Ermənistan Azərbaycandan ərazilər istəyir

Qnel Sanosyan 4 kəndin qaytarılması ilə bağlı qərarın olmadığını deyir

Ermənistan hesab edir ki, xəritələrə əsasən, Azərbaycan onlara ərazilər qaytarmalıdır.

Bu barədə Ermənistanın Ərazi İnfrastrukturları naziri Qnel Sanosyan yerli jurnalistlərə deyib.

O, həmin torpaqların Tavuş rayonu ərazisində olduğunu bildirib.

Nazirin sözlərinə görə, 4 kəndin qaytarılması ilə bağlı heç bir qərar yoxdur:

Söhbət iki ölkənin müvafiq komissiyalarının sərhədlərinin demarkasiyası prosesinə yönəlmiş işindən gedir, dinamika var, görüşlər keçirilir, növbəti görüşün nə vaxt olacağını bilmirəm. Hazırda hüquqi və sənədləşmə prosesi gedir, daha sonra demarkasiya prosesi baş tutacaq”.

Yerli əhalinin qeyri-müəyyənliyinə gəlincə, Sanosyan deyib ki, bu, bəzi adamların anlaşılmaz xəbərlər yaymasından irəli gəlir:

Baş nazir çox açıq şəkildə bildirdi ki, əgər xəbər və ya dəyişiklik olarsa, o, növbəti görüşə də gələ bilər. Çözüm yoxdursa, dəyişiklik yoxdur və bəlkə də, hər gün görüşməyə ehtiyac yoxdur. Amma istər Voskeparda, istərsə də bələdiyyədə, demək olar ki, hər gün izahatlar olur”.

Qnel Sanosyan. Foto: aysor.am

Sərhəd bölgələrində infrastruktur var ki, orada kəndin suyu və ya qaz xətti ola bilər, indi demarkasiya prosesindən sonra anlamaq lazımdır ki, sərhədçilər orada nə vaxt olacaq, harada dayanacaqlar, bir-birinin yanında dayanacaqlarmı, yoxsa bir az uzaqda? Neytral zona olacaq, yoxsa, neytral zona yaransa, bu zonada infrastruktur olacaq, yoxsa yox? İndi bir sıra amillərdən ibarət adi təşkilati işlər aparılır və hər bir departamentin vəzifəsi iki qonşu ölkənin bu prosesdən keçməsini təmin etmək və hansı məsələlərin ortaya çıxa biləcəyini müzakirə etməkdir”, – deyə nazir əlavə edib.

Nazir onu da qeyd edib ki, Ermənistan ərazisində yerləşən ev demarkasiya nəticəsində o biri tərəfə keçə bilməz.

O, bütün prosesin sülhə əsaslandığını bildirib.

Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə Meydan TV-yə deyib ki, bu məsələ ilə bağlı ölkənin mövqeyi Baş nazirin birinci müavininin ofisi tərəfindən bildirilib:

Yəqin, açıqlamanı görmüşdüz. Kəndlərimiz ilə bağlı mövqeyimiz aydındır. Ermənistan tərəfinin guya hansısa 31 kəndinin ərazisinin işğal altında olduğu barədə iddiası əsassızdır”.

Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.

Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:

Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır”.

“Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”, – deyə məlumatda qeyd olunur.

Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.

O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:

“İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.

Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyən Paşinyan əlavə edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button