Gültəkin Hacıyeva təhsil nazirinin müavin təyin olunur?

Deputat Gülər Əhmədova isə bütün gücünü sərf edərək ona mane olmaq istəyir

 İki dəfə millət vəkili olmasına, Azərbaycanı Avropa Şurasında təmsil etməsinə baxmayaraq, sonuncu seçkilərdə gözlənilmədən parlamentdən kənarda qalan Gültəkin Hacıbəyliyə yeni vəzifə təklif olunub. Belə ki, bir necə ay susan və sonradan «Azadlıq» radiosuna demokratiya və azadlıqdan danışan hakimiyyətin ən yaxın adamı bu yolla ona qarşı yaranmış soyuq münasibətlərə aydınlıq gətirmək istəyirdi. Deyəsən, bu açıqlamalar və «Azadlıq» radiosundakı sətiraltı çağırışlar onun yolunu yenidən açıb. Dünən redaksiyamıza daxil olan məlumatlara əsasən, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə sabiq xanım deputat yeni vəzifəyə təyin oluna bilər.

Məlumatda qeyd olunur ki, eks millət vəkilinə daha belə bəyanatlar verməmək tapşırılıb. Üstəlik ona bildirilib ki, müxalifyönlü mətbuata açıqlamalarını dayandırsın. Qarşılığında isə ona bir neçə post təklif edilib. Məlumatda bildirilir ki, təkliflər arasında ən yaxşı vəzifə Təhsil naziri Misir Mərdanovun müavini postu olub və məlumata görə, Gültəkin xanım bu posta getmək istədiyini bildirib.

Maraqlıdır ki, dünən redaksiyamıza bu məlumatı verən mənbə iddia edir ki, əslində son zamanlar Gültəkin Hacıbəyli hansı posta təyin olunma məsələsini həll edirsə, hazırda millət vəkili olan Gülər Əhmədova onun planlarını pozur. İddia olunur ki, Gülər Əhmədova məhz Gültəkin Hacıbəylinin sonuncu parlament seçkilərində seçilməsinə də mane olub. Bu proses zamanı isə Gültəkin Hacıbəyli bir qədər tələsik davranaraq rəqibinə qarşı açıq savaş açıb. «O zaman Gültəkin xanımın müxalifət mətbuatına üz tutması Gülər Əhmədovanın işinə yaradı. O, bunu müxalifətçilik etməkdə günahlandırdı və nəticə etibarilə də sıradan çıxararaq təkrar Goranboy rayonundan deputat olmasına mane oldu» deyə mənbəmiz bildirdi.

Daxil olan informasiyalarda həmçinin vurğulanır ki, Gültəkin Hacıyeva son zamanlara qədər bəzi müxalifyönümlü və müstəqil qəzetlərlə əlaqələrini qoruyub saxlayırmış. Lakin sabiq xanım deputatın təhsil nazirinin müavini təyin edilməsiylə bağlı məlumatlar yayılandan bəri artıq o, jurnalistlərlə əlaqələrini kəsməyə çalışır.

Dünən gün ərzində sabiq xanım deputatla əlaqə yaratmaq istəsək də, mobil telefonu cavab vermədi. Yazılanlarla bağlı Gültəkin xanımın da mövqeyini dərc etməyə hazırıq.

Gülər Əhmədovaya gəlincə, onun ölkədə olmadığı bildirildi. Gülər xanım zatən telefonunu özü götürmür. Onun telefonlarını Əhməd adlı bir gənc qaldırır və xanım deputatın köməkçisi olduğunu iddia edir.

 Nizami

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button