”Fiziki təzyiqə, işgəncəyə məruz qalmışam”

Əfqan Sadıqov

Əfqan Sadıqlının apelyasiya şikayəti təmin edilməyib

İyulun 13-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Sadıqlının 30 sutka inzibati həbsi barədə qərardan verilmiş şikayətə baxılıb. Həmin qərar iyulun 7-də Nərimanov Rayon Məhkəməsində çıxarılıb.

İddia olunur ki, Əfqan Sadıqlı iyulun 7-də səhər saat 09:15-də Bakıda yolla gedərkən özü-özünə söyüş söyüb. Bu zaman o, əməliyyat tədbiri keçirən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına mane olub. Polislər yaxınlaşıb onu intizama dəvət etsələr də, xeyri olmayıb. Ona görə də protokollaşdırıblar. Daha sonra məhkəmə qarşısına çıxarılıb.

Apelyasiya Məhkəməsində çıxış edən Ə.Sadıqlı özü də, vəkili Cavad Cavadov da əslində, belə bir hadisənin olmadığını söyləyiblər.

Vəkil məhkəmədə bir neçə vəsatət qaldırıb. Onlardan biri jurnalistin anası, bacısı və həyat yoldaşının dindirilməsi haqda olub. Çünki Ə.Sadıqlı iyulun 6-da günorta saatlarında Cəlilabaddan, anasının yaşadığı evdən aparılıb:

“Bu adamların dindirilməsi sübut edəcək ki, Əfqanın iyulun 7-də səhər saat 09:15-də Bakıda söyüş söyməsi yalandır. Onu ayın 6-da anasının evindən gəlib Cəlilabad Rayon Polis Şöbəsinə aparıblar, oradan da Bakıya – Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Protokolda yazıblar ki, guya, Əfqanın özü-özünə söyüş söyməsi həmin vaxt əməliyyat keçirən polislərə maneçilik törədib. Sorğu verilsin, görək ki, həmin gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları həqiqətən əməliyyat keçiribmi? Bir də Əfqan Sadıqlının söyüş söyə-söyə getdiyi iddia olunan ərazidəki təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsini xahiş edirik. Görək ki, Əfqan Sadıqlı orada olub, yoxsa yox”.

Hakim Vaqif Mursaqulov vəsatətlərin heç birini təmin etməyib.

Daha sonra Əfqan Sadıqlı özü çıxış edib. O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə, təhqirlərə məruz qaldığını bildirib:

“Mən iyulun 6-da səhər tezdən rayona getdim. Günorta təxminən saat 13:00 radələrində çatdım. Bir saat sonra iki polis gəldi, onlardan biri sahə müvəkkili idi. Şöbəyə getməyimi istədilər, dedilər, rəis çağırır. Getdim. Təxminən 15 dəqiqə sonra əllərimi qandallayıb, məni Bakıya gətirdilər. “Bandotdel”ə təxminən axşam saat 6-7 radələrində çatdıq. Məni səhər 9-a qədər kamerada saxladılar. Səhər yuxarı qaldırdılar, tələb elədilər ki, küçədə söyüş söyməyim haqda izahat yazım. İmtina etdim. Başladılar döyməyə, yumruq-təpiklə başıma, bədənimə o qədər vurdular ki, huşumu itirdim. Söyüş söyə-söyə vururdular. Axırda gördüm ki. mümkün deyil, izahatı yazmağa məcbur oldum”.

Əfqan Sadıqlının sözlərinə görə, BMCMİ-də ona deyilib ki, külli miqdarda narkotik ittihamıyla həbs olunmadığına görə Allaha şükr etdin:

“Dedilər ki, bura bilirsən haradır? Biz istədiyimizi eləyirik və elətdiririk. Sən şükür elə ki, inzibati ilə canını qurtarırsan, hələlik”.

Daha sonra vəkil Cavad Cavadov bir daha çıxış edərək, müvəkkilinin təqsirsiz olduğunu bildirib:

“Bu adam dəli deyil ki, səhər saat 9:15-də küçədə özü-özünə söyüş söyə-söyə getsin? Bunu etmək üçün adamın gərək psixi problemləri olsun. Təəssüf ki, son vaxtlar inzibati həbsləri bu cür rəsmiləşdirirlər”.

Əfqan Sadıqlı da günahsız olduğunu bildirib və məhkəmədən bəraət istəyib.

Lakin hakim Vaqif Mursaqulov Nərimanov Rayon Məhkəməsinin 30 sutka inzibati həbs qərarını dəyişmədən qüvvədə saxlayıb.

Jurnalist Əfqan Sadıqlı həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilmişdi.

“Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqlı 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.

Jurnalist Əfqan Sadıqlı növbəti dəfə iyulun 6-da Cəlilabad rayonunda saxlanılıb. Saxlanma səbəbi ilə bağlı ailəsinə heç bir məlumat verilməyib. İyulun 9-da Daxili İşlər Nazirliyi onun və digər 9 nəfər vətəndaşın həbsi ilə bağlı məlumat yayıb. Səbəb kimi Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə paylaşım etmələri göstərilib. Onlar qeyri-qanuni çağırışlar etməkdə təqsirli bilinərək 30 gün müddətinə həbs ediliblər.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İES-də bir blokun yanması nəticəsində ölkədə elektrik enerjisinin verilməsi dayandırılıb. İyulun 4-də isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı sui-qəsdə məruz qalıb. Hər iki hadisə ölkə ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button