“Dərin iqtidar”ın yeni baş naziri kim ola bilər?!

Taleh Şahsuvarlı

Oktay Əsədov, Rövnəq Abdullayev, yoxsa Kəmaləddin Heydərov?

Virtual sorğularda dəqiqlik prinsipini qorumaq mümkün olmadığından sosioloji araşdırmaların sonuclarına bel bağlamaq çox da doğru deyil. Odur ki, axar.az portalı olaraq bu günəcən Oxucularımızın rəyini öyrənmək üçün qoyduğumuz bütün suallara verilən cavablara interaktiv əlaqə kimi yanaşdıq. Bəzən PR məqsədi də güddük, bəzən qoyduğumuz sualla siyasi proseslərin hansısa cəhətinə istehza da etdik. Amma son sorğumuza münasibətimiz kifayət qədər ciddi idi. 19 gün ərzində cəmi-cümlətanı 104 nəfərin qatıldığı sorğuda Oxucularımız ölkənin Artur Rəsizadədən sonrakı baş nazirliyinə kimi layiq bildiklərini açıqlayıblar.

Məsələnin sosioloji tərəfindən daha çox, siyasi tərəfləri ilgincdir.

Yəni, sorğuda 2, 3 və 4-cü yerləri tutan Qüdrət Həsənquliyev (18.3%), Qubad İbadoğlu (13.5%), Pənah Hüseyn (12.5%) kimi isimlərin növbəti baş nazir olması, hətta nəzəri baxımdan da ciddi ehtimal deyil.

Bu posta iddia edənlər, yaxud prezident İlham Əliyev tərəfindən Baş nazir təyin edilə biləcək fiqurlar arasında daha çox üç nəfəri diqqət mərkəzində saxlamağa lüzum var.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və Milli Məclisin spikeri Oqtay Əsədov indiki şərtlər daxilində Baş nazir kreslosuna daha yaxın görünürlər.

Siyasi kuluarlarda dolaşan söhbətlərə görə, Milli Məclisin sədri Oqtay Əsədov Baş nazir təyin ediləcək, parlament sədri kreslosunu isə BDU-nun rektoru Abel Məhərrəmov tutacaq.

Abel Məhərrəmovun spiker postuna hazırlaşdığını sezməmək mümkün deyil.

BDU-da prorektorları və dekanları dəyişdirməsi, kütləvi informasiya vasitələrini diqqət mərkəzində saxlaması, cəmiyyətə verdiyi mesajlarda pozitiv münasibət qurmağa meylli görsənməsi rektorun gələcəyə hesablanmış və ölçülü-biçili addımlar atdığını göstərir.

Bir zamanlar Murtuz Ələsgərov da spikerliyə məhz BDU-nun rektoru postundan gətirilmişdi və prezident Abel Məhərrəmovun Oqtay Əsədovun yerindən dəbərdilməsini gözləməsini əbəs saymağa imkan vermir.

Üstəlik, İsa Qəmbərdən sonrakı bütün spikerlər ya tamamilə, ya da xeyli dərəcədə Qərbi Azərbaycan seqmentinə xitab edən fiqurlar olublar və hazırda Abel Məhərrəmovun həmin seqmentin daxilində kifayət qədər yaxşı nüfuzu var.

Əsas sual Oqtay Əsədovla bağlıdır.

Oqtay Əsədov sıradan çıxarılır, yoxsa baş nazir postuna gətirilir?

Şanslar yarıbayarı görünür.

Bir kərə, Baş nazir postuna ondan daha hazır və iddialı fiqurlar var.

Lakin Baş nazir postuna ondan daha hazır və iddialı fiqurları yaxın buraxmamaq üçün hakimiyyət içində güclü qruplar şansın Oqtay Əsədovun üzünə gülməsinə şərait yarada bilərlər.

Hər halda yeni postda Oqtay Əsədov Artur Rəsizadədən parlaq, ötkəm və iqtidardaxili ziddiyətləri qızışdıran fiqur olmayacaq. Onun “səhhət”ini istənilən zaman “xarab etmək”, istənilən zaman “müalicəyə göndərmək”, istənilən zaman vəzifəsinə qaytarmaq mümkündür.

Amma Oqtay Əsədovun elə MM sədri postundaca digərləri tərəfindən sıradan çıxarılmaq ehtimalı da yetərincə güclüdür.

Portalımızın sorğusunda ona səs verən bir kimsənin olmaması ondan xəbər verir ki, Oqtay Əsədovun media ilə ilişgiləri çox aşağı səviyyədədir, Oxucular onun baş nazir olmasından daha çox, “vurulacağına” inanırlar – bu barədə mətbuatda çox yazılıb.

