Pənah Hüseynin Şahvələd Çobanoğluna cavab yazısı: “Aşura günü iş günü olmasın!”

Pənah Hüseyn

Azərbaycanın sabiq Baş naziri

 

(2011-ci ildə “Şahvələd bəyin dünyəvilik suallarının cavabları” adı ilə dərc edilib)

Mən Şahvələd bəyin nə üçün yazılarına Çobanoğlu imzası qoyduğunu bilmirəm. Ancaq özüm sözün birbaşa mənasında çoban öğluyam. Mərhum atam (biz ona “qağa” demişik) uşaqlığında kəndin quzularını otarıb. Mənim ağlım kəsəndə o, kəndin qoyun sürüsünün çobanı idi.
Qağamın kəndin çobanı olduğu günlər yaddaşımda tarixini dəqiq müəyyən etmək mümkün olan bir hadisə ilə qalıb. 4-5 yaşım olardı. Sürünün qabağına çıxmışdım. Birdən gün tutuldu. Qaranlıq hər yanı bürüdü. Adamlar qışqırdı. Tüfəng səsləri gəldi. Mən qorxub qağama tərəf qaçdım. Gördüm ki, eynən mənim kimi qoyun-quzu da ona tərəf qaçır. Gün açılana qədər mən və qoyunlar qağamın ətrafında toplanıb dayanmışdıq və qağam mənə də, qoyunlara da ürək-dirək verirdi. Mənə insan dilində, qoyunlara qoyun dilində.
Sonralar qağam kolxozda suçu və taxıl briqadiri işləyib. Vəfat edəndə 50-yə yaxın qoyun-quzu və 8 inək, mən daxil olmaqla 12 övlad, 16 nəvə 2 nəticə qoyub gedib. İndi kəndə gedəndə mən onun yatdığı otaqda yatıram.
Görünür, ağlım kəsəndə dünyanın ən güclü, ən iri, ən qorxmaz, ən ağıllı, ən güvəncli, ən mərhəmətli adamını çoban gördüyümdəndir ki, indi də çobanlara, çoban sözünə də xüsusi sevgim var. Hirsim yatır. Əsəblərim yumşalır. Quzu kimi oluram…

 

xxx

 

“Yeni Müsavat”ın redaksiyasında “Azadlıq”ın 20 dekabr tarixli sayında Şahvələd Çobanoğlunun “Dünyəvilik sualları” yazısı ilə bağlı, “sənin də adını çəkib” qeydini edərək rəyimi almaq üçün müraciət etdilər. Əvvəl “oxumamışam” dedim. Halbuki belə bir yazının dərc olunacağını bir gün əvvəldən bilirdik. Bazar günü istisna olmaqla “Qaya” yayım firması hər gün düz səhər doqquzda abunəçisi olduğum “Yeni Müsavat” və “Azadlıq”ı həmişəki dəqiqliklə çatdırmışdı və yazını oxumuşdum. “Oxumamışam” deyəndən sonra yazını gətirdilər. Baxdım. Yazıda birbaşa qoyulan və ya mətndən çıxan sualların sadə cavabları olduğunu dedim. Mövzunun müzakirə, polemika, o cümlədən debat formasında polemika üçün maraqlı olduğunu qeyd elədim. Əgər Şahvələd bəyin həvəsi və vaxtı varsa özümün də buna hazır olduğumu bildirdim. Əlavə elədim ki, əgər onun bu və ya digər səbəbdən vaxtı, həvəsi olmasa bir yazı ilə cavab vermək imkanı qalır. Xahiş elədim ki, sabah, yəni ayın 22-də Borçalıda, yaxın dostumun anasının yas mərasimində olmalıyam, ona görə də Şahvələd bəy redaksiyaya gəlməyə razılıq verirsə, həmin gün və ya səhəri saat 13.00-a qədər olsun ki, səfəri planlaşdıra bilim və xahiş elədim ki, aydınlaşdırıb mənə də desinlər. Bir qədər sonra redaksiyada bildirdilər ki, Şahvələd bəylə danışıblar, səhər Gəncəyə gedəcək, “ona görə də bəlkə alınmadı”. Sonra bu məsələyə qayıdıla bilər. Vəssalam. Mən Marneuliyə getdim. Şahvələd bəyin Gəncəyə gedib-getmədiyini bilmirəm. Ancaq iki gün sonra qayıtdıqda mənə onun qəzetdə dərc olunan cavabını göstərdilər. Sən demə, o, Pənah bəyin debat təklifinə gülübmüş və deyibmiş ki, orada Pənah bəy debat rinqi açıb, amma debatları da alınmır. Üstəlik deyibmiş ki, “O, (yəni Pənah Hüseyn – P.H.) dərk etməlidir ki, dünyəvilik demokratik azlığın sualları deyil, Konvensiyanın, Bəyannamənin tələbləridir və daha sonra da deyibmiş ki, bu fikirdə olan adamlar (yəni o cümlədən Pənah Hüseyn – P. H.) bu tələblərə, həm də rəmzi olaraq liderləri saydıqları Məhəmməd Əmin Rəsulzadəyə qarşı çıxırlar.

 

xxx

 

Allah, Allah. Bu ədalar, bu iddialar bu insanlarda nədən, haradan?!

