Çovdarov sirləri açır…

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. Aprelin 26-da proses şahid Natiq Hümbətovun ötən iclasda verdiyi ifadə üzrə dövlət ittihamçılarının və vəkillərin suallarını cavablandırması ilə davam etdirildi.

Zərəçəkmiş barədə dələduzluq faktları üzrə başlanmış cinayət işinə xitam verilib

Natiq Hümbətov bildirdi ki, zərərçəkmiş Qədim Ədilov onun köməyi ilə MTN-ə gələrək, guya ona borclu olan adamlar barədə şikayət ərizəsi yazıb və “borclular”ı qaçaqmalçılıqda ittiham edib. Şahidin sözlərinə görə, günlərin birində Q.Ədilov ona müraciət edib ki, borc məbləği ilə bağlı narahatlıq varsa, borc müqaviıləsi bağlana bilər. Xatırladaq ki, şahid zərərçəkmişin ona 360 min dollar borclu olduğunu bildirib.

Şahid qeyd edib ki, təqsirləndirilən Akif Çovdarova qohumluğu çatsa da (Natiq Hümbətov generalın bibisinin nəvəsidir – red.), bu məsələ ilə bağlı ona deyil, tələbə yoldaşı, digər təqsirləndirilən Səlim Məmmədova müraciət edib.Natiq Hümbətov sualları cavablandıraraq bildirdi ki, onu qəbul edən Akif Çovdarov Qədim Ədilov kimi adamlarla ilşbirliyi etdiyi üçün qohumunu möhkəm danlayıb.

“Mən Qədimdən MTN-ə deyil, polisə müraciət etmişəm. Nərimanov Rayon Polis İdarəsinə ərizə vermişəm və mənimlə birlikdə Q.Ədilovun aldatdığı 8 nəfərin ərizəsi üzrə cinayət işi qaldırılıb, hazırkı zərərçəkmiş dələduzluqda ittiham edilib. Lakin sonradan prokurorluq tərəfindən işə xitam verildi”, – Natiq Hümbətov deyib.

Natiq Hümbətov həmçinin məhkəməyə Qədim Ədilovun Xaləddin Yusibova verdiyi etibarnamənin surətini təqdim etdib və bildirib ki, Qədim Ədilov onu aldatdığı kimi Xaləddin Yusibovuda aldadaraq guya Natiq Həsənov adlı şəxsin ona külli miqdarda borcu olduğunu bildirərək borcunu Natiq Həsənov adlı şəxsdən alacağı təqdirdə həmin puldan özünün Xaləddin Yusibova olan borcunu verəcəyini deyib.

Onu da qeyd edək ki, Qədim Ədilov əvvəlki məhkəmə iclaslarında Natiq Hümbətovun ondan Natiq Həsənovda olan pulunu alması üçün etibarnamə verməsini zorla tələb etdiyini və özünündə həmin etibarnaməni məcburən Natiq Hümbətova verdiyini deyirdi. Bununla bağlı vəkillər tərəfindən zərərçəkmişə sual verilərək Xaləddin Yusibovunda ondan etibarnaməni zorla alıb-almadığı soruşuldu, zərərçəkmiş Natiq Hümbətovdan fərqli olaraq Xaləddin Yusibova etibarnaməni könüllü verdiyini bildirdi. Onu da qeyd edək edək ki, dindirilən şəxslərin ifadələrindən məlum olub ki, Natiq Həsənov adlı şəxsin zərərçəkmiş Qədim Ədilova ümumiyyətlə heç bir borcu olmayıb.

Xeyli vaxtdır qardaşımdan xəbər yoxdurmənə borcu vardı…”

Məhkəmədə baxılan epizod üzrə şahid qismində ifadə verən Adil Nəsibov çıxışına başlayar-başlamaz bildirdi ki, o, əslində, şahid deyil və baş verənlərlə bağlı heç bir məlumata malik deyil.

Dövlət ittihamçısının və vəkillərin suallarına cavab verərkən A.Nəsibov qeyd etdi ki, zərərçəkmiş Qədim Ədilovun ona 180 min dollar borcu olduğunu iddia etdiyi, taxta alveri ilə məşğul olmuş İlham Nəsibovun qardaşıdır. “Xeyli vaxtdır ki, qardaşımdan xəbərim yoxdur. Bilirəm ki, sağdır, amma harada olduğunu deyə bilmərəm. Mənə də borcu var idi, ona görə də, küsülü idik. Harada olduğunu bilmirəm”, – şahid deyib.

Zərərçəkmiş Qədim Ədilov şahidin nəzərinə çatdırıb ki, 180 min dollar pulunu almaq üçün İlham Nəsibovun evinə gəldiyi vaxt polis işçisi olan Adil Nəsibov onu təhqir edib və zorla həmin evin qapısından qovub. Buna cavab olaraq şahid qeyd etdi ki, polis işçisi olsa da, Qədim Ədilova gücü çatmazdı, çünki o vaxtlar zərərçəkmiş cangüdənləri ilə birlikdə hərəkət edirdi. “Mən qardaşımın evinin qapısında nə edirdim ki, səni də orada görüm?” – şahid zərərçəkmişə sualla müraciət edib.

