Gülər Əhmədova Facebook sosial şəbəkəsini bağlatdırmağa calışıb

22.10.2012

Onun bu cəhdləri saytın mərkəzi serverlərinin xaricdə quraşdırılması səbəbindən baş tutmayıb.

G.Əhmədovanın əsassız və saxta ittihamlarıyla həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edir. Proses zamanı Ə.Zeynallıya təqdim olunan istintaq materiallarında sabiq deputat G.Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə etdiyi daha bir şikayət məktubunun ictimai marağa səbəb olacağını düşünərək, onu dərc etmək qərarına gəldik. Hazırda təqdim etdiyimiz məktub G.Əhmədovanın şikayəti əsasında KQMİ-nin rəis müavini Ə. Nağıyevə KQMİ istintaq idarəsinin rəisi Əli Quliyevin ünvanladığı məktubdur. Bu məktubda facebook.com, eləcə də etibarlı wordpress.com sayt və bloqunun bağlanması tələbi irəli sürülüb. Hər 2 məktubu Cinayət materiallarına daxil olunan variantda oxucularımıza təqdim edirik.

“Azərbaycan Respublikası Baş Prokuroru yanında

Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəis müavini Ə. Nağıyevə

İstintaq prosesində AR Milli Məclisinin deputatı Gülər Əhmədova kompakt CD disk əlavə edilmiş şikayət ərizəsi ilə müraciət edərək          “ Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən törədilmiş cinayətlə bağlı prokurorluğa rəsmi müraciətinə görə “ Xural” qəzetinin əməkdaşları və müxalifət yönümlü şəxslər tərəfindən təqib olunduğunu, onlar tərəfindən mətbuatda şərəf və ləyaqətini alçaldan məlumatların, fikirlərin və söyüşlərin dərc edildiyini, son günlərdə bu tip təhdidlərin çoxaldığını göstərmişdir.

Ərizədə “ Facebook” sosial şəbəkəsində bu təhqirləri “ Xural” qəzetinin əməkdaşı Əfqan Muxtarlının ( 050 477 90 …) təşkil etdiyi, onun həm öz adından, həm də saxta qeydiyyatdan keçmiş şəxslər adından barəsində təhqiramiz ifadələr işlədilmişdir.

Həmçinin G. Əhmədova ərizədə “Nida” vətəndaş hərəkatının fəallarından olan Etibar Salmanlının (055 603 89 …), (050 684 77 …) özünə məxsus “ etibarlı wordpress.com” internet blokunda barəsində şərəf və ləyaqəti alçaldan məqalələr və “ bayatılar” dərc etdiyini, bayatıların “ xural.com” internet saytında təkrar dərc edildiyini, hazırda həmin internet saytına rəhbərliyi Razi Abasbəylinin ( 050 386 76 …) həyata keçirdiyini, bu təqibib təşkilatçılarından birinin hazırda Türkiyədə yaşayan Nigar Almanqızı olduğunu göstərmişdir.

Ərizədə göstərilənlərin cinayət işi üzrə ifadə verən şahidlərə təzyiq göstərməklə istintaqın obyektiv aparılmasına maneə olmaq məqsədi ilə edildiyini gümün etməyə kifayət qədər əsasların olduğunu nəzərə alıb, ərizədə göstərilən xüsusatların əməliyyat yolu ilə araşdırılması və qanun çərçivəsində istintaqın obyektiv aparılmasına təsir etmək məqsədilə qəsdən edilən əməllərin qarşısısnın alınması üçün müvafiq tədbirlərin görülməsi üçün zəruri göstərişlərin verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.

KQMİ istintaq idarəsinin rəisi Əli Quliyev

                                                                                                                                      23. 11. 2011-ci il

                                                                                                                                 (I cild, səhifə 249)”

1-ci məktuba cavab məktubu:

                                            Azərbaycan Respublikasının Baş Prokuroru yanında

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin

İstintaq şöbəsinin rəisi, baş Ədliyyə müşaviri cənab Əli Quliyevə

Xidməti məktub

Sizin, 112 02 61 62 №li Cinayət işi ilə əlaqədar göndərdiyiniz 23 11.2011-ci il tarixli xidməti məktubla bağlı bildiririk ki, “Facebook” sosial şəbəkəsinin, eləcə də ”etibarlı wordpress.com” bloqunun mərkəzi serverlərinin xaricdə quraşdırılması səbəbindən oradakı məlumatların hansı İP ünvanlardan (yəni konkret kimlər tərəfindən) yerləşdirilməsini müəyyən etmək mümkün olmamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin bildirdiyinə görə, sözügedən internet resurslarına Azərbaycan ərazisindən çıxışların məhdudlaşdırılması yalnız müvafiq məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

K Q M İ-nin rəis müavini

Ə.Nağıyev

27 dekabr 2011-ci il

(2-ci cild, səhifə 252)”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button