Əvvəla, Pənah Hüseynin, ya bir qeyrisinin olsun, təklifinə nə üçün gülmək! Belə başa düşmək olar ki, şaqqanaq çəkib gülübmüş, çünki jurnalist xanım rəyi telefonla aldığına görə, məsələn, gülümsəsəydi, bunu görə bilməzdi ki?! Yəqindir eşidib. Açığı, bu gülmək məsələsi mənə maraqlı gəlir. Axı demişdilər ki, Şahvələd bəy mənim təklifimi birmənalı rədd etməyib, sadəcə cavab verib ki, Gəncəyə gedəcək, odur ki, ola bilər çatdıra bilməsin, gələndən sonra baxarıq, ola da bilər ki, imkan eləsin. Vallah, vəbala girmək istəmirəm, belə görünür ki, sonradan nə düşünübsə yazılı bir mətn hazırlayıb, ya göndərib, ya da telefonla oxuyub ki, “Pənah bəyin debat təklifinə də güldü.” Nə isə…
“O, dərk etməlidir ki…” – Nə üçün, məsələn, “bilir ki”, ya “bilməlidir ki”, yaxud “bilməmiş deyil ki” və ya “ola bilməz ki bilməsin” kimi yox, məhz “dərk etməlidir ki”! Opponentə münasibətdə etika, xoş məram… Davam eləmək istəmirəm. Bu da heç.
Ən maraqlısı odur ki, mən dərk etməliyəmmiş ki, “dünyəvilik azlığın sualları deyil, Konstitusiyanın, Avropa İnsan haqları Konvensiyasının, BMT İnsan haqları Bəyannaməsinin tələbləridir.”
Daha bu qədər olmaz, Şahvələd bəy, etmə Allahı sevərsən! Bunlar orta məktəbin ictimaiyyət dərsliyində olan məsələləridir. Bunları bilməyən varmı?! Ya bəlkə siz ciddən düşünürsünüz ki, sizin, Şahvələd Çobanoğlunun sualları şəxsən Dünyəviliyin suallarıdır və siz dünyəviliyin insan formasında təcəllasısınız?! Dünyəvilik məsələsində mütləq instansiyasınız?! Sizin fikirlərinizə qarşı çıxmaq dünyəviliyə qarşı çıxmaqdır?!

Mən sizi debata dəvət edəndə dünyəviliklə yox, sizin suallarınız, dünyəvilik barədə təsəvvürləriniz, görüşləriniz, baxışlarınız barədə polemika aparmaq istəyirdim. Bu da üzbəüz qarşılıqlı suallar, aydınlaşdırmalar, dəqiqləşdirmələr olmadan çətin olur. Həm də dünyəvilik barədə indi yalnız bizdə yox, bütün dünyada polemikalar getməkdədir və bir sıra ölkələrdə, o cümlədən bizdə bu məsələ çox aktualdır. Dünyəviliyin cağdaş mədəniyyətin və əxlaqın universal dəyərlərindən biri kimi hamı üçün və hər yer üçün ümumi olan, mütləq olan tərəfləri vardır. Lakin hətta bir ölkə daxilində də konkret məsələlərdə dünyəvilik məsələsində fikir ayrılıqları yayğn bir şəkildə mövcuddur. Məsələn, Türkiyədə bir kəsim hesab edir ki, rəsmi yerlərdə və ya təhsil müəssisələrində baş örtüsü dünyəviliyə ziddir. Digər kəsim əsaslandırır ki, zidd deyil, hətta əksinə, baş örtüsünə qadağa dünyəvi dövlət prinsipinə ziddir. Elə şey var ki, məsələn, Fransada dünyəvilik baxımından zəruri hesab edilir. Lakin ABŞ-da belə qəbul olunmur. Bununla ABŞ dünyəvi dövlət olmaqdan çıxmır ki! Mən də mövzunun bu tərəfilərini insanlarımız üçün maraqlı və faydalı sayıb debat təklifini vermişdim. Məqsəd sizinlə və ya bir qeyrisi ilə döyüşmək yox, bu cür məsələlərdə fərqli mövqələri sivil formada cəmiyyətə təqdim etmək, çatdırmaq, informasiyaları, bilgiləri, ideyaları, idealları, təklifləri açıqlamaqdır ki, mən bunu sosial faydalı iş hesab edirəm. Məncə haqlılığına, düzgünlüyünə, əsaslılığına əmin olan, mövqeyini müdafiə etməyə sözü, arqumenti, dəlili, məntiqi olan şəxs gərək bu imkandan çəkinməsin. Məsələn, mən aşura günü iş günü olmasın təklifini vermişəm. Aşuranın qeyri iş günü olmasını Azərbaycanda əsas insan hüquq və azadlıqlarının təmin olunması baxımından vacib sayıram, dünyəviliyə zidd və ya sizin ifadənizlə dünyəvilik tələblərinə qarşı çıxmaq hesab etmirəm. Mənim mövqeyimi izah edən dəlillərim, əsaslarım, arqumentlərim var. Sizin hüququnuz var ki, düşünəsiniz, mövqedə olasınız, təbliğat aparasınız, ifadə edəsiniz ki, bu təklif dünyəviliyə qarşı çıxmaqdır, geriçilikdir, irticaçılıqdır və s. Əsaslandırın. Bəlkə məni də inandırdınız. Sizi inandırıram ki, dünyəvilik məsələləri barədə danışmalı xeyli zəruri, aktual, faydalı şeylər vardır. Yeri gəlmişkən, əlbəttə ki, təqdir sizindir, lakin mən debat təklifimi bir də verirəm!

