Dahilər unudulmur – ELÇİBƏY YAZI MÜSABİQƏSİ

1938-ci il iyun ayının 24-ü Ordubad rayonunun səfalı kəndi Kələkidə bir uşaq dünyaya gəldi. Özü ilə birlikdə bütün bəşəriyyətə saflıq, təmizlik gətirən bu uşaq ailənin sevinci idi. Lakin heç kəs onu gələciyin sönməz Günəşi olacağını bilmirdi.

Axı kim deyə bilərdi ki, böyüdükcə sakit, savadlı, ağıllı olan bu uşaq gələcəkdə bütün xalqın ürəyində öz yerini tutacaq. Amma O, bunu bacardı. Əbülfəz Elçibəy sadəcə bir Prezident, bir Lider deyil, həm də xalqın Atası, sığınacaq yeri oldu. Onun davası vəzifə davası deyildi. Tək istədiyi xalqının rifah içində, azad yaşaması, inkişafın təmin olunması idi. O, mövcudluğunu xaqla vermişdi. Xalqı və onun malını canı bahasına qorumaq Elçibəyin əsas məqsədi idi. Elçibəylə söhbət edən Marqaret Tetçer onun haqqında belə bir maraqlı fikir səsləndirmişdi: “Elçibəy çox qəribə adamdır. Mən ona neftlə bağlı sual verəndə o belə cavab verdi – “neft mənim atamın malı deyil ki, satım ciblərimi doldurum, neft xalqın malıdır, mən onu qorumalıyam ki, gələcək nəsillərə də çatsın””.

“Tanrı TÜRKÜ qorusun!” Bizi biz edən şey bizim Türklüyümüzdür. Əsrlər boyu müxtəlif  imperiyaların hədəfində olan Azərbaycan xalqının türklüyü daim inkar edilmiş, tarixi təhriflərə uğramışdır. Bizə Türk olmağın mənasını, Türklüyümüzlə qürur duymağı Əbülfəz Elçibəy öyrətmişdir. Elçibəy  çıxışlarının birində  demişdir: “Türklük odur ki, Türklüyün mahiyyətini dərk edəsən və onunla fəxr edəsən”.  Bu gün Türklük dedikdə ağıla ilk olaraq Əbülfəz Elçibəy gəlir.  Bu dahi insan bütün ömrünü Vahid Azərbaycan, Vahid Turan ideyasına həsr etdi.

Əbülfəz Elçibəyin ən böyük arzusu Azərbaycanı vahid görmək idi. O, sadəcə son illərdə işğal olunan torpaqlarımızı deyil, qədim dövrdən Azərbaycan xaqlına məxsus olan bütün əzəli torpaqlarımızın qaytarılmasını istəmişdir. Xüsusilə elm və mədəniyyət mərkəzi olan Təbrizin yad əllərdə olması Elçibəyi çox narahat etmişdir. Elçibəy həmişə deyirdi: “Qarabağın azadlığına gedən yol Təbrizdən keçir!”

Əbülfəz Elçibəy öz fəaliyyəti və şəxsiyyəti ilə təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya örnək oldu. Bu gün Azərbaycan deyiləndə Elçibəy, Elçibəy deyiləndə Azərbaycan başa düşülür. O, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi uğrunda əzmlə mübarizə aparmışdır. O, dövlətçilik fəaliyyətində İslam ideyalarına və demokratiya prinsiplərinə sədaqətli olmuşdur.

Əbülfəz Elçibəy çox yaxşı dövlət başçısı olmaqla yanaşı, çox sadə, insanpərvər biri idi. O, digər xalqlara hörmətlə yanaşmağı tərcih etməklə bərabər, öz xaqlına da yüksək dəyər verirdi. O, xalq adamı idi. Özünü hər daim sadə Vətəndaş kimi göstərir, hər kəsə sevgi ilə yanaşırdı. Özünü xalqının əsgəri adlandıran Əbülfəz Elçibəy deyirdi: “Mən xalqımdan razıyam. Narazı ola da bilmərəm. İnsan xaliqə yaxınlaşmaq istəyirsə, xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir”. Bəli, bu qədər doğma, sevgi dolu söləri sadəcə bizim Atamız, Əbülfəz Elçibəy düşünə bilərdi.