Şahid “Miraj-85” MMC-nin iflasının səbəblərini açıqladı

Şahid qismində ifadə verən Orxan Ağakişiyev bildirdi ki, zərərçəkmiş İntizam Ağakişiyevin qardaşı oğludur. O, əvvəllər fəaliyyət göstərmiş “Miraj-85” MMC-nin, hazırda isə İntizam Ağakişiyevin təsisçisi olduğu “Planeta” MMC-nin əməkdaşı olduğunu dedi.Vəkillərin “Miraj-85”MMC fəaliyyətini niyə dayandırdı?” sualına cavab olaraq, şahid şirkətin gömrüklə və bank kreditləri ilə bağlı problemlər üzündən maliyyə çətinlikləri ilə qarşılaşdığını və bu səbəbdəndə malı vaxtınfda müştərilərə çatdıra bilmədiyi üçün bazarda nüfuzunu itirdiyini qeyd etdi.Zərərçəkmişin iclasda iştirak edən nümayəndəsi şahidə yönəldici suallarla müraciət etsə də, O.Ağakişiyev şirkətin iflasına səbəb kimi iddia edilən MTN-in onlara göstərdiyi təzyiq barədə danışmadı.

Keçmiş MTN əməkdaşı: “Müstəntiq mənə dedi ki, sən də gedəcəksən Çovdarovun dalınca”

Məhkəmədə şahid qismində ifadə verən keçmiş MTN əməkdaşı Rövşən Ədilov bildirdi ki, o, zərərçəkmiş Qədim Ədilovu MTN-in inzibati binasının girişində qarşılayıb, general Akif Çovdarovun kabinetinə ötürüb və sonra da yola salıb. Şahid qeyd etdi ki, istintaqa ifadə verdiyi zaman müstəntiq tərəfindən ona təzyiqlər olub və “düzgün” ifadə verməyəcəyi təqdirdə ona üzləşə biləcəyi aqibətdən danışıb. “Mənə bildirildi ki, ifadə verməsəm, məni də Akif Çovdarovun dalınca göndərəcəklər. Onlara artıq məlum idi ki, mən A.Çovdarovun oğlu Ruslan Çovdarovla dost olmuşam. Hətta sual da verdilər ki, MTN-ə nə qədər pul verib işə düzəlmişəm”, – şahid bildirdi.

“Nə danışırsınız? Orada kimsə qışqırsaydı bütün MTN eşidərdi…”

Vəkillərin ona ünvanladığı “Qədim Ədilovun Akif Çovdarov tərəfindən döyülməsi ilə bağlı iddiası barədə nə deyə bilərsiniz?” sualını şahid belə cavablandırdı: “Nə danışırsınız? Orada kimsə qışqırsaydı, bütün MTN eşidərdi. Akif müəllim kiminləsə telefonla danışanda, biz divarın bu tərəfində eşidirdik”.

Şahid Rövşən Ədilov çıxışında bildirdi ki, onlar Cəbrayıl adlı MTN əməkdaşı ilə birlikdə Qədim Ədilovun yaşadığı binanın qarşısında onu gözlədikləri zaman Qədim Ədilov evdən yanındakı çıxıb adamla birlikdə avtomaşına minən zaman bir nəfər orta yaşlarda kişi Qədimə yaxınlaşlaraq ondan pulunu tələb etməyə başlamış və Qədim Ədilovla həmin şəxs arasında mübahisə olmuşdur. Onlar ilik öncə həmin şəxsin getməsini gözləsələrdə, lakin sonradan mübahisənin uzandığını görərək o, Qədim Ədilova yaxınlaşıb özünü təqdim edərək onunla birlikdə MTN-nə getməli olduğunu bildirib.

Şahid həmçinin bildirdi ki, Qədim Ədilov mübahisə etdiyi şəxsin əlindən yaxasını qurtardığı üçün MTN-nə getdiyinə görə hətta sevinmişdir. Şahid Qədim Ədilovun zorla əlindən alınması barədə sualına cavab olaraq bildirdi ki, “Qədimin telefonunu heç kim əlindən almayıb. Maşını özü sürürdü və bütün yolu telefonla danışırdı. Hətta buna görə QAİ-də (yol patrul xidməti) onu saxladı. Onda MTN-nin hörmətli vaxtları idi, düşdüm xahiş elədim Qədimi buraxdı”.

Qeyd edək ki, Rövşən Ədilovun dedikləri əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaləddin Yusibovun dedikləri ilə üst-üstə düşür. Belə ki, Xaləddin Yusibov məhkəmə iclasında verdiyi ifadəsində Qədimdən pulunu almaq üçün səhər tezdən onu yaşadığlı binanın qarşısında gözlədiyini, Qədim binadan çıxdıqdan sonra avtomaşına minən zaman ona yaxınlaşaraq pulunu tələb etdiyini və aralarında mübahisə gedən zaman bir nəfər şəxsin Qədimə yaxınlaşaraq MTN əməkdaşı olduğunu və onunla nazirliyə getməli olduğunu dediyini bildirmişdi.

Şahid Rövşən Ədilova dövlət ittihamçısı sual verərkən, təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibovla prokuror arasında qarşılıqlı təhqirlərlə müşaiyət olunan mübahisə yarandı. Bu səbəbdən iclasda fasilə elan edildi.

Zərərçəkmişlə vəkilin mübahisəsi və daha bir qalmaqal

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, fasilədən sonra məhkəmənin ikinci hissəsinin başlamasına az qalmış daha bir dava düşdü. Bu dəfə vəkil Cavid Rzazadə ilə baxılan epizod üzrə mübahisə edən zərərçəkmiş Qədim Ədilov tonunu qaldıraraq vəkilləri təhqir etdi: “Görəsən, vəkillər şərəflərini neçəyə satır?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button