 

xxx

 

Gələk, sizin məlum yazınıza. Əvvəlcə yazının başlığı barədə. Belə başa düşürəm ki, anlaşılmazlıqların götürülməsi üçün ilk olaraq başlığa aydınlıq gətirilməlidir.
Müasir Azərbaycan türkcəsində uzun müddət rus dilinin təsiri, bir sıra anlayışların kalka formasında tərcümə edilib dilə daxil olması üzündən bəzi sözlər, terminlər yerində işlənmir və fikrin qüsurlu əksini, təsvirini verir. Məsələn, “Voprosı Filosofii” jurnalının adını “Fəlsəfə sualları” kimi tərcümə etsək qüsurlu olar. Bunu “Fəlsəfə məsələləri” kimi tərcümə edirlər. Doğrusu, budur. Lakin “voprosı” sözü, “suallar”, “problemlər”, Türkiyə tükcəsində olduğu kimi “sorunlar”, hətta başqa bir kontekstdə “komplekslər” kimi də tərcümə oluna bilər. “Azadlıq”dakı yazınızda əslində şəxsən məndə bu şeylər ətrafında sual yaranmamışdı. Ancaq “Yeni Müsavat”dakı şərhiniz vəziyyəti dəyişdi.
İndi məndə ehtiyac yaranıb aydınlaşdırım ki, məsələn, siz hesab edirsinizmi ki, İctimai Palatada və ya İctimai Palatanın, yaxud ayrı-ayrı siyasi liderlərin dünyəvilik problemi, ya dünyəviliklə problemi, sorunu, kompleksi vardır? Siz bunumu demək istəyirsiniz? Yox, əgər siz “dünyəvilik sualları” ifadəsində “sual” sözünü elə hamının başa düşdüyü mənada işlədirsinizsə ki, İctimai Palatanın axırıncı sessiyasının iclasında nə üçün Rafiq Tağının xatirəsi bir dəqiqəlik sükutla yad edilməyib, belə bir təklif niyə havadan asılı qalıb, necə olub ki, Hacı İlqar həmin iclasın sədri olub, dünyəvi İctimai Palatada Hacı İlqar hardandır, Pənah Hüseynin İctimai Palatanın iclasında Aşuranı qeyri iş günü olması təklifi dünyəviliklə neçə bir araya sığa bilər, yaxud necə olur ki, dünyəvi, demokrat siyasətçi Əli Kərimli Hacı İlqarı müdafiə edir – bu başqa sıradan olan məsələlərdir! Sizin yazınızın mətnindən də bunlar çıxırdı. Yazıdakı etirazlarınız da bu tipdən olan konkret məsələlər ətrafında idi. Mən də sözün doğrusu, “bu sualların hamısının sadə cavabları vardır, bunlar azlığın suallarıdır” deyərkən bu cəhəti nəzərdə tutmuşdum. Ona görə azlığın sualları ki, İctimai Palatanın üzvlərinin əksəriyyəti üçün bu məsələlərdə istər informativ baxımdan, istərsə də mahiyyət baxımından aydınlıq var və sual yaratmır. “Debata gəlməsəniz bir yazı yazmaq imkanı qalır” deyərkən də əsasən bunları nəzərdə tutmuşdum ki, ola bilər, sizin və sizin kimi düşünənlərin əksəriyyətinin İctimai Palatanın fəaliyyətində fəal iştirak etmədiyiniz üçün bəzi konkret məsələlər barədə həm də informasiyalarınız azdır. “Yeni Müsavat”da əlavə şərhiniz aşkara çıxardı ki, məsələ bu qədər bəsit deyildir.

 

xxx

 

Bir halda ki, sizin “Dünyəvilik sualları” yazınızla bağlı məndən rəy alanda söz vermişdim ki, debat olmasa yazı olacaq, bu vədi yerinə yetirmək lazım gəlir.
Birinci cavabım yazınızın əsas hədəfi olan Hacı İlqar İbrahimoğlu barədə qoyduğunuz və yaxud yaratmaq istədiyiniz sual və ya suallar barədədir. Hacı İlqar necə oldu ki, İctimai Palataya gəldi və Koordinasiya Şurasının üzvü oldu?

 

xxx

 

Hacı İlqar İctimai Palataya necə gəlib?

 

