İqtidarın hədəfi kimə və nəyə istiqamətlənib?

Nəsimi Məmmədli

Müstəqil politoloq

 

Ölkədə uzun müddətdir həllini gözləyən çoxsaylı sosial, iqtisadi, maliyyə, hüquqi və siyasi problemlər mövcuddur. Xüsusilə də son dövrlər neftin kəskin ucuzlaşması, COVİD-19 pandemiyasının doğurduğu yerli və qlobal böhran problemlərin həllini daha da çətinləşdirib. Ölkənin maliyyə imkanlarının çox yaxşı olduğu vaxtlarda bu problemləri həll edə bilməyən iqtidar, indiki əlverişsiz vəziyyətdə daha da çarəsiz görünür.

Bir tərəfdən həyati əhəmiyyətli sosial durum pisləşir, digər tərəfdən isə onların həlli imkanları məhdudlaşır. İqtidarın iqtisadi-siyasi islahatlar vədinə inanmayan, növbədənkənar parlament seçkisinin nəticələrini qəbul etməyən müxalifətə və müstəqil ictimaiyyət nümayəndələrinə yeni-yeni narazı insanların qoşulması prosesi aktuallaşır.

Müşahidələr və təhlillər göstərir ki, iqtidar ölkədə ictimai-siyasi və psixoloji durumu süni şəkildə gərginləşdirməklə xalqın diqqətini idarəetmənin bacarıqsızlığından yayındırmağa, narazı insanların mütəşəkkil təşkilatlanmasına əngəl olmağa çalışır. Hətta yerli və beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq müxalifətə qarşı repressiv davranışlarını da genişləndirir.

İqtidar post-pandemiya dövründə cəmiyyətdə yarana biləcək irimiqyaslı sosial dalğalanmadan dərin təşviş keçirir. Üzləşdiyi gərgin və əsəbi mühitdə doğru qərarlar qəbul edə bilmir. Elə düşünür ki, gerçək müxalifəti cəmiyyətdən təcrid etsə gələcək sosial-siyasi prosesləri idarəolunan istiqamətə yönəltmək xeyli asanlaşacaq.

Bu şəraitdə tamamilə idarə olunan və iqtidarın cızdığı məhdud çərçivəni qəbul edən “müxalifət” formalaşdırmaq arzusunu da gizlətmir. Eyni zamanda koronavirusun yaratdığı müvəqqəti beynəlxalq təcriddən sui-istifadə edərək gerçək rəqiblərini sıradan çıxarmaq niyyətini də ifadə edir. Xüsusilə də dövlət başçısının Novruz Bayramı təbrikində bu mesaj açıq səsləndi.

Siyasi nəzəriyyələrə əsaslansaq görərik ki, demokratik seçkilərin keçirildiyi azad ölkələrdə iqtidarı da müxalifəti də seçici müəyyən edir. Qeyri-azad ölkələrdə isə iqtidarın gerçək müxalifətini narazı və etirazçı kəsim formalaşdırır.

Ölkəmizdə müxalifəti ictimai rəydə ayaqda saxlayan yeganə fenomen narazı xalqdır. Hüquqsuzluqdan, ayrıseçkilikdən, sosial-iqtisadi çətinliklərdən təngə gəlmiş narazı insanlardır.

Demokratik seçki keçirməyən iqtidar nə qədər cəhd etsə də öz xəyalında təsəvvür etdiyi və arzuladığı “müxalifəti” cəmiyyətə qəbul etdirə bilməz. İqtidarın bu inadkarlığının siyasi perspektivi olmasa da təhlükəli nəticələri istisna deyil.

Son günlər iqtidar özünün əsas müxalifətini açıq hədəfə götürüb. AXCP sədri Əli Kərimliyə və partiyasının fəal üzvlərinə qarşı qanunsuz addımlar geniş vüsət alıb. Əli Kərimlinin evində internet və mobil rabitə əlaqələri qanunsuz olaraq tamamlilə kəsilib. Onun sosial şəbəkələr vasitəsi ilə cəmiyyətlə virtual əlaqələri qapadılıb. Faktiki olaraq ona və partiyasına qarşı dövlət səviyyəsində total hüquqpozmalar baş verməkdədir.

Hazırda iqtidarın iki istiqamətdə planlı addımlar atması diqqət çəkir. Bir yandan cəmiyyətin aztəminatlı hissəsinə müəyyən yardımlar etməklə narazılığın miqyasını azaltmaq, digər tərəfdən isə sosial böhran dövründə cəmiyyəti rahat idarə etmək üçün müxalifəti təcrid etmək istəyir. Bununla da öz hakimiyyətinin təhlükəsizliyinə və davamlılığına təminat yaradacağını düşünür.

Bütün anti-demokratik cəmiyyətlərdə xalq haqlıya rəğbət bəsləsə də güclüdən qorxduğuna görə ona tabe olur. Xalqın haqlının yanında dayana bilməməsi iqtidarı növbəti qanunsuz davranışlara ruhlandırır.

Analizlər göstərir ki, qarşıdakı dövrdə cəmiyyətdə sosial təlatümlərin, sarsıntıların və ziddiyyətlərin daha da artacağı istisna deyil. Ölkəni böhranlı durumdan itkisiz çıxarmaq iqtidar üçün çətinləşə bilər. Odur ki indi ölkədə həmrəyliyə, dialoqa hər zaman olduğundan daha çox ehtiyac yaranıb. Həmçinin beynəlxalq demokratik mərkəzlərə yaxınlaşmaq, onlardan dəstək almaq zərurəti də artıb.

Son olaraq, sosial çətinliklər, qadağalar, basqılar və epidemiyalar cəmiyyətin xarakterini sürətlə dəyişir. Cəmiyyətdəki ənənəvi ictimai-siyasi proseslərə fərqli reaksiyalar doğurur.

Ölkədə hüquq və azadlıqlara etibarlı təminat yaratmaq əvəzinə, məhdudiyyətləri daha da genişləndirmək, müxalifətə qarşı basqıçı siyasət həyata keçirmək ölkədəki mürəkkəb vəziyyəti dərinləşdirir.

İqtidarın ölkə daxilində siyasi münasibətləri kəskinləşdirməkdən çəkinməsi, siyasi rəqiblərə qarşı sərt ritorikanı dəyişməsi, təqiblərə son qoyması və siyasi məhbusları azad etməsi bu ərəfədə ən doğru addım olardı.

 

Turan.az

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button