Elçibəyin Ağdam müraciəti: “Düşmən güclü və məkrlidir”

2-ci Prezident Əbülfəz Elçibəyin köməkçisi hörmətli Oktay Qasımov xural.com-a Ağdamın işğalı ilə əlaqədar Prezident Elçibəyin Azərbaycan xalqına müraciətini təqdim edib. Xural.com bu tarixi müraciəti təqdim edir:

“Əziz həmvətənlərim!

Ermənistan ordusunun Ağdam rayonunu işğal etdiyi bu faciəli günlərdə böyük ürək ağrısı ilə sizə müraciət edirəm.

Azərbaycan dövlətinin aprel-may aylarında apardığı fəal xarici siyasət nəticəsində BMT-nin Təhlükəsizlik Şurası 822 No-li qətnamə qəbul edərək ermənilərin Kəlbəcəri işğalını pislədi və qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdi. Bu qətnamənin həyata keçirilməsi üçün ABŞ-Türkiyə-Rusiya üçtərəfli planı işlənib hazırlandı. Həmin plan imzalandıqdan sonra onun icra vaxtını müəyyənləşdirməkdən ötrü  danışıqlara başlandı. Bütün bu müddət ərzində cəbhə xəttində bir dəfə də olsun irimiqyaslı toqquşma qeydə alınmamışdı. Yaranmış sakitlikdən  mümkün qədər əlverişli istifadə etmək üçün biz ordu quruculuğu prosesini sürətləndirdik, buraxılmış səhvləri aradan qaldırmağa, müxtəlif mərkəzlərdən idarə olunan qoşun hissələrini vahid nizami ordu şəklinə salmağa başladıq. Yaz hərbi çağırış planı ilk dəfə olaraq 100%  yerinə yetirildi, lakin bir əsgər də təlimsiz cəbhəyə göndərilmədi. Qısa müddətdə yeni hərbi təlim mərkəzləri yarandı və orada çağırışçıların döyüş hazırlığına başlandı. Lakin iyunun 4-də Gəncədə hökumətə tabe olmaqdan imtina etmiş hərbi hissənin qiyamından sonra bəzi xarici dövlətlər tərəfindən də dəstəklənən qüvvələr respublikada daxili vəziyyəti pozmağa çalışdılar və qarşılarına qanuni prezidenti devirmək məqsədi qoydular. Nəticədə başladığımız bir çox işlər kimi ordu quruculuğunda gedən proseslər də yarımçıq qaldı. Azərbaycanda vəziyyətin qarışmasından istifadə edən ermənilər öz işğalçılıq niyyətlərini davam etdirmək imkanı əldə etdilər və Ağdam üzərinə irimiqyaslı hücuma keçdilər.

İyunun 24-də Milli Məclis pespublika prezidentinin səlahiyyətlərini Ali Sovet sədrinə həvalə etmək haqda konstitusiyaya zidd olaraq qərar qəbul etdi. Bunun ardınca S.Hüseynov Baş Nazir təyin edildi. Hakimiyyəti zor gücünə ələ keçirmiş qüvvələr bütün səylərini torpaqlarımızın qorunmasına yönəldəcəklərinə söz versələr də cəbhə bölgələrində yerləşmiş rayonların müdafiəsi üçün ciddi tədbirlər görmədilər. Bizim çox böyük zəhmət hesabına yaradıb xüsusi təlim keçdiyimiz hərbi hissələr “AXC batalyonları” adı ilə tərksilah edilib buraxıldılar. Nəticədə bir il bundan əvvəl azad etdiyimiz Ağdərə, bundan sonra Füzuli rayonunun 10-a qədər kəndi  və ermənilərin hücumlarına 5 il mərdliklə sinə gərmiş Ağdam şəhəri işğal olundu. Şəhərlərimizin və kəndlərimizin müdafiəçilərinə lazımi kömək göstərilmədi, respublikanın rayonlarında soyğunçuluqla və icra hakimiyyəti başçılarını silah gücünə devirməklə məşğul olan “yeni rejimin tərəfdarları” döyüş bölgələrinə göndərilmədi. Halbuki qiyamçıların əlində kifayət qədər canlı qüvvə və xüsusilə hərbi texnika var idi. Amma onlar Ağdamda ölüm-dirim mübarizəsi getdiyi bir vaxtda Bakıda vəzifə kreslolarını bölüşdürməklə və öz siyasi rəqiblərini aradan götürməklə məşğul olurdular.

Bununla belə bir fikri hamıya çatdırmaq istəyirəm: mən həmişə bütün müvəffəqiyyətsizliklərin günahını yalnız özümüzdə axtarmağın, hər bir uğursuzluğu xəyanətlə izah etməyin əleyhinə olmuşam. Düşmən güclü və məkrlidir. Onun arxasında hər tərəfdən xarici ölkələrin imperiyapərəst xülyalarla yaşayan siyasi və hərbi dairələri, digər tərəfdən isə Zaqafqaziyada gedən müharibələrdən böyük mənfəət əldə edən iqtisadi qüvvələr dayanır. Lakin zor işlədib Bakıda hakimiyyəti ələ almış yeni rəhbərlər siyasi qüvvələr arasında nifaq salmaqla, ordunu parçalamaqda davam etməklə ölkəmizin müdafiə qüdrətini daha da sarsıdır. Və belə bir daxili siyasət Azərbaycanın başına hələ çox fəlakətlər gətirə bilər. Heç bir hakimiyyət davası torpaqlarımızın hesabına aparıla bilməz. Millət qarşısında əsl cinayət budur. Mən hakimiyyət hərislərindən gələcək nəsillərin lənətindən qorxub düşmən dəyirmanına su tökən əməllərindən çəkinməyi tələb edirəm. Mən Azərbaycan ordusunun əsgər və zabitlərini siyasi oyunlara qoşulmamağa, yalnız bir məqsədə-vahid qüvvə şəklində birləşib vətən torpaqlarını erməni işğalçılarının işğalından xilas etmək məqsədinə xidmət etməyə çağırıram. Bütün tərəfdarlarımı öz səylərini ilk növbədə xarici düşmənə qarşı siyasi və hərbi yollarla mübarizəyə səsləyirəm.

Azərbaycan Respublikasının prezidenti kimi mən qəti əminəm ki, xalqımız öz sözünü deyəcək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda uzun illər apardığımız mübarizə bütün maneələrə baxmayaraq qələbə ilə nəticələnəcək.”

24.07.1993-cü il

Ordubad, Kələki        

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button