Heç kim Elçibəy ola bilməyəcək!-YAZI MÜSABİQƏSİ

Hələ uşaq ikən parkda iki nəfərin mübahisə etdiyin görmüşdüm. Bir şəxs haqqında danışırdılar (müzakirə edilməyəcək bir şəxs). Biri müsbət, digəri isə mənfi sözlər söyləyirdi. Bilmirəm, niyə amma bu, mənim üçün çox maraqlı gəlmişdi. Fikirləşirdim ki, görəsən bu şəxs kimdir? Bu adamlar kimə görə mübahisə edirlər? İnternetə girdim və bu şəxs haqqında araşdırmağa başladım. Haqqında danışılan şəxs Milli Azadlıq Hərəkatının lideri, Müstəqil Azərbaycanın seçkilər yolu ilə seçilmiş ilk prezidenti və xalqın sevgilisi – Əbülfəz Elçibəy idi. Həmin gün həyatım dəyişdi. Xalqı uğrunda hər şeyini qurban verməyə hazır olan, xalqını çox sevən bir dahi tanımışdım. Onun yazdığı əsərləri bir-bir oxudum və həyatımın müsbət cəhətdən dəyişməsinə səbəb oldu. Artıq mən də onu tanıyırdım və düşüncələrinin nə qədər dərin və mənalı olduğunu bilirdim.

Elçibəy haqqında danışarkən ağlıma Nəsiminin şeirləri gəlir. Nəsimi Tanrının gözəl simalarının insanlarda olduğunu söyləyirdi. Bəli, bu şeirdə danışılan simalar Elçibəydə də var idi. İlk dəfə əsl insan necə olurmuş, mən bunu Elçibəyin həyatını oxuyarkən gördüm.

Elçibəy Azərbaycan xalqı, o cümlədən Türk Dünyası üçün böyük bir lider, ideoloq idi. O, Tanrının Türk Dünyasına göndərdiyi bir peyğəmbər idi. O, hər zaman, hətta xəstə yatağında yatarkən belə xalqının taleyini düşünürdü. Siz deyin, belə insan sevilməzmi?  Nə zaman özümü pis hiss etsəm, ya Elçibəyin rəsminə baxır, ya çıxışlarını seyr edir, ya da əsərlərini oxuyurdum. İnanın, bu zaman bayaqkı fikirlərim yox olur və birdən-birə özümü daha yaxşı hiss edirəm. Bəyin rəsminə baxarkən baxışlarındakı dərinliyi, gözlərindəki xalq sevgisini görürəm. Bir insan xalqını nə dərəcədə çox sevərmiş…

Bəzən Elçibəyi tənqid edən, haqqında mənfi rəy söyləyən insanlarla qarşılaşıram. Onlara sadəcə bir sual verirəm, “nə üçün belə fikirləşirsən, buna bir səbəb varmı?” İnanın, bu sualımdan sonra hamısı susur, bir cavab tapmır. Axı nə cavab versinlər, bir səbəb yoxdur!

Məhəmməd Əmin bəy Qurucu Babalarımızla birlikdə Cümhuriyyəti yaratdı və üçrəngli bayrağımızı ilk dəfə mavi səmalara qaldırdı və bayrağın enməyəcəyini söylədi. Elə də oldu, bayraq enmədi. SSRİ dövründə müstəqilliyimizi müvəqqəti olaraq itirsək də, o bayraq həmişə vətənini sevən insanlar tərəfindən yuxarıda, qəlblərdə saxlanıldı. Nəticədə bayraq enmiş sayılmır! Əbülfəz bəy isə xalqı arxasına alaraq illər sonra Rəsulzadənin əmanətinə sahib çıxdı. Müstəqillik, demokratiya bərpa edildi və uğrunda canımızı verəcəyimiz üçrəngli bayrağımız yenidən vətənin mavi səmalarında dalğalandı. Elçibəy çox layiqli davamçı idi. Rəsulzadənin yolunu davam etdirdi və bayrağın enməyəcəyini bir daha sübüt etdi. Bizə düşən də Rəsulzadənin və Elçibəyin yolunu layiqincə davam etdirmək və canımız bahasına olsa belə üçrəngli bayrağımızı dalğalandırmaqdır. Elçibəyin sayəsində bu gün o bayraq dünyanın müxtəlif yerlərində dalğalanır.

Bəy o qədər böyük bir insan idi ki, onu heç bir yerdə görməyən, onunla eyni dövrdə yaşamayan insanların belə qəlbində özünə böyük yer tuturdu. O, bir dahi idi! Yazıları sanki sehrli idi. Oxuduqca insan sanki sehrlənir. Elçibəy o qədər böyük bir şəxsiyyət idi ki, onun haqqında hər yeni məlumat öyrəndikcə ona olan sevgim daha da artır.

Bu gün gənclər, o cümlədən də mən özüm onu yaxından tanımasam da, yazılarda, müsahibələrdə, müxtəlif kitablarda Elçibəy haqqında məlumat əldə edirik. O, bir dərya idi, bizim öyrəndiklərimiz isə dəryadakı bir su damlasıdır. O,  bir dağ idi. Biz dağın dibində durub baxırıq əgər biraz kənardan baxsaq dağın necə əzəmətli olduğunu görərik. Elçibəy Türk Dünyası üçün bir dəyərdir, ona sahib çıxmalıyıq. Dahilər ölmür. O, öz əsərlərində, gördüyü işlərdə və bizim qəlbimizdə yaşayır.

Qızına ayaqqabı almaq üçün maaşının gəlməsini gözləyən prezident. İnanmaq çətindir, hə? Bəli, bu, Azərbaycan Prezidentinin həyatıdır. Hansı siyasətçinin həyatında belə məqam olub? Əmin olun ki, heç birinin! Bu dünyaya yaxşı insanlar gələcək, amma heç vaxt Elçibəy ola bilməyəcəklər!

Elçibəy hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün xeyli işlər gördü. Rus qoşununun ölkədən çıxarılması, test üsulu ilə imtahan, Milli Ordunun yaradılması və s. Azadlığa yenicə qovuşmuş bir dövlət üçün bunlar çox böyük işlər idi. Elə çətin bir dövrdə bu işləri ancaq bir dahi edə bilərdi. Düz deyilmi?

Bu il Bəyin 80 illiyini qeyd edəcəyik. Qismət olsa Bəyin 100 illik yubileyində də belə yazılar yazarıq və onu yad edərik. Yazıda Elçibəyin bioqrafiyasını qeyd etmədim, çünki onu sevənlər bioqrafiyasını da əzbər bilirlər, təkrar yazmaq mənasız gəlir. Yazını çox uzatmaq istəmirəm, çünki uzandıqca uzanır. Bəyin böyüklüyünü, onun haqqında düşüncələrimi yazsam cildlərlə kitab ərsəyə gələr.

Həyatda üzüldüyüm elə də çox şey yoxdur, lakin məni ən çox üzən şey, o böyük insan ilə bir dövrdə yaşamamaq və o gözəl insanı görüb əllərindən öpə bilməməkdir.

Vətənini sevən millətim yaşadıqca Elçibəy də yaşayacaq. Müstəqilliyimiz üçün, demokratiyanın nə olduğunu göstərdiyin üçün, həyatımızı dəyişən kitabları yazdığın üçün xalqım adından sənə sonsuz təşəkkürümü bildirirəm, BƏY!

Sadiq Hüseynov

Qeyd:

Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button