Deputat: “Bələdiyyələrin işi ürəkaçan, qənaətbəxş deyil”

“Bu gün ölkədə fəaliyyət göstərən bələdiyyələrin işi ürəkaçan, qənaətbəxş deyil”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.

Onun sözlərinə görə, parlementdə ötən müddət ərzində bələdiyyələrin təkmilləşdirilməsinə xidmət edən heç bir qanun layihəsi nə müzakirə edilib, nə də hər hansı qanun qəbul edilib: “Əksinə obyektiv səbəbdən bələdiyyələrin müəyyən səlahiyyətləri əllərindən alındı. Çünki bələdiyyələr öhdəsinə düşən işləri həyata keçirə bilmirdilər. Bələdiyyələr bu gün o vəziyyətdədir ki, onlar kosmetik deyil, fundamental islahatlara məruz qalmalıdır”.

Deputat bildirib ki, bələdiyyə sahəsi islahat tələb edən sahədir: “Ölkəmiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız artır, idarəetmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də həmin formada davam edir. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Ona görə də bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1 606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 80 %-i məhz kənd bələdiyyəsidir. Onlar da ən zəif səmərə göstərənlərdir. Onlar özlərini güc-bəla ilə saxlayan qurumlardlr. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. Bu da qəbuledilməzdir. Bu gün bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyə qərarları iclasda qəbul edilmir, sadəcə, kağıza yazılır və imzalanması üçün üzvlərə göndərilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button