Ermənistan Azərbaycanı humanitar hüquqları pozmaqda ittiham edir

Yayımlandı: 3 Dekabr 2022 15:49

ETSN isə deyir ki, erməni tərəf qanunsuz qazıntı aparır

Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarının həyata keçirildiyini iddia edir.

Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) açıqlamasında bildirilir.

Ermənistan tərəf isə deyir ki, Azərbaycan Xankəndi (Stepanakert) – Goris yolunu bağlayıb, Dağlıq Qarabağa tibbi ləvazimat və dərmanların daşınmasının qarşısını alıb.

Bu məlumatı isə tanınmayan, Qarabağ separatçılarının idarə etdiyi Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi açıqlayıb.

ETSN hesab edir ki, ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.
ETSN buna görə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirə edir:

“Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda bildirilib.
Nazirlik onu da bildirir ki, bu gün, saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıb.

Tanınmayan Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi isə dekabrın 3-də yaydığı məlumatda həmçinin, bildirir ki, Azərbaycan tərəfin yol bağlaması beynəlxalq humanitar hüquqları pozur və Dağlıq Qarabağda humanitar fəlakət yaratmaq məqsədi daşıyır:

“İndiki vəziyyətdə Artsaxa (Qarabağ-red) tibbi ləvazimat və dərmanların daşınması qeyri-mümkün hala gəlib. Üstəlik, bu halda, səhhətində ciddi problemləri olan insanların Artsaxdan Ermənistana köçürülməsi ciddi problemə çevrilib”.

Laçın dəhlizi. Mənbə: Karabakh Records

Sonda beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar vəziyyəti tənzimləmək və gözlənilən humanitar fəlakətin qarşısını almaq üçün dərhal müvafiq addımlar atmağa çağırılıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Həmin vaxtdan bu yana ikisi böyük çaplı olmaqla, tərəflər arasında atəşkəs dəfələrlə pozulub. Hər dəfəsində də Ermənistan Azərbaycanı, Azərbaycan isə Ermənistanı günahlandırıb.

Son zamanlar isə Azərbaycan tərəf tez-tez açıqlama verərək bildirib ki, erməni diversiya qrupları bölgədə təxribat törədir, mina basdırır, Rusiya sülhməramlılarının nəzarət etdiyi yolla Qarabağa silah daşıyır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistan tərəfindən işğal edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button