Fransa Ukraynaya qoşun yeritməsi ilə bağlı məlumatları təkzib edir

Fransa Müdafiə Nazirliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin Parisin Ukraynaya 2 minə yaxın fransız əsgəri göndərməyə hazırlaşdığına dair bəyanatlarını “dezinformasiya” adlandırıb.

“Bu, Rusiyanın kütləvi dezinformasiyadan sistematik istifadəsinin daha bir nümunəsidir”, – nazirlik bildirib.

Daha əvvəl Rusiya mediası Narışkinin fransız kontingentinin Ukraynaya göndərilməyə hazır olduğunu və ilkin mərhələdə onun təxminən 2 min nəfər olacağını iddia edən bəyanatından sitat gətirib. SVR rəhbəri bəyan edib ki, bu bölmə Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə çevriləcək: “Bu o deməkdir ki, o, Rusiya dünyası ərazisinə indiyədək qılıncla gəlmiş bütün fransızların taleyini yaşayacaq”.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda NATO ölkələrindən, o cümlədən Fransadan Ukraynaya hərbçilərin göndərilə biləcəyini istisna etməyib. Onun sözləri NATO müttəfiqləri arasında canlı müzakirələrə səbəb olub və bir çox ölkələrin nümayəndələri belə bir ehtimalı nəzərə almadıqlarını söyləyiblər. Makron dəfələrlə sözlərinə aydınlıq gətirib, xüsusən də Ukraynaya dəstək üçün “qırmızı xətlər”in olmamalı və manevr imkanlarının saxlanması lazım olduğunu bəyan edib. Eyni zamanda Makron qeyd edib ki, hələlik, Ukraynaya hər hansı hərbi personalın göndərilməsindən söhbət getmir və gələcəkdə hər hansı kontingent göndərilərsə, o, Rusiya qoşunlarına qarşı hücum əməliyyatlarında iştirak etməyəcək.

Rəsmi Moskva iddia edir ki, çoxlu fransız muzdluları Ukrayna tərəfində müharibədə iştirak edir və onlarla fransız bu yaxınlarda Xarkova hücum zamanı öldürülüb.

Fransada müəyyən sayda ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşə biləcəyini inkar etmirlər, lakin qeyd edirlər ki, bu, onların sırf şəxsi təşəbbüsüdür və söhbət muzdlulardan yox, nizami Ukrayna ordusunun hərbi qulluqçularından gedir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button