“İncimə”-ELÇİBƏY YAZI MÜSABİQƏSİ

“Sən, ey zülmətli Azərbaycan səmasında nur saçan parlaq Ulduz! Sən, ey yiyəsizlikdən başı bəlalar çəkən Azərbaycan Türkünün böyük Atası! Gəlişin uğurlu, min bir əzabla elçiləyb aldığın Azadlıq əbədi olsun! Qoy Azərbaycan torpağını qarış-qarış suvaran şəhid qanları yerdə qalmasın! Qoy hamımızın Vahid Azərbaycan arzusu tezliklə çiçəklənsin!”

1992-ci ildə Əbülfəz Elçibəy Prezident seçiləndə öz xatirə dəftərimdə hisslərimi, sevincimi belə ifadə etmişdim… Ancaq mənim də, bütün Elçibəysevərlərin də sevinci uzun sürmədi
Bu dünyada haqqın yolu çətinliklərlə dolu olub hər zaman. Qərinələr, əsrlər boyu haqq deyənlərin qolları kəsilib, dərisi soyulub, vətənindən qovulub, dəryalarda boğulub…
Sən də öz dövrünün, zamanının təqib edilən haqqı, gerçəyi idin. Hələ tələbəlikdən, imperiya caynaqlarının ən iti vaxtlarında bu millətin, bu xalqın haqları uğrunda mübarizəyə başladın, nəyin bahasına olur-olsun Azadlıq əldə etmək, böyük Məhəmməd Əminin yaratdığı Cümhuriyyəti yenidən bərpa etmək oldu amalın. Öz tələbələrin, öz silahdaşlarınla canın-qanın bahasına nail oldun buna – o mənfur imperiyanın sütunlarını laxladanlardan oldun..!
Sən kürsülər üçün savaş vermədin ki..! Sən başqan olalı özünə saraylar, villalar qurmadın, mal, sərvət yığmadın, öz ehtiyaclarını düşünmədin… Sən dövlət qurmaq, ordu qurmaq, bayraq yapmaq istiyirdin bu millət üçün. Bunları yapdın, bu arzularına çatdın… Və zamanı gələndə hak etdiyin Prezidentlik kürsüsünü bircə anda tərk etməyi də bacardın. Xalq üçün, millət üçün, bircə damla da olsa qan tökülməməsi üçün. Bununla da öz müdrikliyinin, öz dahiliyinin sübutunu öz əllərinlə möhürlədin! Və tarixdə yüksək  kürsülər üçün cinayətə əl atanları, əli qana batanları utandırdın – əgər utana bildilərsə…

Kələkiyə, öz kasıb, sadə komana döndün. Sosial şəbəkələrdə obaya odun qoyarkən paylaşılan video-şəklinin heç cür unuda bilmirəm. Sən Kələkidə yaşadığın o illərdə sənin böyüklüyünü, sənin dahiliyini, siyasətini anlamayan qara qüvvələr hər bir Azərbaycan vətəndaşı kimi mənim də əsəblərimi tarıma çəkirdi. O vaxtlarda yazmışdım bu şeiri:

Leninin şəninə dastan yazıb,

Stalinin ölümünə göz yaşı tökən biziksə, incimə…
Pirləri dağıdıb, qazıb,

məscidləri sökən biziksə, incimə!
Kirovlara heykəl yapıb,

Məhəmməd Əminləri üstündən atan biziksə, incimə
Öz dərdini duymayıb yad qəminə batan biziksə, incimə!
Cahilə dahi deyib, nadanı alim görən biziksə, incimə
Dahinin cismin əzib, ruhuna bəraət verən biziksə, incimə!
Stola vətən satıb, namusunu atan biziksə, incimə
Fil qulağında yetmiş il rahatca yatan biziksə, incimə!
Ağı görə bilmirik, qaraya ağ deyiriksə, incimə
Həqiqətdən bir əsr geriyiksə, incimə!

Səni 70-100 ilə qanıb dərk edəcəyik, incimə
Heykəlinin önündə səcdəyə gedəcəyik, incimə!!!

Bu gün, Cümhuriyyətimizin 100 illiyində səni böyük sevgi ilə ananların, sonsuz rəhmətlə yad edənlərin say çoxluğuna rast gəldim sosial şəbəkələrdə. Sevindim! Qürur duydum! Demək ki…
Kiçik, cılız bəndələr arasında ört basdır edilə bilər, Ulu Tanrı dərgahında danılmaz həqiqət!
Sən Tanrı dərgahına qovuşmuş haqsan, dərk eidldikcə adına əsərlər, romanlar yapılacaqdır.
Haqq qızıl kimidir, basdırılıb min böhtan deyilsə də adına, nə vaxtsa, hardansa təmizi tapılacaqdır!
Sən Cümhuriyyət tariximizin ən uca zirvəsində yer alan İsimsən, Adsan – səni o zirvədən heç bir qüvvə endirə bilməz!
Sən böyük Turan səmasında atəş, alov saçan odsan! Kökü göydə bitən odu fitnə-fəsad söndürəmməz!!!

Zenfira İsmayılova

Ordubad rayonu, Üstüpü kəndi

Yazı “Əbülfəz Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button