İctimai Palatanın yaradılması ilə bağlı hazırlıq işləri AMİP-in qərargahında 21 dekabr 2010-cu il də keçirilən toplantıda tamamlanıb, son şəklini alıb. Həmin toplantıda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, AMİP sədri Yusif Bağırzadə və partiya sədri olmayan şəxslərdən mən iştirak etmişəm. Yaradılması nəzərdə tutulan təsisatın tipi və ictimai-siyasi xarakteri, adı, təşkilati quruluşu, fəaliyyətinin forma, prinsip, qayda, norma və prosedurları, habelə idarəetmə orqanları və bu orqanların fərdi tərkibi müzakirə edilib razılaşdırılıb. İctmai Palatanın əsas fəaliyyət orqanı olan Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilərkən 25-ə yaxın şəxsin namizədliyi üzərində dayanılıb. Bir neçə nəfər, o cümlədən İsa Qəmbər tərəfindən Hacı İlqarın namizədliyi səsləndirilib. Yekdiliklə müdafiə olunub və Əli Kərimli Hacı İlqarla danışıb ondan xahiş edib ki, Koordinasiya Şurasında təmsil olunmağa razılıq versin. Yeri gəlmişkən, eyni qaydada İP Koordinasiya Şurası üzvlüyünə Şahvələd Çobanoğlunun da namizədliyi irəli sürülüb. Onunla da təmsilçilik barədə razılaşdırılıb, seçilib, lakin sonra Şahvələd bəy xüsusi bəyanatla çıxış edərək KŞ üzvlüyündən imtina edib. Yəni Hacı İlqar İP-ya öz təşəbbüsü ilə yox, Azərbaycanın demokratik siyasi müxalifətinin iki ən təcrübəli və ən nüfuzlu liderinin təşəbbüsü və təkidli xahişi ilə gəlib. Məncə bu məsələdə İsa Qəmbərin və Əli Kərimlinin rolu Hacı İlqarın ictimai palatada ideyası üçün nə qədər əhəmiyyət daşıdığının göstəricilərindən biri olmalıdır və kimlərdə sual yaranırsa cavab axtararkən bu cəhəti də nəzərə almalıdır.
İsa Qəmbər və Əli Kərimli nə edirsə müzakirəsiz, düşünülməmiş qəbul edilsin, onların hərəkətləri və ya hərəkətsizlikləri barədə barədə xüsusi rəy olmasın, ifadə edilə bilməz, demirəm. Lakin avtoritarizmə qarşı olmaq konkret sahədə təcrübə, bilgi sahiblərini, peşəkarlı, bir sözlə avtoritetləri inkar etmək anlamına da gəlməməlidir.
Mən müxalifətdə müxalif fikir olmasın da demirəm. 18-20 yaşlarda olanların, gənclərin bütün iddialarını, nəsihətlərini, “dərs”lərini eşitməyə, dinləməyə hazıram və onların bizim nəsli “başa salmağa” çalışmalarına, bizə qarşı qiyam, üsyan etdiklərini görəndə ürəkdən sevinirəm. Lakin ictimai-siyasi aləmdə heç bir ciddi uğura, ya hətta uğursuzluğa imza atmamış, yaşları çoxdan 30-u, hətta 40-ı keçmiş “yeni gənc nəsil” xadimləri də Azərbaycanda siyasi strateji düşüncə və siyasi praktika vərdişlərinin nümunələri olan şəxslərin fəaliyyətini, qərarlarını təftişə girişəndə, onlara ağıl öyrədəndə bunun nə qədər qeyri-ciddi göründüyünün fərqində olmalıdırlar.
Konkret siyasi layihələrdə məqsəd və niyyətlərin tam çılpaqlığı ilə ortaya qoyulması məqsəduyğun olmur. Ancaq sirr deyil ki, İctimai Palata ölkədəki hazırda hökm sürən antidemokratik, avtoritar situasiyanı aradan qaldırmaq üçün demokratiya uğrunda kütləvi xalq hərəkatının təşkilatı əsası kimi düşünülmüşdü və konseptual yanaşma da ondan ibarət idi ki, kütləvi hərəkatın mövcudluğu üçün siyasi, sosial və mənəvi-dini müxalifətin birləşməsi zəruridir. Mən “inanclı”, “dinçi”, “islamçı”, “dindar kəsim” ifadələrinin qüsurlu, xeyli şərti olduğu qənaətindəyəm, lakin onların cəmiyyətdə mövcud reallıqların xüsusi bir tərəfini, ictimai-siyasi proses subyektləri spektrinin xüsusi bir hissəsini əks etdirdiyini də inkar etmək olmaz.
