”Güzəştli mənzil seçimində sosial mexanizimlərin tətbiqinə ehtiyac var”

Vüqar Bayramov

Vüqar Bayramov: ”Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanları qeyri-bərabərdir

“Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi məsələsi aktuallaşıb”.

İqtisadçı Vüqar Bayramov belə düşünr. Onun sözlərinə görə, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil:

“Belə görünür ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərin tətbiqinə ehtiyac var”.

“Əvvəlki seçim sosial ədalət prinsipinə uyğun olmadı”

Mayın 17-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində həyata keçirilmiş “güzəştli mənzil” seçimi mərhələsinin nəticələri ləğv edildi. Səbəb “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyidir.

“Həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu, təbii ki, sosial ədalət prinsipinə uyğun deyil. Nəyi təklif edirik? Güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmdən sosial meyarlara keçid həyata keçirilməlidir” – deyir, Vüqar Bayramov.

“Ardıcıllıq texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməlidir”

İqtisadçı əlavə edib ki, təxminən 8 minə yaxın vətəndaş sosial mənzilə sahib olmaq istəyir. Onun fikrincə, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirməsi daha düzgün olardı. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır.

“İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədəuyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var”.
Xatırlatma:

Bugünədək “Güzəştli mənzil” sistemində 8 min 900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib və aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlanılıb.

Mayın 7-də səhər saatlarında az və orta təminatlı gənc ailələr üçün 260 ev satışa çıxarılıb. Elektron hökumət portalında seçim edən şəxslərin çoxu problemlə qarşılaşıb. Evi seçəndə, ya da imzalayanda sistem donub. Beş dəqiqə sonra sistemə qayıdanlar evlərin tutulduğunu görüblər.

Narazı şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinə üz tutublar. Onlar ərizə yazaraq problemlərinin həll olunmasını istəyiblər.

MİDA-nın “Facebook” səhifəsində də ev almaq istəyənlər sistemin çökməsindən gileylənib. MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşma şöbəsinin rəhbəri Fərman Qurbanlı bildirib ki, 8 min 700 nəfər qeydiyyatdan keçdiyinə görə o qədər şəxsin sayta girişi planlaşdırılıb, amma həmin gün 60 mindən çox insan portala daxil olub. Buna görə də sistem çöküb. Narazı vətəndaşlar evlərin satışında şəffaflığın təmin olunmadığını düşünürlər.

11 aprel 2016-cı ildə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Məqsəd gəlirləri az olan gənc ailələrin mənzillə təmin edilməsidir. İlk olaraq Yasamal Yaşayış Kompleksində 1843 mənzil tikilib. Onlardan 260-ı satışa çıxarılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button