DTX: 13 hərbçinin nəşi Ermənistana təhvil verilib

Yayımlandı: 28 Noyabr 2022 18:22

Meyitlərin üzərində hər hansı zorakılıq əlamətinin olmadığı bildirilir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 28-də 13 erməni hərbçisinin nəşinin Ermənistana təhvil verildiyini bildirir.

Qurumun məlumatında onların 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədindəki hərbi əməliyyatlar zamanı həlak olduğu qeyd olunub.

DTX cəsədlərə Hərbi Prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini vurğulayıb:

“Onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib”.

Ermənistan tərəf məlumatı təsdiqləyib.

Azərbaycan sentyabrın 17 və 20-si tarixlərində də 127 hərbçinin nəşini Ermənistana verib.

Ondan əvvəl də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası atəşkəsin 12-13 sentyabrda pozulması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Bu il, sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verib və nəticədə hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button