Keçən əsrin 80-90-cı illərində Azərbaycanda baş verən mili-demokratik inqilab dövründə həmin kəsim demək olar ki, bütünlüklə AXC-nin rəhbərlik etdiyi xalq hərəkatında iştirak edib. Təkcə onu göstərmək kifayətdir ki, İslam partiyasının ilk iki sədri mərhum Hacı Əlikram və Hacı Hacağa vaxtilə AXC İdarə Heyətinin və AXC Ali Məclisinin üzvləri olub. Ümumiyyətlə, o dövrdə ictimai-siyasi proseslərə qoşulmuş və sonradan islami təmayülü siyasi fəaliyyət cərgəsində olanların mütləq əksəriyyəti AXC-də üzv, təəssübkeş kimi iştirak edib. Qeyd edim ki, İlqar İbrahimoğlu da bu şəxslərdən biri olub. 1992-93-cü cü illərdən sonra dini kəsimlə milli-demokratik düşərgə arasında həm də xarici amillərin təsiri ilə məsafələşmə gücləndi, ziddiyyətlər yarandı və bu ziddiyyətlər zaman-zaman rəqabət, hətta ixtilaf formasında təzahür edir. Azərbaycan demokratik hərəkatının yeni mərhələsində milli-demokratik düşərgə və inanclı kəsim arasında bu məsafələşmənin minumuma endirilməsi, ixtilafların azaldılması, fərqliliklərin yox, birləşdirici momentlərin, maraq və mənafelərin prioritet götürülməsi strateji yanaşma hesab olundu. Bu istiqamətdə hər iki tərəfin qarşılıqlı addımlar atmasına ehtiyac var idi və etiraf etmək lazımdır ki, inanclı kəsim içərisində bu xəttin yeganə ən ciddi nümayəndəsi kimi Hacı İlqar İbrahimoğlu çıxış edir. Çünki bütün fərqliliklərə baxmayaraq, insan hüquq və azadlıqları fəlsəfəsi və İsa Qəmbərin uğurlu ifadəsi ilə deyilsə milli bayraqda simvollaşan Cümhuriyyət dəyərlərinin qəbul edilməsi inanclı kəsim və milli-demokratik düşərgənin birlik və əməkdaşlığının ideoloji əsası kimi qəbul edilə bilər və İlqar İbrahimoğlu bu xəttin Azərbaycanda açıq şəkildə bəyan edən liderlərindən və ideoloqlarından biridir. İ.İbrahimoğlu bu xəttin ideoloqlarından biri olmaqla qalmayaraq, təmənnasız şəkildə bunu praktikada ardıcıl və sitemli şəkildə həyata keçirən ictimai-siyasi xadimlərdəndir. Bir dini icma rəhbərinin və məscid imamının Azərbaycanda və beynəlxalq aləmdə ən nüfuzlu vətəndaş cəmiyyəti təşkilatlarından biri olan DEVAM (Dini Etiqad və vicdan Azadlığı mərkəzini) yaratması unikal hadisədir. DEVAMM 2003-cü ildə prezident seçkilərində demokratik düşərgənin əsas namizədi olan İsa Qəmbəri rəsmən dəstəklədi və “Bizim Azərbaycan” seçki blokuna üzv oldu. Hacı İlqar və tərəfdarları 16 oktyabrda “Azadlıq” meydanına çıxdmışdı və az sonra İsa Qəmbəri, demokratik düşərgəni dəstəkllədiyinə görə, bizimlə birgə Bayıl həbsxanasının məşhur ölüm korpusunda zindanda idi. Həbsdən sonra o düz beş il ölkəni tərk etməsinə qadağa qoyuldu. Rəhbəri olduğu dini icmanın rəsmi istifadəsində şəhərin ən yaxşı yerində olan məscid zorla alındı. 2005-ci ildə Hacı İlqar şərti azadlıqda olmasına baxmayaraq, parlament seçkilərində demokratik düşərgənin əsas seçki bloku olan “Azadlıq” blkunu rəsmən müdafiə etdi. Dini kəsimdə birmənalı qarşılanmayacağını bilə-bilə narıncı köynək geyib “Azadlıq” blokunun kütləvi aksiyalarına qatıldı. 2010-cu ildə parlament seçkilərində yenə AXCP-Müsavat seçki blokunun və müxalifətin namizədləri dəstəkləndi. Mən Hacının gənclərinin Arzu Səmədbəyli və digər namizədlər üçün hansı fədakarlıqla imza topladıqlarının şahidiyəm. Bu müddət ərzində Hacı İlqar Avropa Şurası, Avropa Birliyi və BMT-nin rəsmi qurumlarının ekspert məruzəçisi, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının birliklərinin, beynəlxalq Avrointeqrasiya forumunun üzvü kimi hüquq müdafiə işi əsasında geniş fəaliyyətlə məşğul olmaqda davam etmişdir. Hacı İlqarın müasir qərb fəlsəfəsində dünyəvilik və sekulyarlaşma problemi mövzusunda böyük bir hissəsi Londonda işlənmiş doktrluq işi ilə tanış olanlar onu həm də istedadlı alim-filosof kimi tanıyırlar. Hacı İlqarın İctimai Palatanın rəhbərliyinə dəvət olunmasını həm də onun bu keyfiyyətləri şərtləndirmişdir.

