“İçimdə dərk olunmuş bir sakitlik var”-ƏDƏBİ SÖHBƏT

Şərif Ağayar: “Sözə iman gətirən və kitaba sığınan adama heç kimin və heç nəyin gücü çatmaz”

“ƏdəbiyYAT”da Kəramət Böyükçölün müsahibəsindən sonra onun istəyi və çağırışı ilə qonağımız Şərif Ağayardır. Şərif bəylə müsahibə maraqlı olduğu qədər də dərindir. Şərif Ağayar ədəbi sirrin dərinliklərindən və “dərdi-ağrını böyük sənətə çevirmək məqamına” yetişməkdən və bu istiqamətdə yolu bildiyindən bəhs etdi. Ədəbi söhbətlər üçün bu, böyük məqamdır.

Şərif Ağayarın bu dəyərli müsahibəsindən sonra ondan növbəti müsahibin kimliyini müəyyənləşdirməyi xahiş etdik. O da bunu etdi – Etimad Başkeçid. Növbəti müsahibimiz Etimad Başkeçid olacaq…

 

– Ədəbiyyatın son durumunu necə qiymətləndirirsiniz?

– Proses gedir. Kitablar yazılır, təqdimatlar keçirilir, saytlar fəaliyyət göstərir, qəzet və jurnallar çıxır. Pis demək olmaz. Amma daha yaxşı, daha səmərəli, daha çevik olmasına çalışmalıyıq.

– Siyasi və ictimai hadisələrin qovuşuğunda ədəbiyyata diqqətmi azalıb, yoxsa ədəbiyyat siyasətə uduzub?

– Ədəbiyyat cəmiyyətin zərif bir sahəsidir. Hər hansı siyasi-ictimai burulğan olanda zaval birinci ədəbiyyata, ümumən sənətə dəyir. Şəxsən mən bunu sənətin yox, cəmiyyətin zəifliyi hesab edirəm. Ədəbiyyat heç vaxt uduzmur, ədəbiyyatı dirçəltmək, onu oxumaq, mənimsəmək, qiymətləndirmək gücünü itirən cəmiyyət uduzur. Özü də bütün sahələrdə.

– Yeni ədəbi əsərlər niyə belə çətin meydana çıxır?

– Çünki normal ədəbi mühit yoxdur. Dövlətin ədəbiyyata ayırdığı vəsaiti daha səmərəli xərcləməklə bu mühiti yaratmaq mümkündür.

– Hansı yeni əsərlər var ki, oxuculara oxumağı məsləhət bilirsiniz?

– Bizdə çox ciddi və hər gün yaradıcı fəaliyyətdə olan imzalar var. Səfər Alışarlı, Zahid Sarıtorpaq, Etimad Başkeçid, Elçin Hüseynbəyli, Mübariz Cəfərli, Məqsəd Nur, Salam, Xanəmir, daha gənclərdən Aqşin Yenisey, Seymur Baycan, Cavidan, Sevinc Elsevər, Mirmehdi Ağaoğlu, Alpay Azər, Qismət, Şəhriyar del Gerani, Alik, Rəbiqə, Ayxan Ayvaz, Fəridə Uğur, Ömər Xəyyam, lap gənclərdən Sərdar Amin, Orxan Həsəni, Seymur Su, Rəvan Cavid… Bunlar nə yazsa oxumağı məsləhət görərdim. Adı ilk baxışdan yadıma düşməyən maraqlı imzalar yenə var.

– Ən istedadlı bildiyiniz yazarların adını çəkə bilərsinizmi?

– “Ən” sözündən qaçıram bir az. Üzürlü bilin. Özümdə bu qədər qəti hökm vermək haqqı görmürəm. Subyektiv düşüncələrim içimdə qalsa yaxşıdır.

– Bəs istedadsız kimi qiymətləndiriləcək əsərlər varmı? Bəlkə yeni əsərlərin meydana çıxmamasının səbəblərindən biri də budur?

