Elçibəy üstündə qovğa- AZƏRBAYCAN BÜTÖVLƏŞƏCƏK (Mİ?!)

Natiq Cəfərli yazdı:

“Cənubi Azərbaycan məsələsində “Elçibəy sindromu” (Düşünmək üçün)”

“Mən tələbə olarkən rəhmətlik Elçibəylə 2 dəfə görüşmüşəm, hər iki söhbətdə də Təbriz, Cənubi Azərbaycan məsələsindən danışıb. Maraqlı və fəlsəfi söhbət idi, amma praqmatik və siyasi yanaşma deyildi. Rəhmətlik Elçibəy romantik və utopik siyasi duruşa malik, maraqlı vizionu olan, amma real siyasətdən çox uzaq baxışlara malik görkəmli şəxsiyyət idi. Bu gün də bəzi çevrələrdə İran İslam Respublikasına, Cənubi Azərbaycan mövzusuna romantik və utopik baxışların olmasını “Elçibəy sindromu” ilə əlaqələndirə bilərik.
Son illərdə ABŞ-ın Orta Doğuya müdaxiləsi əslində ən çox İrana yaradı – bölgədə ciddi güc və nüfuz sahibi oldu. Bu gün Livanda, İraqda, Yəməndə, Suriyada məhz İran oyunqurucu dövlətə çevrilib. Amma bu İrana maddi olaraq çox baha başa gəlir – İran sanki SSRİ-nin son illərində yaşadığı sindromu yaşayır. SSRİ cənnəti bu dünyada vəd edən absurd ideoloji sistem idi, məhdud resurslarını dünyada Kommunizmin qələbəsinə xərcləyirdi, dünyada ABŞ-a qarşı istənilən rejimləri silahla, pulla dəstəkləyirdi və bu da SSRİ əhalisinin rifah halının aşağı düşməsi ilə nəticələndi. Məntiqsiz iqtisadi sistem, problemli və işlək olmayan utopik ideologiya, mənasız qadağalar, özəl mülkiyyətə düşmənçilik, Əfqanıstana müdaxilə, ABŞ-la silahlanma yarışı – bütün bunlar SSRİ-nin daha tez tükənməsinə, dağılmasına səbəb oldu.
İranda bərqərar olan sistem də SSRİ-nin “dini” formasıdır, sadəcə cənnəti o biri dünyada vəd edir, bölgədə İslam İnqilabının qələbə çalması üçün çalışır, öz xalqının rifah halının pisləşməsi hesabına İraqda, Livanda, Yəməndə, Suriyada “hibrit” müharibə aparır, buna milyardlarla dollar xərcləyir. İranın resursları SSRİ-dən çox-çox məhdud olduğu üçün bu müdaxilələrə və silahlanma yarışına xərclənən vəsait İran iqtisadiyyatını çökdürür, bunun üzərinə də ABŞ sanksiyaları gələndə İranın sosial-iqtisadi vəziyyəti bugünkü bərbad vəziyyətə düşməyə məhkum idi. Həm də İranda əhalinin 70%-ə yaxını 40 yaşına qədər olan insanlardır – onlar İslam inqilabını görməyiblər, o sürəcdən keçməyiblər, onlar İnternet nəslidir, onlar dünyanı gəziblər, tez-tez xarici ölkələrdə olublar, hətta yeni nəsildən olan təqribən 1 mln. insan ABŞ-da, Avropada təhsil alıblar və onlar artıq mənasız qadağaların, məzmunsuz şüarların içində yaşamaq istəmirlər. Bu nəsil etnik mənsubiyyətinə görə deyil də, İrandakı mövcud “oyun qaydalarına” görə sistem dəyişikliyi istəyirlər.
İran böyük potensialı olan ölkədir, dünya qaz ehtiyatlarına görə 1-ci, neft ehtiyatlarına görə isə ilk 5-likdə yer tutan ölkədir, dinamik və gənc nüfuzu var, işləmək, pul qazanmaq istəyən insanları var. İran bazarı sözün yaxşı mənasında “ac” bazardır – yeni texnologiyalara, yeni sistemə ehtiyacı var.
İranda baş verən etirazları etnik zəminə çəkmək ancaq rejimin əlinə oynamaqdan başqa bir şey deyil. Mərkəzi dini hökumət etirazların etnik zəminə çəkilməsində maraqlıdırlar ki, əhalnin böyük bir qismini bu etirazlardan kənarda tutsunlar, öz əməllərini, sərt addımlarını “etnik separatizmə” qarşı mübarizə kimi təqdim etsinlər. Bizim marağımız odur ki, İran dünyəvi, sivil, demokratik və bütöv bir ölkə olsun, indiki mərhələdə parçalanmasın, çünki rejim etnik münaqişələr salaraq prosesləri həmişə qaba güclə əzəcək. İlkin mərhələdə İranın sekulyarlaşması və demokratikləşməsi əsas hədəf olmalıdır. “Elçibəy sindromuna” qapılıb indidən Cənubi Azərbaycana müstəqillik istəmək zərərli və yanlış yoldur.
Yaxşı, bəs biz – Şimali Azərbaycan nə edə bilərik?! Etməli olduğumuz ən vacib məsələ Azərbaycanımızı sosial rifah dövlətinə, demokratik məmləkətə çevirərək Cənub üçün rol-model olmağımız, cazibəli nümunə yaratmağımız ola bilər. Əsas məsələ də məhz budur, biz rol-model olmasaq, cazibə mərkəzinə çevrilməsək, İranda yaşayan soydaşlarımıza heç nə ilə kömək edə bilməyəcəyik.
Sonda bəzi kəsimlərdən indiki Azərbaycan hökumətinə İrandakı məsələlərə susqun qalmaları ilə bağlı ittihamlar haqqında bir neçə kəlmə yazmaq istərdim: Populizmdən uzaq olun, İranın təsir dairələrini nəzərə alın, hökumətdə kim olursa-olsun İrana qarşı ehtiyatlı və hörmətlə davranmağa məcburdur və bu, doğru yoldur, əsl dövlət ərkanına yaraşan yanaşmadır. Belə…”