 

xxx

 

Rafiq Tağının qətlinə münasibətdə İctimai Palatanın mövqeyi necə olub?

 

Rafiq Tağının qətli ilə bağlı bəzi İP üzvlərinin onun sədrliyini bəhanə edib olay yaratmaq ehtimalları və informasiyaları müzakirə edildi. Bəzi xəbərlər də daxil olmuşdu. Rafiq Tağı qətli ilə bağlı sui-qəsddən sonra İP KŞ dərhal və ölümündən sonra da yenə dərhal başqa xüsusi bəyanat qəbul etmiş, bu hadisəni terror aktı kimi pisləmişdi. İrandan təxribatçı reaksiyalara qarşı çıxılmış və hökumətdən tələb edilmişdi ki, qətlin üstünün açılması kimi bütün tədbirləri görsün. R.Tağının dəfni günü İP-in təşkil etdiyi, İP rəhbərliyinin və 100-ə yaxın adamın iştirak etdiyi tədbirin iştirakçıları Rafiq Tağının xatirəsini ayağa qalxıb bir dəqiqəlik sükutla yad etmişdilər. İP İP sessiyasının Hacı İlqarın sədrlik etdiyi iclasında ictimai-siyasi vəziyyət haqqında paylanmış bəyanat layihəsində ayrıca bölmə R.Tağıya qarşı teror aktına həsr edilmişdi.
Necə oldu ki, Hacı İlqar Rafiq Tağının olümündən sonrakı İP sessiyasının sədri oldu? Burda heç bir birbaşa əlaqə, qəsd axtarmağa ehtiyac yoxdur. İP – əsasnaməsinə görə sessiya iclaslarına Koordinasiya Şurası üzvləri adlarının əlifba sırası ilə sədrlik edirlər. Bu qaydaya görə bu dəfə sədrlik növbəsi Hacı İlqarda idi. O, sessiyaya bir gün qalmış Strasburqdan avrointeqrasiya regional forumunun iclasından qayıtmışdı. Qeyri-rəsmi toplandıq. Hacı təklif etdi ki, bəlkə onun sədrlik növbəsi keçirilsin. R.Tağının qətli bağlı İp-in tutduğu mövqe və hərəkətlər düzgün və yetərli sayıldı və KŞ İ.İbrahimoğlunun sədrliyinin sonraya keçirilməsini məqsədəuyğun saymadı və bir qayda olduğu kimi iclasın ssenarisini təsdiqlədi. Ssenaridə sayğı duruşu nəzərdə tutulmurdu. Sessiyada üçüncü çıxış edən X.Bahadır bütün çıxışını R.Tağıya qarşı terror aktına həsr etdi. Bütün bunlardan sonra arxada kimsə təklif etdi ki, sayğı duruşu olsun, nəzərdə təklifin səsə qoyulmasında bir-iki nəfərdən başqa israr edən olmadı. Olayın məzmunu budur. Lakin bu kifayət etdi ki, dərhal iclasda olmayan şəxslər tərəfindən mətbuatda səs-küy qaldırıldı. İP-in qaragüruhun əlinə keçməsi, mollaların, hacıların meydan sulaması, demokratik hərəkata rəhbərlik etməyə haqqı olmaması, daha nələr. Sessiyada mənim tərəfimdən aşuranın qeyri iş günü elan edilməsi haqqında olunan təklif yanğına benzin tökmüşdü. Belə təəssürat yaranırdı ki, artıq İctimai Palatada islam inqilabı baş vermişdir və növbə Azərbaycanındır!
Konspiroloji ssenarilər qurmaq istəmirəm. Ancaq həmin gün hansı saytların fəallıq etməsinə baxılsa, müəyyən ehtimallar üçün əsas yaranır. Sonradan baş verənlər göstərdi ki, bu sayğı duruşu məsələsi bəziləri üçün yəqin xeyli vaxtdır topladıqları zəhəri tökmək üçün münasib vəsilə sayılıb. Çünki İP-in R.Tağı hadisəsində movqeyinin və etdiyi hərəkətlərin İsa Qəmbər, Əli Kərimli, mən və digərləri tərəfindən təkrar-təkrar deyilməsinə baxmayaraq, təxminən eyni çevrə heç bir əsası olmayan, eyni uydurma faktlara istinad edərək ittihamlar yağdırmaqda davam edirlər. Sözün açığı, mən bunu işin xeyrinə hesab edirəm. Mühüm olan onların nə dedikləri yox, bizim dediklərimizdir. Onlar danışmasaydı, bəzi məsələlərə aydınlıq gətirilməsi ləngiyərdi.
Mən dünyəvi dövlət anlayışının Azərbaycan Konstitusiyasında saxlanması tərəfdarıyam. Lakin kimsə bunu çıxarılmasını tələb edərsə və hətta tutaq ki, bu anlayış Konstitusiyadan çıxarılarsa, bu, teokratik dövlətin bərqərar olması deməkdirmi?

 

xxx

 

Siz dünyəvilik tələbinin, unversal beynəlxalq hüququn, BMT insan haqları Bəyannaməsi və əsas insan hüquq və azadlıqları haqqında Avropa konvensiyasının imperativ tələbini təqdim edirsiniz, demokratiya ilə dünyəvilik arasında bir-birni qarşılıqlı şərtləndirən şeylər kimi bəhs edirsiniz. Hətta bu məsələ barədə debata yer qalmadığını bildirirsiniz. İcazə verin deyim ki, məsələ sizin təqdim etdiyiniz və düşündüyünüz kimi deyil.

Norveçin Konstitusiyasının 2-ci maddəsinə yevangelist lüteran dini Norveçdə rəsmi dövlət dini elan edilir. Norveç kilsəsinin bütün xərcləri dövlət və bələdiyyə orqanı tərəfindən dövlət vergiləri hesabına ödənilir. Norveç dövlət uşaq baxçaları və məktəblərində qanuna görə bütün şagirdlərə “Xristian əxlaqı və tərbiyəsi” tədris olunur. Yalnız rəsmi lüteran kilsəsinin ruhaniləri silahlı qüvvələr, dövlət xəstəxanaları, həbsxanalarda dini ehtiyaclar həyata keçirir, yalnız lüteran Norveç Kilsəsinin ruhaniləri rəsmi dövlət tədbirlərinə və xalq bayramlarına mərasim icrasına buraxılırlar.

Almaniya Federativ Respublikasının Konstitusiyasının 7-ci bəndinə görə dövlət məktəblərində dinin tədrisi məcburidir və həm də ümumiyyətlə, din yox, konkret xristian dininin lüteran məzhəbinin tədrisi nəzərdə tutulur.

Danimarka krallığının Konstitusiyasının 4 və 6-cı maddələrində təsbit edilir ki, yevangelist lüteran xristian kilsəsi Danimarkanın rəsmi kilsəsisidir və bu status dövlət tərəfindən dəstəklənir. Yalnız lüteran dininə mənsub şəxs ola bilər. Dövlət başçısı Kral həm də dövlət kilsəsinin başçısı kimi ali ruhani şəxsdir.

İslandiya Respublikasının Konstitusiyasının 62-ci maddəsində xristian lüteran kilsəsini dövlət kilsəsi kimi təsbit edilib.