– İstedadlı və istedadsız bölgüsü, dediyim kimi, xeyli subyektivdir. Alınan, alınmayan əsərlər desək, daha rahat danışmaq olar. Həmişə çox yazılır, az əsər tutur. Ona görə mühit deyirəm ki, mühit daha yaxşı əsərlərin daha çox yazılmasına rəvac verir.

– Ədəbiyyatın inkişaf etməsi və böyük əsərlərin yaranması üçün nə etmək lazımdır?

– Yaxşı mütaliə etmək, ləyaqətlə yaşamaq və zəhmətdən çəkinməmək.

– Niyə bəyənmədiyimiz sovet dövründə dünya miqyaslı əsərlər yarandı, amma qan bahasına əldə etdiyimiz müstəqillik dövründə böyük əsərlər yaranmır?

– Sovet dövründə Azərbaycanda dünya miqyaslı əsər yaranmadı. Amma haqlısınız, mən, misal üçün “Məhşər”i dünya səviyyəli sayıram. Dünyaya çıxmasa da. Bu mənada dünya səviyyəli əsərlər indi də yaranır, sadəcə onlar da müxtəlif səbəblərdən dünyaya çıxa bilmir. Bir də ki, nə qədər dünya ilə tanış olmuruq, onu özümüzdən çox uzaq, əlahiddə hesab edirik. Tanış olanda görürük, elə deyil. Onların sadəcə mühit və şərait üstünlüyü var. Paolo Koelyo, Xalid Hüseyni, Mustafa Məstur, Vaskes dünyaya çıxmış yazıçılardır. Sizcə, Azərbaycanda bu səviyyədə yazıçı yoxdur? Mən deyirəm, var. Təbii ki, daha yaxşı yazmaq, sözün hərfi mənasında dünyaya çıxmaq lazımdır. Amma bu işlərin hamısı müəlliflə bağlı məsələ deyil. Yaxşı yazmaq böyük bir sistemin ünsürlərindən biridir. Ondan əvvəl və sonra görüləcək çox vacib işlər var.

– Məsələn nə?

– Azad, müstəqil və modern prinsiplərlə işləyən nəşriyyatların artması, kitab mağazalarının ölkənin hər yerində açılması, çoxalması, kitabın efirə, daha sonra cəmiyyət yol tapması, yazıçının əhəmiyyətli olduğunu faktiki hiss etməsi, bədii yaradıcılıqla dolana bilmək imkanı və s. Hamısının ümumi adı kitab sənayesidir. Sovet vaxtı özünəxas olsa da vardı. Dağıldı və yenisi yaranmadı. Bəzən deyirlər, kitabın qazanc gətirmirsə, yazma, get başqa işlə məşğul ol. Guya başqa mövzularda çıxan qəzet, jurnal və kitablar qazanc gətirir? Var elə bir ciddi nəşr məhsulu? Cəmiyyətə kitabın, ədəbiyyatın lazımlılığı düşüncəsi aşılanmalıdır. Bütün bu imkanlar yaranandan sonra yazıçının necə oxunduğuna baxa bilərik. Heç bir imkan olmadan min tirajla çıxan kitab, bu sistem içərisində ən azı on min satılacaq. Mən ədəbiyyat saytında oxucularla işləyən bir yazar kimi sizi buna əmin edirəm.

– Sizdən əvvəlki müsahibimiz tanınmış yazar Kəramət Böyükçöl idi. Sizi yaxşı təriflədi. Siz də onu tərifləyəcəyinizi dediniz. Bəs Kəramət sizi tənqid etsəydi, nə edəcəkdiniz?

