Damian Krneviç: “Aİ üçün Azərbaycan kimi etibarlı neft və qaz təchizatçısı yoxdur”

“Ukrayna ərazilərinin işğalı səbəbindən Rusiyaya qarşı sanksiyalar nəticəsində enerji təhlükəsizliyi ilə bağlı qlobal problemləri, həmçinin Avropa İttifaqında (Aİ) enerji resurslarının qiymətinin artmasını nəzərə alsaq, Qərb ölkələrindən kənarda neft-qaz sahəsində Azərbaycan kimi etibarlı tədarükçü yoxdur”.

Bunu Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Onun sözlərinə görə, hazırda maraqlı tərəflər anlayır ki, Azərbaycan Aİ-nin enerji balansının tərkib hissəsi olub və olaraq qalmaqdadır: “Bu, Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi. Lakin Qərbin adı çəkilən müharibəyə cavab olaraq etdiyi seçimlə əlaqədar olaraq Azərbaycandan tədarüklə bağlı prioritet artıb”.

Ekspert xatırladıb ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər edib və bu səfər zamanı tərəflər arasında Anlaşma Memorandumu imzalanıb: “Bununla Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlığın üç sahəsi müəyyən edilib: təbii qaz, elektrik enerjisi və hidrogen. Nəticədə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində üçqat rol oynayır”.

D.Krneviçin fikrincə, Memorandumun birinci aspekti ondan ibarətdir ki, hər şey plan üzrə getsə, 2027-ci ilə qədər Cənub-Şərqi Avropaya təbii qaz ixracı iki dəfə artacaq: “Bu, maksimum yox, minimum hədəfdir. Ekoloji və müəyyən dərəcədə geosiyasi səbəblərə görə etiraz səslərinə baxmayaraq, Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılmasının Azərbaycanın iştirakı ilə təbii qazla bağlı son meqalayihə olmayacağını proqnozlaşdırıram. İkinci aspekt bərpa olunan mənbələrdən elektrik enerjisinin təchizatı ilə bağlıdır. Bu layihə 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın elektrik enerjisinin ötürülməsi üçün dənizaltı kabelin çəkilməsi ilə bağlı razılaşmanı elan etməsindən sonra geniş əks-səda doğurub. Azərbaycan külək və günəş enerjisindən, Gürcüstan isə su mənbələrindən əldə olunan elektrik enerjisini tədarük edəcək”.

Serbiya Prezidentinin keçmiş müşaviri Cənub-Şərqi Avropanın digər ölkələrinin də layihəyə qoşulacağını gözləyir: “Üçüncü aspekt hidrogenlə bağlıdır. Bu, daha uzunmüddətli layihədir. Lakin qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin infrastrukturu elə qurulub ki, kiçik dəyişikliklərlə onun vasitəsilə tam və ya qismən hidrogen nəql edilə bilər”.

D.Krneviç sonda vurğulayıb ki, Aİ-nin Azərbaycanla energetika sahəsində əməkdaşlığı tərəflər arasında güclü, təhlükəsiz və mehriban tərəfdaşlıq münasibətlərinin olduğunu göstərir: “Həm Bakı, həm də Brüssel bununla fəxr edir və gələcəkdə də qürur duymalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button