Finlandiya Konstitusiyasının 83-cü maddəsində yevangelist lüteran kilsəsinin dövlətin nöqteyi-nəzərindən üstün mövqeyi əksini tapıb. Dövlətin bu kilsə ilə münasibətləri kilsə haqında ayrıca qanunla tənzimlənir.

İsveç dövlətinin başçısı kral, həm də kilsənin başçısıdır.

İngiltərədə dinin rəsmi dövlət statusu konstitusiyada təcbit olunmayıb. Çünki İngiltərənin biz başa düşdüyümüz anlamda konstitusiyası yoxdur. Lakin kraliça anqlikan kilsəsinin başçısıdır və ingiltərə hüququnda anqlikan kilsəsinin hakim kilsə rolunu təsbit edən çoxlu sayda normalar qanun xarakteri daşıyır.

İtaliyada dövlət və din rəsmən ayrı elan olunsa da, konstitusiyada ölkənin əsas dini xüsusi olaraq göstərlmişdir. İtaliya konstitusiyanın 7-ci maddəsinə görə Dövlət və Katolok Kilsəsi hər biri öz sahəsində müstəqil və suverendir. İtaliyada yalnız Katolik kilsəsi ilə münasibətlər xüsusi saziş – Konkordatla tənzimlənir. Konkordatın 9-cu maddəsinə görə İtaliya respublikası dini mədəniyyət dəyərlərini qəbul edir, katolisizm italyan xalqının tarixi irsi kimi təsbit edilir.

İrlandiya konstitusiyasının 44-cü maddəsinə görə: “Dövlət ictimai itaətin hər şeyə qadir Allaha aid olduğunu təsdiq edir. Dövlət Onun (Allahın) adının hörmətini saxlayacaq və dini müdafiə edəcəkdir. Dövlət vətəndaşlarının əsas hissəsinin etiqad etdiyi müqəddəs Roma apostol katolik kilsəsinin dinin mühafizi kimi xüsusi yerə malik olduğunu qəbul edir.

Yunanıstan konstitusiyasının 3-cü maddəsinə görə Yunanıstanda Şərqi Provoslav Xristian kilsəsi rəsmi dövlət dinidir. Konstitusiyanın həmin maddəsi Yunanıstan Provoslav kilsəsinin dövlət sistemində yeri, mülkiyyəti, əlaqələrinə aid məsələləri tənzimləyən konkret müddəaları ehtiva edir.

Bolqarıstan konstitusiyasının 12-ci maddəsinə görə göstərilir: Bolqarıstan Respublikasının ənənəvi dini şərqi pravoslav etiqadıdır.

Ermənistanda vicdan azadlığı və dini təşkilatlar haqında qanunda erməni apostol kilsəsi erməni xalqının milli kilsəsi, onun mənəvi həyatının yaranmasının və millətin qorunmasının mühüm istinadgahı kimi təsbit edilib

Gürcüstan Konstitusiyasının 9-cu maddəsinə görə dövlət Gürcü Pravoslav kilsəsinin Gürcüsan tarixində xüsusi rolunu təsbit edir.

İsraildə vətənə dönmə haqında qanuna görə başqa dinə keçmiş yəhudilər repatriasiya hüququndan məhrum edilirlər. Din dövlətdən ayrılmamışdır. Ravvinat və din tədrisi orqanları dövlət tərəfindən birbaşa həyata keçirilir. Nigah məsələləri rəsmən ravvinatın öhdəsindədir. Şabatda rəsmən taksidən başqa nəqliyyat işləmir.

Monqolustan konstitusiyasında buddizm hakim dini konfessiya kimi təsbit edilib və monqol xalqının adət və ənənələrinə yad olan fəaliyyətə yolverilməzliyi təsbit olunur.

Bu qəbildən olan faktları xeyli artırmaq olar.
Heç kəsin ağlına gəlmir ki, məsələn, dünyada demokratiya etalonu kimi qəbul edilən Norveçi dünyəvi dövlət olmadığına görə klerikal, din, totalitar dövlət adlandırsın.
Ümumiləşdirərək deyim ki, “xalis” dünyəvi dövlətlər dünya dövlətlərinin ümumi sayında azlıq təşkil edir. Bu azlığa daxil olan ölkələrdən biri də Azərbaycan Respublikasıdır.
BMT-nin insan haqları Bəyənnaməsi və Əsas insan haqları haqqında Avropa Konvensiyası dövlətlər qarşısında dünyəvi olmaq tələbini qoymur. Hər dünyəvi dövlət demokratik dövlət olmadığı kimi, hər demokratik dövlət də dünyəvi dövlət deyildir. Dünyəvilik yalnız dünyəvi dövlət anlayışı ilə əhatə olunmur. Lakin dünyəvi dövlət dünyəviliyin əsas məsələsidir. İnsanlar dünyəvi və qeyri-dünyəvi olmur. İnsanlar dindar, skeptik, deist, ateist və s. ola bilir. Dünyəvi və qeyri-dünyəvi dövlətlər, sosial münasibətlər, təsisatlar, institutlar olur. Bəhs etdiyimiz mövzu çərçivəsində çağdaş siyasi mədəniyyətin, yuxarıda adı çəkilən beynəlxalq sənədlərin imperativ tələbləri dini etiqad və vicdan azadlığı, vətəndaşların hər hansı dinə etiqd etməsindən və ya heç bir dinə etiqad etməməsindən asılı olmayaraq qanun qaşısında bərabərliyi, ifadə azadlığı kimi məsələlərdir.