Oqtay Əsədov hazırda jurnalistlərin “cəsarət göstəri”si üçün qurbanlığa çevrilib, əlinə qələm alan iqtidardan qorxmadığını, yüksək ranqlı fiqurları tənqid edə biləcəyini sərgiləmək üçün “aciz adam” olaraq onun ünvanına döşəyirlər.

Bu baxımdan, Rövnəq Abdullayev öz işini daha yaxşı qurmuş kimi görünür.

Hələ bir müddət öncə Dövlət Neft Şirkətində çalışan yaxın adamı vasitəsilə Rövnəq Abdullayevin mətbuatla əlaqələr qurması barədə xəbərlər yayılmışdı.

Rövnəq Abdullayev ARDNŞ prezidenti postunda İlham Əliyevin ən etibarlı kadrlarından biri və Qərblə yaxşı əlaqalərə malik olmaqla, Baş nazir səlahiyyətlərini əldə etməyə olduqca yaxın görünür.

Nitqində qüsurlar var, xarici görünüşünə görə xarizmatik deyil, açıq debatlarda asanlıqla əzilə bilər – bütün bunlar isə Rövnəq Abdullayevi “prezidentlik xəyalları”na dalmağa qoymur ki, belə saqıncalı fiqurlar istənilən birinci şəxsə parlaq görünmək və rahat fəaliyyət göstərmək baxımından sərf edir.

Sorğumuzda 6.7% dəstək qazanaraq autsayderlər arasında olan Rövnəq Abdullayev, həm də naxçıvanlıdır və YAP dönəmində bu vəzifə elektoratın məhz bu seqmenti üçün “nəzərdə tutulub”.

Hakim elitanın tərkibinə nəzər saldıqda “dərin iqtidar” deyə biləcəyimiz beş nəfərlik bir konseyin mövcudluğundan söz aça bilərik.

İlham Əliyev, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Bəylər Əyyubov, Vasif Talıbov…

Əgər bu konsey 5 yox, 7 nəfərdən ibarətdirsə, o zaman tərkibə Rövnəq Abdullayev və MTN-nin şefi Eldar Mahmudov da daxildir – hərçənd bu təqdirdə, son iki şəxsin “məşvərətçi səs”ə malik olduğu şübhəsizdir.

Prezident təyinat məsələlərində təbii ki, sahibi-ixtiyardır, ancaq…

Açıqdan-açığa görünür ki, Rövnəq Abdullayevin Baş nazirlik söhbətinin açılması Kəmaləddin Heydərov, Bəylər Əyyubov, Vasif Talıbov tərəfindən sıcaq qarşılanmır.

Onların hər üçü ata və oğul Əliyevlər üçün “dar günlərin adamı”dır.

Dar günlərin adamlarının Azərbaycanda hakimiyyətin gələcəyini təmin edən bir posta, o zamanlarda, millət vəkili Qüdrət Həsənquliyevin təbirincə desək, “şofer” olmuş şəxsin gətirilməsinə qarşı çıxması tamamilə təbiidir.

Bəylər Əyyubov və Vasif Talıbovun baş nazirlik həvəsinə düşməyəcəyini göz önünə alanda, bu posta ən real namizəd Kəmaləddin Heydərov görünür.

Axar.az portalının sorğusunda ilk yeri tutan da elə Fövqəladə Hallar naziridir.

Kəmaləddin Heydərov “fövqəlnazir” hesab olunmaqla ictimai rəydə faktiki olaraq Baş nazir kimi qəbul olunur.

Ona yaxın olan xeyli sayda deputat, partiya və KİV var.

Fövqəladə Hallar Nazirliyini sıfırdan yaratmaqla və nazirliklərin qeyri-rəsmi iyerarxiyasında yüksək prestijini formalaşdırmaqla dövlət idarəetməsində özünü təsdiqləmiş fiqurdur.

Lakin Kəmaləddin Heydərovun cəmi bir halda Baş nazir təyin edilmək ehtimalı var.

Ölkədə real siyasi, iqtisadi və sosial islahatlar başlanarsa…

Real siyasi, iqtisadi və sosial islahatlara başlamaq üçün İlham Əliyevə baş nazirlik postunu, dolayısı ilə, öz hakimiyyətini birmənalı şəkildə möhkəmləndirmək və arxayınlaşmaq lazımdır.

Bu möhkəmliyi iqtidarda və bu arxayınlığı prezidentdə nə Oqtay Əsədov, nə də Rövnəq Abdullayev yox, ancaq Kəmaləddin Heydərov yarada bilər.

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button