İctimai fəal Bəxtiyar Hacıyev təqsirləndirilən şəxs oldu

Yayımlandı: 9 Dekabr 2022 15:12

Onun barəsində həbs qətimkan tədbiri seçilə bilər

İctimai fəal Bəxtiyar Hacıyev cinayət məsuliyyətinə cəlb olunub. O, artıq təqsirləndirilən şəxs qismində tanınıb və istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Söhbət Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Bu iş üzrə uzun müddət idi ki, Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Bəxtiyar Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib.

Lakin Daxili İşlər Nazirliyi onun iddialarının əsassız olduğunu bəyan edirdi.

Bəxtiyar Hacıyev zaman-zaman sosial media hesablarında daxili işlər naziri Vilayət Eyvazovu və nazirliyin fəaliyyətini tənqid edir. O, 2022-ci ilin aprelində paytaxtın mərkəzində bir qrup şəxs tərəfindən oğurlanaraq, zorakılığa məruz qaldığını deyir. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button