Daha «Körpü yolun bir hissəsi» deyil

 Kəmaləddin Heydərova, Qüdrət Həsənquliyevə, Bəxtiyar Sadıqova nə olub?!

 Hacıqabul-Bəhramtəpə yolundakı körpünün ayda bir dəfə üsyana qalxmasından iqtidar bir yana, mən özüm də bezmişəm. Bu körpünü ipə-sapa yatırmaq olmur, ayağını tuturlar, başı əldən gedir, başını tuturlar, göbəyi!

Son vaxtlar isə bu körpü haqda təzadlı ehtimallar irəli sürülür. Bir versiya odur ki, həmən körpü artıq beynəlxalq təşkilatların Azərbaycanda hazırladıqları təxribat planının əsas aparıcı qüvvəsinə çevrilib. Milli Təhlükəsizlik Nazirliyi bir balaca araşdırma aparsa, məlum olacaq ki, körpü Hacıqabul-Bəhramtəpə yolunun Kür çayının üstündəki «hissəsi» olmaq əvəzinə, SOROS-dan qrant udub, ölkədə pozuculuq işləri ilə məşğuldur. Dərhal 2 aylıq həbs qəti-imkan tədbiri seçilməli və istintaq başlamalıdır. Maşınları üstündən atan o körpünün belinə ən azı 4 il iş yükləmək lazımdır. Çünki bu cür təxribatlarla məşğul olan körpü mahiyyət etibarilə Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlıdan heç nə ilə fərqlənmir. Azadlıq olmadığını bəhanə gətirib küçəyə çıxan və «istefa» qışqırmaqla yanından keçən adamları diksindirən fəallara ortalama 2-3 il iş kəsilirsə, pis tikildiyini bəhanə gətirib uçan və sürücülərin həyatını təhlükəyə atan körpü niyə həbs olunmamalıdır?

Bu ehtimalı gücləndirən daha bir versiya ondan ibarətdir ki, sözügedən körpü artıq qudurub, Azərbaycanın gül kimi imicinə zərbə vurmaq istəyir. Ayda bir dəfə Kürə kəllə vurmaqda məqsədi odur ki, beynəlxalq təşkilatlara Azərbaycanın dövlət imici haqda mənfi rəy ötürsün. Körpünün uçduğunu görən beynəlxalq qurumlar nə fikirləşəcək? Əlbəttə ki, körpüyə sərf olunan maliyyənin yeyildiyini və yaxud «yol ötürücüsünün» korrupsiya layihəsində yer aldığını! Guya hakimiyyət qəsdən bu körpünün tez-tez uçmasına şərait yaradır ki, yol tikintisinə ayrılan pulların silinməsi üçün fürsət olsun. Ya da «İnkişafın Azərbaycan modeli»ndə bir körpünün öhdəsindən gəlinmədiyi haqda yanlış fikir formalaşa bilər.

Bu nadürüst körpü və ondan istifadə edərək dövlətimizin imicinə zərbə vuran KİV redaktorları mütləq cəzalandırılmalıdır!

 

Hədələyin, söyün redaktorları!

 

Artıq hamınıza bəlli olan korrupsiya qalmaqalı ilə bağlı Kəmaləddin Heydərovun açıqlaması, ardınca da BAXCP-nin bəyanatı Hacıqabul-Bəhramtəpə körpüsünün hirsindən özünü Kürə atmasına bənzəyir. Tutaq ki, Qüdrət bəyin dediyi «qüsurlu» redaktorlar təkzib verdilər. Noolsun?

Hörmətli fövqəlnazir və millət vəkili, tirajı az qala bir milyarda çatan BBC yayıb bu məlumatı, üst-üstə 20 min Oxucusu olan ölkədaxili qəzetlərin təkzibi ilə dünya korrupsiyanın yalan çıxmasına inanasıdır? BBC artıq əlindəki sübutları təqdim etməyə hazırlaşır və açıqladığı korrupsiya faktını dəbbələmək niyyətində deyil. Azərbaycandakı qəzet redaktorlarını «qüsurlu insan» deyib, söyməklə iş aşırsa, onda eşq olsun məntiqinizə, söyün, hədələyin!

Elə belə-belə danışdığınızdır ki, Hacıqabul-Bəhramtəpə körpüsü ayda bir dəfə partlayıb Kürə tökülür də…

 Bəxtiyar Sadıqov nümunəsi

 «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili, hörmətli Bəxtiyar Sadıqov növbəti, dünənki açıqlamasında həm də deyib ki, «Heç bir hörmət və nüfuz sahibi olmayan, tərkibinə hələlik üç «reket redaktor» qatılan Redaktorlar Birliyi Mətbuat Şurasına alternativlik edə bilməz. Çünki nə ictimaiyyətdə dəstəyi, nə nüfuzlu sözü, nə də müsbət imici var».

Axı orada üç «reket redaktor» yox, ölkənin ən nüfuzlu qəzet və agentlik rəhbərləri təmsil olunur, Bəxtiyar müəllim! Sizlərə bu gün noolub? Hamınız söyür, təhqir edir, hədə-qorxu gəlirsiz.

Bəlkə, nəsə olacağını artıq yəqin etmisiniz?..

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button