr hər yerə hakim olar. Artıq o yerə gəlib çatmışıq ki, müstəqil jurnalistin köşə yazılarına da yasaqlar gətirilir. Bununla da bəh-bəhlə ləğvindən danışdıqları sensura bərpa olunur.

Dünən bizdə idi, bu gün «Azadlıq»da…

Sabah hansı müstəqil qəzetdə olacaq?!

 

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button