Elçibəy öz yolunu dəqiq müəyyənləşdirmiş və qarşısına aydın məqsəd qoymuşdu. Onun yolu demokratik Azərbaycanın azadlığı – haqq yolu idi. Bizim borcumuz isə o yoldan inamlı addımlarla keçmək, onun izini davam etdirməkdir. Belə bir xoşbəxtlik yalnız bizim xalqımıza nəsib olmuşdur.

Bəs Əbülfəz Elçibəy niyə sevilir? Əslində, bəsit sual olsa da hər kəs bunun məzmununa vara bilmir. Çünki Elçibəyə olan sevgi İlahi sevgidir. Hər kəs bacarmır təmənnasız, saf, ülvi sevgi ilə yaşamağı.

Elçibəy haqqında hər dəfə bir məqalə oxuduqda, onun şəklinə baxdıqda, səmimi çıxışların dinlədikdə ürəyimdə sevgi ilə dərin kədər hissinin elə bir çuğlaşması yaranır ki, adını qoya bilmirəm bu hissin. Daima qürur duyduğum bu insanı heç görə bilməməyin təəssüf hissidir bəlkə də. Kaş bir dəfə onu görərdim yanğısı ilə yaşamaq insanı çox üzür. Kaş ifadə edə bilsəm Atama olan sevgimi, bütün dünyaya hayqırsam içimdən keçənləri. Bir şair olsam. Hər misrası, hər cümləsi ona aid şeir yazsam. 70 illik İmperiyaya baş qaldıran vüqarını, qeyrətini salamlasam. Şair olsam. Ancaq ondan yazsam. Cümlələrim, misralarım bitməz ki heç. Bu Vətən üçün, bu torpaq üçün etdikləri kitablara sığarmı? Yox! Sığmaz! Mən bunları ürəklərə sığdıracaq şair olmaq istəyirəm.

Elçibəyin ad günüdür. Masada onun şəkli var. Sanki üzümə baxan şəkli deyil, onun özüdü. Üçrəngli bayrağın yanında o qədər məğrur, o qədər vüqarlı dayanıb ki, gedib əllərindən öpmək, sarılmaq istəyirəm. Yanına gedirəm:  “Bu gün Sənin ad günündür. Hamı sevinclidir. Sən niyə sevinmirsən, Atam?! Danış, bir şey de.” deyirem. Bu zaman biri məni onun ölümünə inandınmağa çalışır. İnanmaq istəmirəm. Kirpiklərimdə yaş gilələnir. Sakitcə içimdə pıçıldayıram “Atam, səni çox sevirəm” deyə. Bilirəm, eşidir. Hiss etdiyimizi, ürəyimizdən keçənləri o da hiss edir.

Artıq 18 ildir ki, Elçiəbəy aramızda yoxdur. Onun öldüyü gün bu xalq üçün ən ağır günlərdən biri idi. Lakin ölüm onu bizdən ala bilmədi. Bu ilahi sevginin qarşısında ölüm belə acız qaldı.

Heç bir fəaliyyəti olmayan insanlar ölür. Hansı ki, onlar xatırlanmır, yad edilmir, sevilmir.

Əbülfəz Elçibəy kimi bir şəxsiyyət heç vaxt ölə bilməz. Çünki O hər yerdə bizimlədir. Oxuduğumuz kitabda, baxdığımız filmdə, gecənin qaranlığında, parlaq günəşdə yalnız O var.

Əbülfəz Elçibəyin dəyəri sözlərlə ifadə olunmaz. Tarix, zaman Dahi şəxsiyyətə öz qiymətini vermişdir. Bütün zamanların böyük Azərbaycanlısına eşq olsun! Onun ruhu qarşısında iftixarla baş əyirəm.

Xədicə Tağısoy Elşən qızı

Bakı Dövlət Universiteti Tarix fakültəsi, Tarix müəllimliyi ixtisası, bakalavr  dərəcəsi 2016-2020

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button