“Cavid Qurbanovun yaxınları adam tutdurmaqla məşğuldur?!”

Şikayətçi Baş Prokuror Kamran Əliyevə müraciət etdi: "Qardaşı Baş Prokurorluğun səlahiyyət sahibidir deyə, istədiklərini edəcəklər?"

Babayev Ilkin Əbülfəz oğlu bir ildir ki, törətmədiyi cinayətə görə həbsdə saxlanılır.  Bu iddia ilə onun anası Solmaz xanım Zeynalova redaksiyamıza müraciət edib.

Onun sözlərinə görə, ortada olan cinayətin motivi odur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğlu, Baş Prokurorluğun məsul əməkdaşı olan Nicat Şəmşirovun qardaşı  Nahid Şəmşirov yaxın qohumlarının nüfuzundan istifadə edərək, vətəndaşları aldatmış, onlara müəyyən rüşvət müqabilində bəzi işləri görəcəyini vəd edib. Lakin pulu alsa da, dələduzluq edib və heç bir iş görməyib. Bütün cinayəti isə, yaxınlıq göstərdiyi İlkin Babayevin telefonundan istifadə etdiyi üçün onun üzərinə atıb. İstintaq cinayətin tərkibi olan bu faktı görməzlikdən gəlib və nazir müavininin yaxın qohumlarına himayədarlıq edərək, bir insanı heç bir cinayət törətmədiyi halda həbsə atdırıb.

Onu da qeyd etmək vacibdir ki, işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi zamanı zəzərçəkənlər dəfələrlə şikayətlərinin İlkin Babayevlə deyil, məhz Nahid Şəmşirovla bağlı olduğunu bildiriblər. Hiddətdoğurucu məqam odur ki, məhkəmədə hakim Samir Əliyev Nahid Şəmşirovun adının belə çəkilməsinə imkan vermir.

Digər tərəfdən, Nahid Şəmşirov haqqında iş üzrə “təqsirləndirilən şəxs” qərarı verilsə də, o, heç bir cinayət məsuliyyətinə cəlb olunmayıb. Onun haqqında axtarış qərarı verilib. İstintaq qrupu guya onu heç yerdə tapa bilmir. Halbuki, Nahid Şəmşirov Bakıda azad şəkildə gəzir, həyatını yaşayır və heç bir hüquq-mühafizə orqanı tərəfindən “tapılıb”, istintaqa cəlb edilmir.

Solmaz Zeynalova onu da bildirdi ki, dəfələrlə məsələ ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə və digər müvafiq qurumlara etdiyi müraciətlər cavabsız qalıb: “Cavid Qurbanovun qohumu olduğunu bilən kimi, dərhal sükuta qərq olurlar. Belə də istintaq aparılar? Ortada bir cinayət varsa, onu Nahid Şəmşirov törədib, mənim oğlum yox! Qardaşı Baş Prokurorluğun səlahiyyət sahibidir deyə, istədiklərini edəcəklər? Bəs, bu ölkənin qanunları kimin üçündür? Bizim kimi “qurbanlar” tapıb, öz cinayətlərini” üstümüzə yıxmaqla, nə etmək istəyirlər? Belə dövlət idarəçiliyimi olur? Bəs, Baş Prokuror Kamran Əliyev hara baxır? Rəhbərlik etdiyi qurumda bu qədər cinayətkarlıqlar varkən, onu necə əsaslandırmağa çalışır? Bu onun nüfuzuna ləkə deyilmi?”

Solmaz Zeynalova mətbuat vasitəsilə bir daha Baş Prokuror Kamran Əliyevə müraciət edib?

“ Cənab Baş Prokuror!

Sizdən çox xahiş edirəm ki, əməkdaşınız Nicat Şəmşirov öz vəzifə səlahiyyətlərini aşdığı üçün barəsində ölçü götürəsiniz. Onun qardaşı Nahid Şəmşirova himayədarlıq etməsi, istintaqın tamamilə başqa istiqamətdə aparılmasına təsir göstərməsi, bir günahsız insanın – oğlum İlkin Babayevin törətmədiyi cinayətə görə 1 ildir ki, həbsdə saxlanılmasına səbəb olub. Əgər siz ədalətli olduğunuzu və dövlətin qanunlarına, dövlətə xidmət etdiyinizi düşünürsünüzsə, o zaman bu “cinayət işi”nin ədalətli aparılması üçün öz səlahiyyətlərinizdən istifadə edəsiniz və Azərbaycanın hüquqi dövlət olduğu sübut edəsiniz.”

Mövzunu diqqətdə saxlayacağıq.

Məqalədə adı çəkilən şəxslərin də mövqeni dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button