Cəmi 45 kilometr qaldı… Zəngəzur dəhlizi razılaşması lap yaxında!

Baş nazirlərin müavinlərinin görüşündə mühüm nəticələr əldə edilib, İrəvan koridorun açılmasının qaçılmaz olduğunu qəbul etməkdədir, sülh sazişinə qədər kommunikasiyalar işə düşə bilər.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə ötən həftəsonu keçirilən üçtərəfli İşçi Qrupunun iclasında mühüm hesab olunacaq anlaşma əldə edildiyi açıqlanıb.

İclas mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli görüşündə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə təşkil olunmuşdu. “Yeni Müsavat” qeyd edir ki, Overçuk görüşün yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Görüş konstruktiv şəraitdə keçib. Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. Xüsusilə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu tikiləcək"

Yada salaq ki, 2021-ci il dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşərək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılaşmanı təsdiqləyiblər. Paşinyan dəmir yolunun beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun fəaliyyət göstərəcəyini bildirib. Hələ ilyarım əvvəl Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun 45 km-lik hissəsini bərpa etməyi vəd etmişdi. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirmişdi ki, ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolunun Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edəcək. Ermənistan ərazisindən keçən həmin hissənin uzunluğu ümumilikdə 45 km-ə yaxın olacaq, dəmir yolunun ümumi uzunluğu isə təqribən 340 km-dir.

Ermənistanın baş naziri Nikol Paşinyan da bir neçə dəfə bu layihəni gerçəkləşdirəcəyini vəd edib. Paşinyan “Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir” deyib. Baş nazirin müavini Mqer Qriqoryan isə hökumətin iclasında məlumat verib ki, “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacaq. “Biz operatorla sıx əlaqələr və əməkdaşlıq qurmalıyıq ki, yolun tikintisi başa çatandan dərhal sonra işə salınsın. ”Rusiya Dəmir Yolları”  bu sferada dünyada ən ciddi təşkilatlardan biridir”, – Qriqoryan deyib.

Ekspertlər dəmir yolu, əslində isə Zəngəzur dəhlizi layihəsinin reallaşmasını çox vacib hesab edirlər. Çünki region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması həm də Zəngəzur dəhlizinin reallaşmasından asılıdır. Bu və digər bir çox layihənin reallaşması iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasını da sürətləndirəcək. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Razılaşma gerçəkləşərsə, bu, sülh sazişinin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab olunur. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlıdır və görünən budur ki, Bakının haqlı mövqeyini İrəvan da qəbul edir.

Bu fonda onu da qeyd edək ki, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət Azərbaycan üçün logistika və tranzit baxımından yeni imkanlar yaradıb. Bu imkanlar coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək potensialını daha uğurla reallaşdırmasına gətirib çıxaracaq. Postmüharibə dövründə yükdaşıma və nəqliyyat sahələrinin inkişafına şərait yaradacaq mühüm marşrutlardan biri Zəngəzur koridorundan keçəcək. Zəngəzur dəhlizi yeni vacib nəqliyyat xətti olmaqla yanaşı, regional və perspektivdə daha geniş miqyasda əməkdaşlıq əlaqələrinin yaradılması baxımından son dərəcə mühümdür. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi önəm və imkanlarını daha da artıracaq. Bu da regionda davamlı sülh və tərəqqi üçün vacib əhəmiyyət kəsb edir. Bunu artıq Ermənistanda mövcud hakimiyyət qəbul etməyə başlayıb. O zaman Ermənistan bu anlaşmanı nə qədər yubadacaq? Rusiya bu layihənin işə düşməsində maraqlı olduğu üçün sülh sazişinə qədər koridorun işləməsi mümkündürmü? Ancaq bu məsələ İrəvanın “əmması” var – dəhliz statusu olmamalıdır və erməni gömrükçüləri yükləri yoxlamalıdırlar, qalan aspektlərdə hər hansı razılaşdırılmayan mövzu yoxdur. Bəs iqtisadçılar, mütəxəssislər necə düşünür?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, sülh müqaviləsinin tezliklə imzalanmasını gözləmir. Partiya sədrinin fikrincə, bölgədə gedən siyasi proseslər qısa vaxtda sülh sazişi bağlanması imkanlarının olmadığını ortaya qoymaqdadır. Bununla belə, A.Əlizadə istisna etmir ki, sülh sazişinə qədər nəqliyyat kommunikasiyaları açıla bilər: “Bu gözləniləndir, xüsusən də dəmir yolunun bərpası gündəmdədir. Son görüşlərdə ilkin razılaşmaların olduğu haqda məlumatlar gəlməkdədir, habelə hökumətlərarası danışıqlarda da müəyyən anlaşmalar əldə edilib. Ona görə bu yolların bərpası həm sülh sənədi imzalanması prosesinə təkan verə bilər, həm də Ermənistan üçün bir şansdır ki, yola özləri nəzarət etsin”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Onun sözlərinə görə, sənəddə olan razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə xidməti dəhlizi kontrol etməlidir: “Amma Laçın yolunda nəzarət mexanizmi qurmağımız ermənilərə imkan verir ki, ruslardan bu yolu qoparıb özləri nəzarət etsinlər. Əslində İrəvan fərqindədir ki, bu yolların açılması ilə iqtisadi cəhətdən qazanc götürəcək. Hətta ən çox gəlir əldə edən Ermənistan olacaq. Ona görə sülh sənədinin imzalanmasına qədər nəqliyyat kommunikasiyalarının açılması daha real görünür. Əvvəlcə dəmiryol, sonra avtomobil yolunun açılması gözlənilir”.

“Bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir”. İqtisadçı ekspert Natiq Cəfərli belə hesab edir. Onun sözlərinə görə, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir: “Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycanın bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı. Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu, bizim məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi – son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu. Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı. Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir – Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi”. N.Cəfərlinin fikrincə, nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır: “Yəni İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcək. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button