Dəyişikliyi 2 milyonluq saat deyil, zaman saatı diktə edir!

Azərbaycanda saatlar birmənalı olaraq indiki hakimiyyətin əleyhinə işləyir. Başqa cür olması da imkansız. 26 il bir ölkəni oğurluq və korrupsiya bataqlığında çürüdüb, polis rejimi ilə idarə etməyin sonu necə olmalıdı ki? Hakimiyyət sarayındakı bütün saatlar inqilab vahiməsi ilə vurur. Onun nə vaxt, necə başlayacağını kimsə bilmir. Amma hər kəs payızda ölkəni etiraz dalğasının bürüyəcəyi qənaətindədir. Bu qədər təbəqələşmə, ayrı-seçkilik, diskriminasiya çox olmadımı? Gördüklərimiz etiraz dalğasının çoxdan bu sistemi süpürüb atmalı olduğuna işarə edir. Az zaman deyil, 26 il saatları zor-xoş öz xeyirlərinə işlətdilər. Milyardları ölkədən daşıyıb övladlarına miras yığdılar, vəzifələri ailələrinin komfortu üçün istismar etdilər. Neftdən gələn pulları şəxsi şirkətlərinin qazancı kimi sağa-sola xərcləyib, axırına çıxdılar. Ölkəni “kim daha qoçaq oğrudur” prinsipi ilə talayıb xaraba qoydular. Dövlət Neft Şirkətinə rəhbərlik edən şəxsin 25 yaşlı oğlu qol saatlarına 25 milyon manatdan artıq pul xərcləyir. Xarici səyahətdə 2 milyonluq saatı oğurlananda da ona heç “qaşın üstə gözün var” deyən olmur. Nə məmləkətdir, nə yerdir, nə viranədir, qardaşım, belə? Yoxsulluqdan, ehtiyacdan dizi yerə gələn insanların haqqını hakimiyyəti ələ keçirmiş bir dəstə oğru yeyib, özlərinə də qan qusdurur.

İşsiz gənclər ordusu və saatlara 25 milyon xərcləyən məmur oğlu

Ölkədə yüz minlərlə işsiz var. Rəsmi statistika Azərbaycanda işsizlik səviyyəsini çaşdırıcı rəqəmlərlə təqdim etsə də, əsl həqiqət başqadır. Rəsmi mənbələr bir yandan ölkədə 33 minə yaxın işsiz statusu alanların olduğunu deyir, o biri yandan 252 mindən çox işsiz olduğunu bildirir. Açıqlamaya görə məşğul əhalinin 3 milyondan çoxu bölgələrdə yaşayır və torpaq sahəsinə malik insanlar işsiz hesab olunmadığına görə rəqəmlər belə fərqlənir. Absurd açıqlamadır, torpaq sahibi olmaq niyə iş sahibi olmaq anlamına gəlir ki? Bəlkə heç o adamın torpağı əkib-becərmək üçün fiziki imkanı yoxdur? Statistikaya inansaq, bu gün ölkədə 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir. Bu, ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Amma hər kəs bilir ki, real rəqəm rəsmi elan olunandan xeyli böyükdür. Özünüz çevrənizdə müşahidə aparmaqla da buna əmin ola bilərsiniz. Yaxınlarda sosial şəbəkədə Rəşad Abdullayevin bahalı saatları ilə bağlı bir müzakirənin şahidi olduq. Yüzlərlə gənc oğurluqla bağlı rəy yazıb, fikirlərini bildirmişdi. Fikir bildirənlərin böyük əksəriyyəti işsiz və təhsil haqqını ödəyə bilməyən gənclər idi. Onlar parlamenti və ölkə başçısını ittiham edərək, SOCAR-ın prezidenti ilə bağlı ölçü götürməyə çağırırdılar. Neftdən xalqa çatan pulları bu adamlara kim yedizdirir? Bu qədər cinayət içində olan adamları kim qoruyur? Bir məmurun oğlu 2 milyonluq saat gəzdirib, onu oyuncaq kimi oğurladırsa, biz niyə ali təhsil diplomu ilə illərdir işsiz gəzirik? Niyə biz təhsil haqqımızı ödəyə bilmədiyimizə görə universiteti yarımçıq buraxmalıyıq? Rəşad Abdullayev hansı işin sahibidir ki, Türkiyədə avtoşluq edir, burda isə xalqa 250 manatı minnətlə verirsiniz? SOCAR-ı bu adamlar özəlləşdiriblərsə, açıqlayın, xəbərimiz olsun. Saat oğurluğu ilə bağlı paylaşımın altında yüzlərlə belə rəy var. İnsanlar kar və kor deyil, çılpaq həqiqətləri hər kəs yaxşı görür daha. Ölkəni fəlakət həddinə çatdırdığınızın fərqində olmayan təkcə siz kreslodan bərk-bərk yapışıb oturan məxluqlarsınız. Bu qədər soyğunçuluq bəs olmadımı?

Doğrudan da, hakimiyyətdə oturanların gözü zamanın onların tam əleyhinə işlədiyini görməyəcək qədər kor olub. Kreslo, pul, sərvət hərisliyi bağlayıb adamların gözünü. Ayılanda yığdığınız milyonların sizi xilas edə bilməyəcəyi yerdə görəcəksiniz özünüzü. Qarşıdan on minlərin yüksələn böyük etiraz dalğası gəlir. Sonsuz narazılıqdan doğan o dalğanın qarşısını ala biləcək güc yox. Bu ölkədə dəyişikliyi sizin satın aldığınız 2 milyonluq saatınız deyil, zaman saatı diktə edir artıq!

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button