Elmira Axundovanın oğlu niyə dələduz şərikindən şikayətçi olmayıb?

801 məhkumun sırasında adı olmayanlardan biri də Azərbaycan vətəndaşlarına qarşı külli miqdarda dələduzluq etmiş Elnur İbrahimovdur.

Əfv öncəsi belə xəbərlər vardı ki, hazırda 9 illik həbs həyatı yaşayan Elnur İbrahimova onunla əlbir olmaqla külli miqdarda dələduzluq etmiş, lakin əməlləri araşdırılmayan şərikləri azadlığa çıxacağını vəd ediblər. O zaman Elnur İbrahimov və digərilərinin əməllərindən zərərçəkənlər bu gedişata qəti şəkildə etiraz etdilər. Təkcə hazırda səfir olan Elmira Axundovanın oğlu Həbib Axundov şikayətə qoşulmadı. Halbuki o da sənəd üzərində Elnur İbrahimovun əməlindən zərərçəkəndir.

Digər zərərçəkənlər isə əfv öncəsi Əfv Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə məktub ünvanlayıblar. Məktublarına Elmira Axundova və oğlu Həbib Axundovun səs yazılarını, Elnur İbrahimovla yazışmalarını da əlavə etmişdilər.

Zərərçəkənlər məktubda yazırdı:

– Hörmətli Samir Nuriyev!

Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. Biz Azərbaycan vətəndaşları olaraq dələduzluqla üz-üzə qalmışıq. Bu gün də külli miqdarda borcun içindəyik. Bakı Ağır Cinayətlər Məhkəməsi bizə qarşı dələduzluq etmiş şəxslərdən yalnız Elnur İbrahimovun barəsində hökm çıxardı. O, 4 ildir ki, həbsdədir və bu günə qədər bizlərə vurduğu 500 min manata yaxın ziyandan 1 qəpik də ödəməyib. Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 73.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Elnur İbrahimov bizə vurduğu zərərdən 1 qəpik belə ödəməyib!

Hörmətli Samir Nuriyev!

Sizdən xahiş edirik ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar veriləcək əfv fərmanına dələduzluq etmiş və ziyanı ödəməkdən boyun qaçıran Elnur İbrahimovun adının salınmasının qarşısını alasınız.

Bəs Elnur İbrahimov kimdir? Onun əfv üçün müraciəti zərərçəkənlər tərəfindən niyə belə qəzəblə qarşılanır?

2013-cü ildən başlayaraq, o zaman deputat, hazırda səfir olan Elmira Axundovanın xeyir-duası və birbaşa himayəçiliyi ilə oğlu Həbib Axundov xeyli insanı ətrafına toplayıb. Elmira Axundova oğlunun biznes qurduğunu deyib, hər kəsi həmin biznesə pul yatırmağa çağırıb. Elmira Axundovanın bu çağırışından sonra qeyri-rəsmi məlumatlara görə, 30 milyon, məhkəmə sənədlərinə görə, 10 milyon manata yaxın pul toplanıb. İlk dövrlərdə Həbib Axundov biznes adı ilə pul aldığı insanlara divident verib, onlara verdiyi pulları biznesdən gələn gəlir kimi göstərib. Az müddət sonra isə Elmira Axundova oğlunun pul aldığı insanları toplayıb və “biznes ruxnul” deyib. Mərəkə də bundan sonra qopub, insanlar pullarını Elmira Axundovadan, onun oğlu Həbib Axundovdan tələb etməyə başlayıblar. Bu vaxt ortaya “günah keçisi” Elnur İbrahimov atılıb. Həbib Axundov zərərçəkənlərin gözü qarşısında hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olub, özünü isə o zaman Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan vaxtından əvvəl azad edəcəyi vədini verib. Bütün bunlar elə də uzaq olmayan 2013-cü ildə baş verib. Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasion məqamlar var. Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır. Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.

Həmin ifadədən sitat:

“Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq, mən ona pul vermədim və soruşdum ki, bu işi  kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, bu iş monopoliyadadır. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Söylədi ki, biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm”.

Lakin Elnurun belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, Milli Məclisin deputatı Elmira Axundovanın oğlu olması və Həbibin özünün Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı”.

Ziya Vəliyev ifadəsinin davamında Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.

Sitat: “Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib maşında Elnura deyirdi ki, sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəyəm. Deyirdi ki, mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni “yarım srok”a “içəri”dən çıxartdıracağam”.

Zərərçəkənləri də qəzəbləndirən Elnur İbrahimova verilən “yarım srok” vədinin gerçəkləşməsi üçün əfv öncəsi ciddi hərəkətliliyin olması idi. Görünür, Əfv Komissiyasında köhnə qaydalar daha işləmir və Elnur İbrahimov cəzasını son gününə qədər çəkməklə boynuna məhkəmə hökmü qoyulan mülki iddialar üzrə də cavab verməli olacaq. Həmin mülki iddialar üzrə vurulmuş zərəri ödəməlidir.

Yada salaq ki, bu iş üzrə Elnur İbrahimov uzun müddət axtarışda olub. 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın səs yazılarında həmin görüşdə Elnur İbrahimov ona işlə bağlı “rasklad” verdiyini qeyd edir. Elmira Axundova inkarçılıq mövqeyində dayansa da, bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimovun hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var. Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button