Hüseyn Abdullayevdən sensasion yazı: “Məni niyə həbs etdirdiniz?!”

Siyasi mühacirət həyatı yaşayan Hüseyn Abdullayev maraqlı bir status paylaşıb. Son iki gündə sosial şəbəkələrdə ciddi müzakirə olunan bu statusu olduğu kimi Oxucularımıza təqdim edirik:

“Sizə məlumdur ki, mən Azərbaycan hüquq və məhkəmə sistemində baş verən özbaşınalıqlarla bağlı bir çox açıqlamalar verib, mövcud rejimin əsl simasını ortaya çıxarmaq istəmişəm. Və bu gün həmin sahələrdə tüğyan edən komik olaylar bir daha fikir bildirməyimi zəruri edir.
Deməli, uzun müddətdir həm dünya mediası, həm də yerli kütləvi informasiya vasitələri sabiq Milli Təhlükəsizlik naziri və ona yaxın olan bir qrup yüksək rütbəli şəxslərin törətdiyi məlum quldurluq, soyqunçuluq, iş adamlarına qarşı əsl reket hərəkətləri və digər təsdiq olunmuş ağır cinayətlər haqqında saysız-hesabsız məqalələr dərc edirlər. Lakin bu işin ən təəccüb doğuran tərəfi ondadır ki, sadaladığım və ölkəmizin adına böyük rəzalətlərə imza atmış MTN əməkdaşlarının çoxu həbs edilsə də, həmin nazirliyə rəhbərlik etmiş sabiq və heç bir toxunulmazlıq statusu olmayan Eldar Mahmudov hələ də guya “məlum olmayan” səbəblərdən bu günə kimi həbs edilməyib. Belə olduğu halda, mən buradan öz hakimiyyətini qorxu, zülüm ve tiranlıq üzərində bərqərar etmiş İlham Əliyev və ona tabe olan Baş prokuror, Daxili İşlər naziri və ədliyyə sisteminə cavabdeh olan cənablardan soruşmaq istəyirəm. Əcəba, Hüseyn Abdullayev 2007-ci ilin mart ayında hansı təhlükəli vəziyyət yaratmışdı ki, dərhal parlamentin fövqəladə iclasını çağırıb, onu 3 gün içində tələm-tələsik həbs etdirdiniz? Necə olur ki, Azərbaycan dövlətçiliyinə birbaşa təhdid yaradan MTN-dəki, eyni zamanda mən millət vəkili olduğum zaman Daxili İşlər Nazirliyinin nəzdində illərlə başkəsənliklə məşğul olan Hacı Məmmədovun dəhşət saçan cinayətlərinə görə heç bir fövqəladə toplantı təyin edilmədi? Ramil Usubov, əgər sən unutmamısansa, məhz bu Hacı Məmmədov biabırçılığından sonra mən sənin Milli Məclisə gəlib hesab verməni tələb etmişəm. Və o illər yenidən geri dönsəydi, yenə eyni addımı atardım, yenə istər hökümətinizin, istərsə də ayrı-ayrı nazırlərinizin yürütdüyü məsuliyyətsiz əməllərini və antixalq siyasətini yenə tənqid edərdim. Çünki bunu etmək ən azından həm milət vəkili kimi, həm də hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü kimi, vəzifə və sözsüz ki, bir vətəndaşlıq borcum idi.
Sevimli həmvətənlərim!
Bu yazımı yekunlaşdırmadan əvvəl, sizin kefinizi açmaq məqsədi ilə sizi hazırki mələk cildinə girmiş, özlərindən başqa hər birimizi qüsurlu görən İlham Əliyev rejiminin bir vaxt məni ittiham etdikləri uydurma cinayət işinin bəzi detalları ilə tanış etmək istəyirəm. Sən demə, 2007-ci ildə həbs olunmağımın əsas səbəbi hökümətin nağıl hesabatını tənqid etməyim yox, hansısa Ağamalı adlı bir deputatın şikayəti idi. Guya ki, həmin vaxt parlamentdə baş vermiş insidentdə (halbuki mən o an sadəcə özümü müdafiə etmişəm) Fəzail bəy beyin travması almışdır. Absurd, yenə də absurd!
Dostlar, xahiş edirəm, sonrakı kəlmələrə diqqət yetirin. Deməli, qanuna uyğun olaraq, bir insanın hər hansısa beyin xəsarətinin müəyyən edilməsi və son ekspertiza rəyinin çıxarılması üçün xəsarət alan şəxs ən azı 21 gün müddətində xəstəxanada yatmalı və mütəxəssis müayinəsindən keçməlidir. Sağ olsun o vaxtkı vəkilim Cavanşir Süleymanovu. Onun peşəkar araşdırması nəticəsində məlum oldu ki, həmin ərəfədə Fəzail bəy nəinki xəstəxanada yatmamış, əksinə, hətta öz xidməti fəaliyyəti ilə bağlı Sankt-Peterburq şəhərinə səfər belə etmişdir. İndi isə baxın görün, məhkəmə zamanı vəkilim Cavanşir bəyin Ağamalıya ünvanladığı suallara o, nə cavab verir.
– Fəzail bəy, Siz axı qanunla müəyyən edilmiş 21 günü müalicə olunub müayinədən keçməliydiniz. Bunu etdinizmi?
– Bəli, etdim və bu müalicəni və müayinəni öz evimdə, ixtisasca həkim olan gəlinim tərəfindən həyata keçirdim.
Sən demə, məhkəməyə qədər tənbəllik etməyən dəyərli vəkilim müəyyənləşdirib ki, bəli, onun gəlini həqiqətən də həkim imiş. Lakin ixtisasca GİNEKOLOQ imiş. Bu faktın ortaya çıxmasına rəğmən, sifarişi yerinə yetirən hakimlər bunu görməzdən gəldilər. Belədirsə, mən canım qədər sevdiyim Azərbaycan xalqına bir sual vermək istəyirəm: Əzizlərim, mən əminəm ki, sizlər 2007-ci ilin mart ayında parlamentdə baş vermiş provokativ insindentin şahidi olmusunuz. İndi siz deyin, həmin vaxt Fəzail adlı deputatla mənim aramda baş vermiş insident zamanı ginekoloqiyaya aid hər hansısa bir hadisə baş vermişdimi?”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button