 

xxx

 

Aşura gününün qeyri iş günü elan edilməsi təkifini öz adımdan səsləndirəcəyimi İP Koordinasiya Şurasının sessiyadan öncəki toplantısında qaldırmışam və bu təklifə heç bir etiraz olmayıb. Sessiyada çıxışımda əsaslandırma belə olub ki, aşura mərasiminə dini ayin olmaqdan başqa real sosial hadisə kimi də baxmaq lazımdır. Bu gün hər il Azərbaycanda yüzminlərlə insanlar tərəfindən ictimai formada icra olunur. Bu yüzminlərin hüquqdur ki, etiqadlarından irəli gələn bu ayini icra edə bilmək üçün əlverişli ictimai şəraitə malik olsunlar. Kimə məlum deyil ki, Aşura günü məktəblərin əksəriyyətində tədris, iş yerlərində işlər dayanır. Bu isə insanlarda gərginliyə, diskomforta səbəb olur. Bundan əlavə, Azərbaycan iqtidarı Aşura günü ərəfəsində dindarlara qarşı repressiyalar həyat keçirmişdi və bu təklif İctimai Palatanın həmin repressiyalara etirazının forması, fərqli münasibətin nümayişi ola bilərdi. Çıxışda deyildi ki, Türkiyədə laiqliyin siyasi təminatçısı kimi çıxış edən CHP-dən olan deputatlar analoji təkliflə Türkiyə Böyük Millət Məclisində məsələ qaldırıb. Türkiyədə bu təklifi qaldıranların belə bir arqumenti sessiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Aşuranın ölkə miqyasında qeyri iş günü olması onu islam aləminin və müsəlman cəmiyyətlərinin birlik amilinə çevirəcəkdir. Bunu üçün təklif edilirdi ki, bu hadisə həqiqi təyinatına uyğun şəkildə, zülm və istibdada qarşı etiraz və müqavimət günü kimi qeyd olunsun.
Sizin yazınızda və sonrakı şərhinizdə M.Ə.Rəsulzadənin “Aşura” məqaləsini oxumağı tövsiyə etməyinizi alqışlayıram, bu çağırışa qoşulduğumu bildirirəm, oxucuları dəvət edirəm ki, internetdə “Aşura M.Ə.Rəsulzadə yazıb” tıklasınlar və həmin məqaləni təkrar-təkrar oxusunlar. Əminəm ki, Rəsulzadənin həmin məqaləsini oxuyanların mütləq əksəriyyəti Aşura gününün qeyri iş günü elan olunması barədə təklifin haqlı olduğunu qənaətində möhkəmlənəcəklər. Tərəddüd edənlərin də tərəddüdü aradan qalxacaq.
“1300 il əvvəl bir dəstə ərəb digər bir dəstə ərəbi qırıb” cahilliyindən fərqli olaraq M.Ə.Rəsulzadə Aşuranın zülm və istibdada qarşı ruhani və cismani müqavimətin möhtəşəmliyini, həqiqətini dərk etmiş və bunu dahiyanə ifadə etmişdir:

“.. qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə…
…Yar və ənsari qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq. Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica!
Bizim indiki tələqqilərimizcə (indiki deyil, Aşura şəhidindən bir az sonra əsaslı bir surət alan “təqiyyə” fəlsəfəsinin zühur elədiyi günlərin düşüncəsincə də belə) buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor. İstiqaməti-fikr, sabati-məslək və bunların müqabilində vücudun heç bir əhəmiyyəti olmadığını nə müəssir bir surətdə izhar ediyor. Bu nöqteyi-nəzərdən məzlum Dəşt-Neynəva heç də məğlub deyildir. Bəlkə o qalibiyyətin ən böyük bir dərəcəsini təşkil edən ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir mücahidi-həqiqidir.
…Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür. Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir!
…zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!”
…bu kimi ictimai və siyasi vəqəələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünülməlidir.”

 

xxx

 

…Qağamdan əmanət qalmış şeylər arasında həyətimizdə əkib yetişdirdiyi xeyli ağac da var. Tut, nar ağacları, alça, göyəm, gavalı, əncir, xurma, ərik, gilas, gilənar. Qağam yerə nə əkirdi, nə basdırırdı göyərib bitirdi. Bu yaxınlarda gəzib baxdım. Kimsə həyətdəki tut ağacının bir budağını baltalayıbmış, qağam sarıyıb ki, sınıb düşməsin. Tut ağacının qabığı o hissədə artmağa başlayıb. Bir şey olmasa gələn il qabıq baltanın vurduğu zədəni tamam örtəcək. Bu ağac cavandır. Kökləri torpaqda möhkəm durub. Torpaq da münbitdir. Yanından qağam arx çəkib, su axır. Bu tut ağacı hələ çox böyüyəcək.
Xalqlar, millətlər, cəmiyyətlər və küll halında insanlıq, bəşəriyyət də, heç şübhə etmirəm ki, mənim xalqım, millətim münbit, sulu torpaqdakı belə ağaclar kimidir. Daima yaralarını qabıq verib sarıya-sarıya, özü-özünü sağalda-sağalda gedəcək, yaşamlarına davam edəcəklər.
Əgər, baltalar vurulanda onu saxlayanlar, budaqlar sınanda, onu sarıyanlar olsa…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button