Dəlinin min bir halı

Arzu Abdulla
arzuabdulla@rambler.ru

Orada, Novruzəligilin evində qalan tənqidimiz

Əvvəlki yazımda tənqidçi çatışmazlığına toxunmuşdum. Yazını oxuyan bərkgedən bir tənqidçi mənə “qərəzli” münasibətimə görə irad tutdu. Guya Azərbaycanda əməlli-başlı ədəbi tənqid var imiş. Gənc yazar Əsəd Qaraqaplanın isə “Halroman”ının ikinci hissəsi “Xilasroman”ı da çapdan çıxdı. O, bu dəfə adi adamın gündəlik qayğılarından, maddi problemlərindən, şəxsi münaqişə və münasibətlərindən, bir sözlə, adilikdən xilas olmanın yollarını arayır. Bu, əslində böyük qurtuluşdur. Adam qəflət yuxusundan oyanıb, möhkəm silkinir və ÖZÜnə baxır, MƏNini axtarır. MƏNlə adamın üz-üzə qaldığı anlar əsərdə xüsusilə maraqlı alınıb. İnsan haldan-hala düşüb, bu hallardan qurtulmağa çalışır və qurtulur da. Bu zaman o, SAVAŞa qalxır. Adam adilikdən xilas olan anda İNSAN olduğunun fərqinə varır. Bu, yaxşı haldır. Yaxşı olmayan hal isə yazarın əslində qəhrəmanını xilas etməyə çalışdığı zaman özünün bu adilikdə ilişib qalmasıdır. Görünür, Qaraqaplan hələ də sözün tam mənasında özünü xilas edə bilməyib. Yazar üçüncü kitabı “Savaşroman”ı yazacağını deyir.

Yaxşı olmayan ikinci hal da var. Bu isə Azərbaycan ədəbiyyatının müasir dövrdə tənqidçi problemidir. Söyləmişəm, yenə təkrarlayıram, bizim ədəbi tənqidçiyə böyük ehtiyacımız var.

Çünki üzdəki üç-beş tənqidçimiz də işin öhdəsindən gələ bilmirlər. Elə götürək, tənqidşi Əsəd Cahangiri. Zəngin mütailəsi, həddən artıq zəhmətkeşliyi bu insana əsl tənqidçi olmaq imkanı versə də, o, bundan vaz keçir. O, yaxşı tənqidçi olmaq üçün yazar Əsəd Qaraqaplan demiş, qurtulmalı və savaşmalıdır. Təbii, Əsəd Cahangir canındakı qərəzdən və kindən qurtulmalıdır. Ancaq bu qurtuluş onu əsl tənqidçi kimi savaşa hazırlaya bilər.

Əsəd Cahangirin adını fərqli və istedadlı olduğu üçün çəkdim. Yuxarıda dediyim kimi, Əsəd Cahangir və onun həmkarları hələ də uzaqda, lap uzaqda, Novruzəligilin evində qalıb. Ordan dünyaya çıxmağın bir yolu var – qurtulub savaşa çıxmaq.
Və gəlin görək, kimdən və nədən qurtulmalıyıq?

Öncə “o, sənin atının gözünü çıxarıb, sən də onun atının gözünü çıxar” mərəzindən uzaqlaşaq. Bu mərəz üzdə olan yazarların əksəriyyətində var. Bu, bizim bəlkə də milli problemlərimizdən biridir. Bizlər tənqidi qəbul edə bilmirik. Siyasətçimiz də, yazarımız da, qəzet redaktorumuz da tənqidə qərəzlə yanaşır.

Yadımdadır, Qaz Emalı zavodunun keçmiş direktoru Hüseynbala Mirələmovun “Hesab çatıb” hekayəsini tənqid etmişdim. O neyləsə yaxşıdı? Mənim haqqımda gündəlik qəzetlərdən birində bir səhifəlik çirkabla, təhqirlə dolu yazı yazdırdı. Özü də saxta imzayla. O zaman o, hələ keçmiş direktor deyildi, qılıncının hər üzü kəsirdi, bəzi üzdəniraq tənqidçilər onu az qala dahi etmişdilər. Əsərləri müxtəlif dillərə tərcümə olunurdu. İndi keçmiş direktor yaddan çıxıb, nə müsahibə götürən var, nə də “tənqid” edən.

Bizdə əslində tərif var. Məsələn, Əsəd Cahangir ötənlərdə gənc yazarlardan birinin kitabı haqqında qəzetin üç səhifəsi tərif yazmışdı. Bu isə tənqid deyil, palatka toylarında oxunan bəybaşıdı: “Göylərdə görünür Talıbın danası, gəlib xalat versin, bəyin xalası”.

Ümumiyyətlə, Əsəd Cahangir yazılarında xeyli terminlər işlətməklə, onlarla xarici yazarın və onların əsərlərinin adını çəkməklə özünün “qeyr-adiliyini” sərgiləmək istəyir. Əslində bu, kimin üçündü? Bu da Novruzəliliyin əlamətidi. Axı Novruzəli heç vaxt özü ola bilmir. O, özünün kim olduğunu kütlədən, özü də cahil kütlədən soruşmaqla məşğuldur.
Şouxanamızla ədəbiyyatımız bir-birinə çox bənzəyir. Şouda üzdəniraq jurnalistlər pul alıb səyin birini “ulduz” etdikləri kimi, tənqidçilər də qəfil hansısa bir mənasızdan “yazar ulduz” düzəldirlər. Bu zavallı, əldəqayırma ulduzun işığını isə heç kim görmür. Heç özü də. Bir sözlə, bizim ədəbi tənqidimiz hələ Novruzəligilin evindəki haldadır. Bu haldan qurtulmamız isə müşkül məsələdir.

…Hələ SAVAŞA çox qalıb, lap çox…

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button