Həbsdə olan cəbhəçi: “Mən Vilayət Eyvazovun əsiriyəm”

Yayımlandı: 13 Mart 2024 15:44

Elnur Həsənov ev dustaqlığına buraxılmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənov haqqında istintaq başa çatıb. Onun vəkili bunu əsas gətirərək, cəbhəçi fəalın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Vəkil Nemət Kərimlinin verdiyi bu vəsatətə Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə vəkil bildirib ki, artıq istintaq yekunlaşıb, müvəkkilinin bundan sonra istintaqın gedişinə təsir göstərmək imkanı yoxdur. Elnur Həsənova qarşı irəli sürülmüş narkotik ittihamının əsassız olduğunu vurğulayan müdafiəçi Elnur Həsənovun səhhətində problemlər olduğunu deyib. Hakim Rəfael Sadıxovun nəzərinə çatdırılıb ki, Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə həlak olub, şəhid statusu var, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.

Elnur Həsənov özü də təqsirsiz olduğunu, heç bir cinayət törətmədiyini, “Facebook” hesabında polislər haqqında paylaşımlarına görə narkotiklə şərləndiyini deyib:

Mən Vilayət Eyvazovun əsiriyəm”.

Cəbhəçi fəal əlavə edib ki, ona qarşı baş verənlər hökumətin şəhid və qazilərə, onların ailələrinə olan münasibətinin göstəricisidir.

Məhkəmədə müstəntiq Elnur Həsənovun ev dustaqlığına buraxılmasına etiraz edib.

Hakim Rəfael Sadıxov da vəkilin vəsatətini təmin etməyib. Elnur Həsənov ev dustaqlığına buraxılmayıb.

Elnur Həsənov bildirib ki, məhkəməyə gətiriləndə fiziki təzyiqə məruz qalıb. Bundan başqa, onun ev dustaqlığına buraxılması üçün vəsatətə baxılarkən məhkəmə iclasında mülki geyimli bir nəfər iştirak edib. Vəkil qapalı məhkəmə iclasında kənar şəxsin iştirakına etiraz edib, bunun təzyiq və qanun pozuntusu olduğunu bildirib.

Vəkil Nemət Kərimli həm müvəkkilinin ev dustaqlığına buraxılmaması haqqında qərardan, həm də ona qarşı fiziki təzyiqlərdən şikayət verəcək.

2023-cü ilin noyabrından həbsdə olan Elnur Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülüb. Onun şübhəli şəxs kimi küçədə saxlandığı, üstündən təxminən 5 qram narkotik tapıldığı iddia olunur.

Lakin AXCP-dən Meydan TV-yə bildirilib ki, o, noyabrın 28-də günorta saatlarında paytaxtın Babək prospektində yerləşən “Maşın bazarı”nda avtomobil ehtiyat hissələri satılan mağazaya girərkən saxlanılıb.

“Onu mülki geyimli şəxslər zorakılıqla aparıblar. Hara aparıldığı haqda da heç bir məlumat verilməyib. Üstündən iki sutka keçəndən sonra – noyabrın 30-da məlumat almışıq ki, narkotik ittihamı veriblər. Elnuru tanıyanlar yaxşı bilir ki, bu ittiham saxtadır, şər-böhtandır. Elnur Həsənov hara, narkotik hara?! Hansı ictimai-siyasi fəalı tutmaq istəyirlərsə, narkotik ittihamı hazırdır. Hüquq-mühafizə orqanlarını özləri həm də belə absurd hərəkətlərilə gözdən salırlar”, – partiyadan belə deyilib.

AXCP hesab edir ki, Elnur Həsənovun həbsi onun sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır. AXCP fəalının tutulmamışdan az öncə “Facebook” hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib. Onun məhz buna görə cəzalandırıldığını ehtimal edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button