Dövlətə xəyanətdə ittiham olunan redaktorun məhkəməsi başlayıb

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesinin əvvəlində Polad Aslanov sözlərinin yaxşı eşidilməsini təmin etmək üçün mikrofon tələb edib, sədrlik edən hakimin imtina cavabından sonra onun özü və ailə üzvləri etiraz etməyə başlayıb. Hakim zalın boşaldılması barədə qərar qəbul edib. Polad Aslanov zala hüquq müdafiəçiləri və jurnalistlər buraxılmayana qədər prosesdə iştirak etməyəcəyini bildirib. Gərginlik yatandan sonra jurnalistlər və hüquq müdafiəçiləri yenidən zala buraxılıb. Amma Polad Aslanova mikrofon verilməyib.

Vəkil Elçin Sadıqov sədrlik edən hakimə etiraz edib, bunu Qəniyevin 1998-2013-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləməsi və belə olan halda maraqlı tərəf ola biləcəyi ilə əsaslandırıb. Polad Aslanovun digər vəkili Kamran Musayev vəsatəti müdafiə edib. Dövlət ittihamçısı vəsatəti təmin etməməyi xahiş edib.

Kollegiyanın digər iki hakimi müşavirə edərək vəsatəti əsassız sayıb və təmin etməyib.

 

Amerikanın səsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button