Eynulla Fətullayev Laçından paylaşımı ilə kimlərə mesaj verir? – TƏFƏRRÜAT

Eynullah Fətullayev yenə qaş düzəltmək istədiyi yerdə vurub gözü də çıxardıb. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Məşədi İbad demişkən, Eynulla bəy bu məsələdə bir növ adətkərdədir. Onun adətkərdəliyi isə özünü daha çox beynəlmiləlçi kimi göstərmək istəməsidir. Bəri başdan deyək ki, bu, dövlətçiliyimizə qarşı olduqca zərərli yanaşmadır.

Deməli, Eynulla Fətullayev bu gün Laçına növbəti dəfə səfər edib. Və səfər çərçivəsində adətinə uyğun olaraq selfi çəkdirib. Çəkdirdiyi selfini də özünün facebook səhifəsində paylaşıb. Bax, Eynulla bəy bu məqamda “çaşıb”. Çaşmağı da belə olub ki, statusdakı şərhində Azərbaycan ərazisini göstərərək “o tərəf Ermənistan ərazisidir”, – bildirib. Təbii ki, onun bu səbatsızlığını ilkin olaraq paylaşımını izləyən soydaşlarımız aşkar edib. Və ona qarşı haqlı iradlarını bildiriblər ki, çayın o tayı da Azərbaycan ərazisidir.

Sosial şəbəkə istifadəçilərinin haqlı iradları qarşısında geri çəkilən Fətullayev fikrinə düzəliş edib: “Qarşıdakı dağlar tərəfi Ermənistan ərazisidir”.

Bax, indi gəldik türklər demiş, “zurnanın zırt dediyi yerə”. Bilmədiyin məsələ haqqında danışmaq ayıb sayılır. Amma bilə-bilə səhv danışmaq artıq çox dərin və çirkin mətləblərdən xəbər verir. Və bu adamın son statusu da xeyli suallar və şübhələr doğurur.

Birincisi, Həkərinin də, Göyçənin də o tayı qədim Azərbaycan torpaqlarıdır. Və hər bir azərbaycanlı bunu kəlməbaşı deyir. 7-dən 77-dək hər bir azərbaycanlının bildiyi adi həqiqəti Eynulla bəyin bilməməsi xeyli təəccüb doğurur. Yəqin ki, Fətullayev də həqiqəti bilir. Amma bu cür ifadə etməyi daha məqsədəuyğun hesab edir. Ona görə ki, o, vətənpərvər yox, beynəlmiləlçidir. Belələri üçünsə inzibati ərazi vahidləri vacib deyil. Vacib olan xarici ölkədəki dostlarını razı salmasıdır. Əslində Eynulla Fətullayev bu paylaşımı da Qərbdəki dostları üçün edib. Yəni qızım sənə deyirəm, gəlinim sən eşit.

Burada ikinci böyük yanlışlıq ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya problemlərinin pik həddində Eynulla Fətullayev şəkil çəkib göstərir ki, çayın o tayı Ermənistan ərazisidir. Yəqin ki, çoxbilmiş erməni gədələri də artıq Eynulla bəyin paylaşımını çoxdan “skrın” ediblər. Və zamanı gələndə onu ortaya qoyacaqlar ki, Azərbaycanın ən populyar saytlarından birinin baş redaktoru da etiraf edir ki, buraların hamısı Ermənistan ərazisidir.

Bunları isə 30 ilə yaxın siyasi arenada olan Eynulla Fətullayev bilməmiş deyil. Sadəcə o, bu tip paylaşımları ilə beynəlmiləlçi imicinə yeni rəng qatmaq istəyir. Yoxsa Laçına havasını dəyişməyə gedən birisi niyə sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olsun ki?!

Görünür, Eynulla Fətullayevə laçınlıların sevinci, azərbaycanlıların qüruru yox, ermənilərin və Qərbdəki bəzi dostlarının fikirləri və “malades”i daha vacibdir. Bunun başqa bir yozumu yoxdur. Zatən Eynullanın beynəlmiləl ruhu və erməni sevgisi dəyərli oxucularımıza çoxdan bəllidir. O, zaman-zaman bunu gizlətməyib.

Fətullayevin ermənilərə dombalan sevgisi və rəğbəti haqda heç nə danışmayacağıq. Çünki hər kəs onun bu şübhəli məhəbbətindən hər kəsin az-çox xəbəri var. Vaxtilə Fətullayev deyirdi ki, Xocalı soyqırımını azərbaycanlılar törədib. Erməni separatçılarından, səhv etmirəmsə, Qukasyandan müsahibə almışdı və onu qondarma respublikanın prezidenti kimi təqdim etmişdi. Hələ yadıma düşən budur…

Bəli, o, heç vaxt yumşaq desək, ermənilərə olan simpatiyasını gizlətməyib. Elə son paylaşım da bunun sübutudur.

KONKRET.az-ın ANALİTİK QRUPU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button