Hadi taleli MÖHTƏŞƏM Aydın Caniyev

Əslində bu yazı çoxdan yazılmalıydı, amma indi alındı. Həmkarımız Əvəz Zeynallı məlum statusu yazdı və məni də tərpətdi…

 

Bir neçə il əvvəl Aydın Canıyevin indi sizə təqdim etdiyim bir şəklini gördüm və ürəyimdən Aydın haqqında düşüncələrimi yazmaq keçdi. Özünə də zəng edib dedim ki, “Aydın, sənin bir şəklin diqqətimi çəkdi, fikirlərimi yazacam!”

O da şəkillə maraqlandı:

– Çox sağol, Rey, yazmışkən varsan! Amma sən canın, hansı şəkildir elə diqqətini çəkib? – deyə o vaxt maraqla soruşdu. Sonra bir neçə dəfə də özü eyham vurdu ki, “Yazı noldu?” Hər dəfə də deyirdim ki, yazacam…

O “yazacam”, bu “yazacam”, günümüzə qədər yubandı vədim.

*****

…Aydını çoxdan tanısam, əksər yazılarını sevə-sevə oxusam da, özüylə şəxsən yaxından tanışlığım 2001-ci ildə oldu. Sabir Rüstəmxanlının “Vətəndaş Həmrəyliyi” partiyasının eyniadlı qəzetinin redaksiyasında. Yeri gəlmişkən, o zaman qəzetin baş redaktoru Əvəz Zeynallı, müavini İlham Tumas, parlament müxbiri Qənimət Zahid və digər yazarları da çox istedadlı, tanınmış qələm adamları idi. Maraqlı xatirələrim var bu qəzetlə bağlı…
Aydın da, səhv etmirəmsə, həftədə bir dəfə müəllif yazısı ilə çıxış edirdi qəzetdə. Hər gün yox, amma tez-tez gəlirdi redaksiyaya. Əvəzlə görüşürdü, uşaqlarla hal-əhval tuturdu. Yaradıcılıq söhbətlərində isə ustadı, Allah can sağlığı versin, qocaman jurnalist Şakir Yaqubovdan danışırdı.
Yazısını da kompyüterdə çox qısa zamanda yazıb gedirdi. Yazanda da barmaqlarının arasında, mütləq, siqaret tüstüləməliyid…
Biz həftəyə bir köşəni zülümlə yazan vaxtlarda adam bu işi yarım saata həll edib gedirdi. Yazını bitirib sonuncu nöqtəni qoyanda da klaviaturaya elə vururdu, səsindən dərhal bilirdin ki, artıq işini bitirdi. Bəzən də elə ekrana baxa-baxa özü yazısına ilk reaksiya verirdi:

– Möhtəşəm!

Adamın üstündə Allah var, yazıları da elə həmişə möhtəşəm olurdu.
Bax beləcə, onunla bir müddət eyni qəzetdə, eyni otaqda çalışdıq…

*****

Aydının bu şəklinə kompyüterin ekranında baxdıqca yadıma qeyri-ixtiyari olaraq ötən əsrin əvvəlində yaşamış, acı taleli şair Məhəmməd Hadi gəlirdi. Elə indi də, bu sətirləri yazanda da, şəklinə baxanda o hissləri yaşayıram. Axı talelərində də oxşar cəhətləri var onların. Hər ikisi istedadlı, hər ikisi həbsxana həyatı yaşayıb, hər ikisi bir parça çörəyini çətinliklə qazanıb, hər ikisi dövlətin diqqətindən kənarda…
Təki Hadi qədər az yaşamasın Aydın! Allah uzun və xoş ömür versin ona!

*****

Üzü Nəcəf bəydən bəri Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Zöhrab Əmirxanlı… ustad yazarlarımız bir-bir bizi tərk edirlər… Və təəssüflər olsun ki, yerləri də boş qalır! O sıradan olan Canıyev dövrümüzün ən istedadlı və MÖHTƏŞƏM jurnalistlərindəndir! Ustaddır! Barmaqla sayıla biləcək qədər qalıblar bunlar! Yaxşı ki, hələ də yazır! Ürəyini boşaldır. Hər yazısı da, maşallah, master-klass!
Yaza bilməyənlərin, jurnalistikanın “j”-dən belə bixəbərlərin qəzet, sayt rəhbəri olub başa çıxarıldığı bir zamanda aydınlara böyük ehtiyacı var mediamızın. O, bizə – dövlətimiz, jurnalistikamıza çox gərəklidir. Amma nə yazıqlar olsun ki, o, dövlətin, dövlətin media işini yönəldənlərin diqqətindən kənarda qalıb həmişə! O cümlədən “söz azadlığı” adıyla böyük maliyyələr ayıran beynəlxalq təşkilatların, onların layihələrindən də kənardadır Aydın!
Səbəbi bəllidir!
Aydın çox çətin xarakterli (yəqin məndən inciməz bu fikrimə görə) insandır. Məncə, bu da onun həmişə azadlığa, sərbəstliyə can atması, kimsədən asılı olmaq istəməməsi ilə bağlıdır. Bu da jurnalistikanın inkişafı üçün çox vacib məqamdır. O, belədir, biz onu belə qəbul eləmişik. Adam dəyişəsi deyil ha bundan sonra. Belə də yanaşıb onu yaxşı işlə təmin etmək, onun təcrübəsindən, istedadından, peşəkarlığından faydalanmaq lazımdır!
Aydını qorumaq lazımdır! Qoruyağın mediamızın canlı əfsanəsini! Ən azından özümüz, mediamız üçün!

P.S. Fotoda yanında başqa adam da olub Aydının. Amma onu “fotoşop”un köməyi ilə sildirib. Bəlkə də özü silib? Maraqlıdır kim olub o adam?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button