Dostu Eldar Həsənovun 65 illiyini belə təbrik etdi: “Kişi bərkə-boşa düşər…”

DARIXDIM

ELDAR HÜMMƏTOĞLUNA

Axşam da qəribdi, mən də qəribəm
Ürəyimdən nələr keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım.

Nə kövrək zamandı, nə kövrək andı
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı
Xəyal uzaqlara uçdu, darıxdım.

Qoy yazım varağı, qalmasın ağı
Kim çəkər həsrəti Bəhmənsayağı?!
Çox da müqəddəsdir Gəncə torpağı
Kəlbəcər yadıma düşdü, darıxdım.

Bəhmən Vətənoğlu
Gəncə, 1992

Qardaş, indi sən də Bəhmən darıxmağını yaşayırsan… elə mən də!
Yanlış yazdım, 1993-cü ildən… Kəlbəcərə, ümumən işğalda olan torpaqlara həsrətik. Azərbaycanın qüdrətli Ordusu Ali Baş Komandanın qətiyyəti və mahir diplomatik gedişi ilə bizi bu 27 illik həsrətə qovuşdurmaqdadır! Bilirəm – vəkillərinin dediyinə görə Ordumuzun hər bir qələbəsinə necə sevinirsən! Deməsələr də, sənin Qarabağın, Kəlbəcərin azadlığı uğrundakı mübarizənə(əvvəllər hərbi, sonralar diplomatik müstəvidə) bələdəm. Üç ay qabaq telefon danışığımızda dediyin sözlərin reallığını indi Ordumuz Kəlbəcəri azad etmək ərəfəsində dərk etdim: qardaş, ürəyimə damıbmış ki, bu il hökmən Kəlbəcər azad olunacaq. Elə qəti dedin ki, inanmamağa haqqım olmadı. İndi təsəvvür edirəm hər qələbə xəbərini eşidəndəki sevincini! İnşallah, ümid edirəm ki, Qarabağı tam azad edəndən sonra birlikdə oraları ziyarət edib Kəlbəcərimizdə xarabazarlığa çevrilmiş kəndlərimizdəki ata evimizi yenidən tikəcəyik. Onda Hümmət müəllimlə İbrahim Ağalaroğlunun ruhları da şad olacaqdır.
Əziz qardaşım, bu gün sənin iki çox arzuladığın gündür. Biri torpaqlarımızın mənfur düşməndən azad olunması, ikincisi, 65 yaşının tamamında hörmətli Prezidentimizin icazəsi və xeyir-duası ilə təqaüdə çıxıb elmi-pedaqoji fəaliyyətini davam etdirmək. Birincisi Azərbaycan Ordusunun qüdrəti ilə həll olunur, yubiley yaşın isə ulu yaradanın hökmü ilə! Bu mübarək yubileyinə xüsusi yazı hazırlamağı planlaşdırmışdım, amma heç nə yaza bilmədim… bağışla məni, qardaş!
Bir tərəfdən Qarabağdakı uğurlu döyüş əməliyyatları nəticəsindəki Qələbənin sevinc göz yaşları, digər tərəfdən… İndi sadəcə, böyük şairimiz Bəhmən Vətənoğlunun 1992-ci ildə Gəncədə yaşadığı dövrdə sənə həsr etdiyi şeirin təsiri altındayam. DARIXDIM. Kəlbəcər üçün necə darıxıramsa, səndən ötrü də o qədər darıxdım… nə az, nə çox!
65 illik yubileyini təbrik edirəm!
Sücaətin bu misralarını hələlik keçirə bilmədiyimiz yubileyinə ünvanlayıram:

Qəm eləmə, ağrın alım
Kişi bərkə-boşa düşər…

Mavi gözlərindən öpürəm, əziz və əvəzedilməz qardaşım!
Tezliklə görüşmək arzusu ilə qardaşın Əlövsət.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button