Əvəz Zeynallının məhkəməsində Baş Prokurorluğun bütün ittihamları belə darmadağın olur!

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə şahid qismində ifadə verən  sahibkar Nağı İsmayılov bildirib ki, Yevlax yolunda yanacaqdoldurma məntəqəsi olub:

“2004-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Ucar yolunu çəkəndə mülkiyyət hüququmu pozmuşdu. Az qala 20 ildir məhkəmələri sürünürəm. Müvafiq orqanlara müraciət etsəm də mənə ayrılan kompensasiyanı vermədilər.  Binəqədi məhkəməsinə müraciət etdim. Şikayətim təyin olunmadı. Bütün məhkəmələr qərarı qüvvədə saxladı. Ali Məhkəməyə şikayət edəndən sonra qərara gəldim ki, mediada problemi işıqlandırım. Azərbaycan Nəşriyyatında olan bütün mətbu orqanlara müraciət etdim. 6-cı mərtəbədə “Xural TV” yazılan lövhəni gördüm və qapını döydüm. Məni bir xanım qarşıladı, Əvəz Zeynallını görmək istədiyimi dedim. Əvəz Zeynallı ilə görüşdüm, dərdimi danışdım. Sağ olsun, imkan yaratdı, İki dəfə Xural TV-də çıxış elədim. Ondan sonra məni DİN-nin Banditizmlə Mübarizə İdarəısinə çağırdılar. Dedilər ki, səninm məsələni müsbət həll etməyə çağıracıq, ancaq bir də Xural TV-də çıxış etmə. Mən də inandım və bir daha Xural TV-yə çıxmadım. Nəticə etibarilə Xural TV-də çıxışımdan sonra Ali Məhkəmə qərarı ləğv edib işi yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərdi”.

Şahid bildirib ki ekspertiza qərarı ilə ona 2 milyon 700 min manat kompensasiya verilməlidir:

“Amma məhkəmə qərarı ilə mənə 341 min manat vermək istəyirlər. Mən də bununla heç cür razılaşa bilmərəm. Çünki YDM-min yeri dəyişdirilən zaman işə mütəxəssislər cəlb edildi və onlar bu proses üçün lazım olacaq minimum 2 milyon 700 min manatın üzərində dayandılar. Lakin Saleh Məmmədov həmin məbləği mənə ödəməkdən qəti imtina etdi… Bu gün də mübahisəmiz davam edir.”

Digər şahid Nəzakət Cəfərova isə bildirib ki, Əvəz Zeynallını yox, Elnur Şükürovu qiyabi tanıyır: “Sumqayıtda evimizin pəncərəsinin altında hər gecə narkomanlar toplaşırdı. Bunun qarşısını almaq üçün həmin boş yeri almaq istədim. Bu barədə qardaşıma dedim. O Sumqayıt İcra hakimiyyətində yaxın qohumu olan Teymur Rəhimov adlı dostu ilə danışdı. Bir müddət sonra Teymur dedi ki, danışmışam, sənəd almaq üçün 14 min pul lazımdır. Mən də dedim o qədər pulum yoxdur. Bir gün Teymur dedi ki, danışmışam 7 min pul istəyirlər. 7 min manatı Teymura bank kartımla göndərdim ki, sabah bizi aldadarsa, əlimdə hansısa sübut olsun. Bir müddətdən sonra həmin yerdə olan ağacı kəsməyə başladılar. Bird aha vurğulayım ki, ağacın kəsilməsilə bağlı mənim heç bir istəyim olmayıb. Teymur Rəhimov dedi ki, ağacın kəsilməsi üçün də 4 min manat verməlisən, yoxsa basin ağrayacaq. Məcbur qalıb, ona daha 4 min manat verdim. Sonra o dedi ki, artıq icazə almışam, başlayın tikin. Mən sənəd tələb etdim, o dedi sənəd yoxdur. Mən dedim ki, ya pulumu qaytar, ya da şikayətə gedəcəm. Sumqayıt prokurorluğuna şikayət etdim. Ondan sonra  Teymur oğluma zəng vurdu ki, sənəd hazırdı, gəlin İcra hakimiyyətindən aparın. Ona inanmadım, elə bildim ki, mənə qarşı oyun qurur, ona görə getmədim. Daha sonra oğlumun tanışı Elnur dedi ki, Teymur sizi aldadıb, o heç bir sənəd düzəltməyib, pulunuzu geri alın. Elnur dedi ki, çalışıb,  sənədi alacaq və bir neçə gündən sonra da dedi ki, sənəd hazırdır, get sənədi götür, obyektini tik. Mən getdim, sənədi götürdüm və tikintiyə başladım. Bu gün də obyektimi tikib, icarəyə vermişəm.

Sumqayıt şəhər prokurorluğuna Teymur Rəhimovla bağlı şikayət yazmışdım. Bir müddətdən sonra  iki nəfər gəldi ki, bizimlə prokurorluğa getməlisən. Qorxdum, onlarla getmədim, özüm taksi ilə getdim. Məni Baş Prokurorluğun İstintaq İdarəsinə gətirdilər. Orada bir otaqda özünü Elçin Musayev kimi təqdim edən şəxs dedi ki, Teymuru qoy bir kənara, yaz ki, pulu Elnur Şükürova vermisən və ondan da eşitmisən ki, bu işi Əvəz Zeynallı düzəldib. Dedim ki, mən Əvəz Zeynallının heç adını belə eşitməmişəm, Elnuru da cəmi iki dəfə görmüşəm, onda da ona bir qəpik də olsun pul verməmişəm. Mən pulu Teymur Rəhimova vermişəm, bu gün də ondan şikayətçiyəm. Mənə Mehman Hümbətov adlı şəxs israrla bildirdi ki, nə olur olsun Elnur Şükürovun və Əvəz Zeynallının adını ərizədə yazmalısan. Mən etiraz etdim. Dedim ki, bu gün yazaram, sabah çiynimdəki mələklər məni sorğu-suala tutanda onlara nə cavab verərəm? Məni Elçin Musayev inandırmağa çalışdı ki, mənim bu ərizəmlə adam tuta bilməzlər, sadəcə bir ifadədir, altından imza at yetər. Bu gün də Məhkəmədə bildirirəm ki, Elnur Şükürov mənim məsələmin həll olunmasında təmənnasız yardım göstərib. Heç bir zaman üzünü görmədiyim, tanımadığım Əvəz Zeynallını da oğlum telefonda Xural TV-ni açıb və mənə göstərib, deyib ki, bax, haqqında danışılan Əvəz Zeynallı bu adamdır. Vəssalam“.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin ötən 11 ayda qanunu tapdalayaraq yaydığı məlumatda bildirilirdi ki, guya Əvəz Zeynallı ayrı-ayrı şəxslərə hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət alıb, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri ediblər. Ona görə də Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Halbuki, Ağır Cinayətlər Məhkəməsinə dəvət alan şahidlərin heç biri bu ittihamları təsdiqləmir.

Əvəz Zeynallı və Elnur Şükürov həbslərinin siyasi sifariş əsasında, yüksəkvəzifəli məmurlar tərəfindən həyata keçirildiyini bəyan edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button