“Erməniyə qardaş deyənlər bu gündən mənim qardaşım deyillər…”

Seymur Verdizadə 

Yerli əhalinin “qul bazarı” adlandırdığı məşhur körpünün altından keçəndə, saçlarına çoxdan qar ələnmiş yaşlı bir kişi daşların üstündə əyləşmiş tanışlarından ayrılıb, mənə tərəf gəldi. Biz üz-üzə dayananda onun ətli dodaqları səyriyir, qırışlarla naxışlanmış sifəti rəng alıb, rəng verirdi. Bi neçə saniyə belə davam edəndən sonra titrək səslə soruşdu: “Siz Seymur müəllimsiniz?”
Adətən, belə hallarda başımı tərpətməklə kifayətlənsəm də, qarşımdakı kişinin yaşına hörmət əlaməti olaraq, ehtiramla cavab verdim: “Bəli, mənəm”.
Ağsaqqal nimdaş geyiminə, cırıq ayaqqabılarına ötəri nəzər salıb, baxışlarını üzümə zillədi: “Mən Əjdərəm. Əjdər Qeybullayev”.
Yerimdə donub qaldım. Handan-hana utana-utana soruşdum: “Əjdər müəllim, burda nə edirsiniz?”
Kişi baxışlarını yerə zilləyib, pıçıltı ilə danışmağa başladı: “Çörəkpuluna çıxıram. İmkan olanda onun-bunun bağında işləyib, beş-on manat qazanıram. Oğlum xəstə olduğu üçün ailənin yükü mənim çiynimdədir”.
Həmin vaxt ürəyimdə bir arzu baş qaldırdı: kaş, yer yarılaydı, ora girib dağ boyda kişini bu vəziyyətdə görməyəydim…
Ad-soyad şərti olduğu üçün cəbrayıllılar həmin adamın kim olduğunu heç vaxt bilməyəcəklər. Heç kim inciməsin, bu səhər “qul bazarı”nda qarşılaşdığım o adamın adını yazıb, Cəbrayıl camaatının belini qıra bilmərəm. Onsuz da 1993-cü ildən bəri belimiz dikəlmir…
Əjdər kişi bizim rayonda ən imkanlı adamlardan biri sayılırdı. Əliaçıq, xeyirxah olduğu üçün evlənmək istəyənlərə kəmək edir, dünyasını dəyişən adamların ailəsinə təmənnasız yardım edirdi. Cəbrayıl camaatı onu kökü torpağın dərinliklərində gizlənən ulu çinarlarla müqayisə edirdilər…
Əjdər müəllim, onun kimi yüz minlərlə insan yurd-yuvasından, isti ocağından erməni təcavüzü nəticəsində didərgin düşüb. İşğal, ağır köçkün həyatı on minlərlə kişini arvad, atanı övlad yanında başıaşağı edib. Minlərlə Azərbaycan oğlu bu müharibədə həyatını itirib. Əmim oğlu Mais erməni gülləsi ilə şəhid olanda cəmi 25 yaşı vardı. Qarı düşmən onun cəsədini belə ailəsinə verməyə razı olmadı. Maisin valideynləri, əzizləri bu gün sarılmağa başdaşı tapmırlar. Bu gün Zaranın təəssübünü çəkən, bu prosesdən siyasi divident qazanmağa çalışan buqələmunlar Maisin bir qıçı boyda deyillər…
Mən, əbədi düşmənçiliyin əleyhinəyəm. Amma bu bizə özümüzü arsızlığa qoymağa əsas vermir. Qarabağ müharibəsində təkcə Ağdam rayonu 5 min şəhid verib. Xocalı faciəsini ruslarla birlikdə ermənilər törədiblər. Ana bətnindəki körpəni dost, qardaş dediyiniz erməni xalqının nümayəndələri süngüyə keçiriblər. Yeddi yaşlı uşağın gözünü çıxaran, yetmiş yeddi yaşlı qadının alnının dərisini soyanlar bəzi yaltaqların günahını boynuna götürməyə çalışdığı erməni xalqının nümayəndələri olub. Ermənistanda elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd, elə bir məhəllə yoxdur ki, orda Azərbaycan xalqına güllə atan ən azı beş-altı adam yaşamasın. Siz bunları nə tez unutdunuz? Doğrudanmı, yaddaşınız bu qədər qısadır? Bəlkə həkimə gedəsiniz…
Seçim sizə aiddir. Erməniyə dost, yoldaş, hətta qardaş deyə bilərsiniz. Amma bir şərtim var: erməniyə qardaş deyənlər bu gündən mənim qardaşım deyillər…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button