 

Anar Əsədli cavab verdi:

“Biz hələ başlamamışıq deyə meydanı boş görməyin…”

“Real hərəkatının rəsmilərindən olan Natiq Cəfərli “Elçibəy sindromu” adlı bir status paylaşıb. Dostlar mətni göndərdilər, oxudum və çox üzüldüm. Ölkənin müasir siyasi arenasında yer tutmağa çalışan bir təşkilatın başında duran və çox da iddialı görünməyə çalışan bir gənc siyasətçinin bu cür çaşdırıcı fikrlərlə çıxış edib toplumda yanlış ab-hava yaratması üzücüdür. Amma olsun, öyrəncəliyik bu tip diletant yanaşmalara. Mənim sayın Natiq Cəfərliyə bir neçə sualım var.

Azərbaycanın bölünməsinə səbəb olan Türkmənçay və Gülüstan müqavilələrini bilirsinizmi, məlumatlısınızmı bu haqda və bunu ədalətli hesab edirsinizmi?

Beynəlxalq hüquqda bölünmüş xalqların birləşmə haqqını və hüququnu qəbul edirsinizmi?
Siz Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilat və ya bir fərd olaraq bu ölkənin qüdrətli bir dövlət olmasının yolunun necə görürsünüz ?

Deyəlim ki, Utopiyadır Elçibəyin fikrləri, amma utopik də olsa bir yol təklif etdi, bəs siz bir hərəkat, partiya olaraq nə təklif edirsiniz Azərbaycanın bütövlüyü üçün?

Sizcə praqmatik danışmağı sevənlərin – almanların, vyetnamların, yəmənlərin birləşməsi nə qədər praqmatik idi öz dövrü üçün?