– Kəramət çox istedadlı bir gəncimizdir. Qələm onun əlində hər tərəfiylə yazır. Yaradıcılıqla ciddi məşğul olsa, yaxşı nəticələr əldə edər. Amma tərifləmirəm onu. Əksinə, danlamaq istəyirəm. Mən deyən məqsədə doğru getmədiyini müşahidə edirəm. Kəramət məni nəinki tənqid edib, hətta söyüb də. Nə vaxtsa yenə əsəbiləşib söyə bilər, lap mən də ona cavab verərəm. Lakin heç nə onun yazdıqlarına münasibətimi dəyişməyib və dəyişə də bilməz. Mənim üçün ədəbi həqiqətlər münasibətlərin fövqündədir. Mənə diqqət edən adama mən də diqqətlə yanaşaram. Bunu etik norma sayıram. Amma o diqqəti göstərən adam haqqında o diqqət naminə yalan danışa bilmərəm.

– İstedadı subyektiv anlayış hesab etdiyinizi dediniz, lakin indi özünüz işlətdiniz.

– Bir müsahibədə bir dəfə subyektiv ola bilərəm.

– Kəramət Böyükçöl Səlim Babullaoğlunu 3 dəfə ən istedadsız adlandırıb…

– Nahaq. Əgər belə olmuş olsa belə, bunu deməyə, üstəlik üç dəfə təkrar etməyə nə ehtiyac var? Onların arasında narazılıq olub. Düşünürəm, ona görə Kəramət bir az tikanlı danışıb. Kimisə istedadlı da hesab etmək olar, istedadsız da, bu faciə deyil. Amma mən indi yaşımın elə çağındayam ki, vaxtı ilə özüm işlətdiyim bu ifadəni kiminsə dilindən eşidəndə diksinirəm. Demirəm, işlətmək olmaz. Olar. Dost məclisində, balaca çevrədə. İctimailəşdirmək etik çıxmır. Çünki dediyim kimi, xeyli subyektivdir. O halda qəbul olunar ki, kiminsə ictimai zərərli fəaliyyəti var və sən onu sərt tənqid etmək fikrinə düşürsən. Siz dediyiniz mükalimədə belə bir məqam görmürəm.

– Kəramətin sualı var: “Necə dözürsünüz?”

– Mən çoxlu travmalar yaşamışam və üstəlik bu travmaları ağır yaşamışam. Yazan adamda megapiksel yüksək olur. Rəngləri tünd, səsləri gur götürür. Ona görə hamıya adi gələn həyat reallıqları onları daha çox sarsıdır, sındırır. Lakin dözmək üçün çıxış yolları var. Bunun ən başlıcası oxumaq və yazmaqdır. Sözə iman gətirən və kitaba sığınan adama heç kimin və heç nəyin gücü çatmaz. Eyni zamanda, o, daxili tarazlığını tapar, müvazinətdən çıxmaz, ağrıları sənət əsərinin materialına çevirib ondan zövq ala bilər. Sizcə, Nizami Gəncəvinin Əliağa Vahid qədər hissiyyatı yox idi? Bəs niyə həyat təbəddülatları birini sarsıdıb həyatın dibinə yuvarladı, o birini dahiyə çevirdi? Çünki Nizami dərdi-ağrını böyük sənətə çevirmək məqamına çatmışdı. Mən bu məqama çatdığımı iddia etmirəm, lakin yolun hara getdiyini bilirəm. Ona görə içimdə dərk olunmuş bir sakitlik var. Bunu kitablar, filmlər, bir də sizə qəribə gələcək, virtual oyunlar sayəsində əldə etmişəm. Süjetinə müdaxilə edə bildiyim silsilə oyunlar mənə inanılmaz zövq verir. Burda da yaradıcılıq var. Həm yaradıcılıq, həm əyləncə. Əslində, indi romanları da belə oxuyuram, filmləri də belə izləyirəm. Yaradıcılığın böyük sirrini kəşf etmişəm. Özüm buna nə qədər əməl edəcəm, bilmirəm, hər halda mənə agah olanlar üçün xoşbəxtəm.

– Sizdən sonrakı müsahibin kim olmasını istəyirsiniz?

– Qələminə, intellektinə, zəhmətkeşliyinə həmişə güvəndiyim Etimad Başkeçidlə.

– Ona nə sualınız var?

– “Neftçilər”də gürcü çaxırı içməyə çağırsam, gələrmi?

 

Hazırladı:

SelBa

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button