Heç kim Ayaz Arabaçı olammaz-ŞEİR

Məndən gözəl asılmağa həvəsli,
Səndən gözəl dar ağacı olammaz.
Niyə mənə acı-acı baxırsan,
Axı şirin belə acı olammaz…

Ürəyimi xəncər kimi yarsa da,
Xoşdu səndən gəlib çatan hər səda,
Ətrafımı min-min gözəl sarsa da,
Tellərinin bircə saçı olammaz…

Az da çoxdu, çox da çoxdu səninlə,
Sən həyatsan, ölüm yoxdu səninlə!
Ürəyimin gözü toxdu səninlə,
Könlüm eşqin yalavacı olammaz…

Dönüb-dönüb səndən keçir yollarım,
Ürəyimi hara desən yollarım,
Qayıtmasan, bir də mənim qollarım,
Dərdə bıçaq, qəmə qayçı olammaz…

Mən dəliyəm, yaxşı sənə nə düşüb,
Nə qazandıq həftədə bir əyişib,
Mənim könlüm hər deyəndə dəyişib,
Gündüz günçü, gecə ayçı olammaz…

Yaramızı sarı, qoyaq bir yana,
Buzu qoyaq, qarı qoyaq bir yana,
Yar demirəm, yarı qoyaq bir yana,
Bu istəkdə ana-bacı olammaz…

Sifətimə işıq gəlib, rəng gəlib,
Qanadlandım, gördüm səndən zəng gəlib,
Bilirsən ki, bu dünyaya tək gəlib,
Heç kim Ayaz Arabaçı olammaz…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button