Bizim birləşməmiz niyə praqmatik deyil, utopiyadir?

Bu suallar.

Bir neçə kəlmə də Elçibəyin utopik siyasətçi olması haqqında.
Bu məsələyə keçməmişdən əvvəl kiçik bir bənzətməni qeyd edim. 1831-ci ildə Jül Vern XX əsr Parisini təsvir edən və müasir texnologiyaların bəzi elementlərinin yer aldığı hekayəni mətbəəyə gətirir. Mətbəə sahibi Jül Verni dəli adlandırır, yazdığını isə marazm. Bu gün isə Jül Vernin fikrlərini belə geridə qoyan texnologiya əsrində yaşayırıq. Bəli, doğrudan da, bəşər tarixində elə insanlar var ki, onlar öz dövrlərini qabaqlayan fikrlər söyləyə bilirlər. Belə olmasaydı bəşəriyyəti qabağa aparan nə inqilablar, nə elmi ixtiralar olardı. Biz hələ də at arabasına minib quldarlıq dövründə yaşamağa davam edərdik. Bəşəri qabağa aparan ” praqmatik” natiq cəfərlilər deyil, məhz öz dövrünü qabaqlayıb irəli fikr söyləyənlərdir. Bu, siyasətdə də, elmdə də, sənətdə də belədir.

Elçibəy – Mən Bütov Azərbaycanın prezidenti olacam kimi siyasi platforma ilə çıxış etmirdi ki, kimsə onu siyasi utopiyada ittiham etsin.
Deyirdi ki, Azərbaycan bütovləşməlidir. Bütün parçalanmış xalqlar kimi bu xalqın da bütövləşmək kimi hüququ vardır. Bir vaxtlar Elçibəy Sovet hökümətini nəzərdə tutaraq “bu quruluş dağılacaq” deyəndə bəlkə utopik görünürdü. Amma sovet quruluşu dağıldı. Çünki Elçibəy bir tarixçi idi və hər hansı bir tarixi hadisənin nə ilə bitəcəyini praqmatik hesablaya bilirdi. Elçibəy deyirdi ki, “bir gün güneydə insanlar çıxıb, haray-haray mən türkəm qışqıracaq” və bu gün biz bu siyasi mənzərinin şahidiyik. Hə, biz burada ideoloji olaraq nəyə hazırıq bu başqa bir siyasi tartışmanın mövzusudur.
Elçibəy strateji düşüncə daşıyıcısı idi və bilirdi ki, 10 milyonluq nüfuza və 87 min kvadrat metr əraziyə malik bir dövlətlə 320 min kvadrat km əraziyə və 50 milyonluq nüfüza sahib bir ölkənin, təbii ki, yerləşdiyi bir regionda təsiri və əhəmiyyəti eyni olmayacaq. Bu böyük gücə dönüşəcək gələcək bütövləşmiş bir cümhuriyyətin siyasi, ideoloji təşkilatlanma işini də qururdu.
Siz doğrudanmi Azərbaycanın belə bir gücə çevrilməsini istəmirsiniz?
Və bu əsrin elə ən praqmatik siyasətçisi Elçibəy idi. Gördüyü işləri görə bilsəniz anlayacaqsınız. Mən bu statusu Elçibəyi müdafiə üçün yazmadım, sizin səsləndirdiyiniz fikirlər millətimizə aşağılıq sindromunu aşılayır deyə bu suallar və düşüncələrimi paylaşdım.

Elçibəyin göstərdiyi yol isə bir millətin özunəgüvən məsələsidir. Nəhayət, ümummilli məsələlər üzərində oynamaqla mandat qazanmaq istəyi isə heç kimə baş ucalığı gətirməz. Bu qədər “praqmatik” olmayın və unutmayın – biz hələ başlamamışıq deyə meydanı boş görməyin…”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button