İran qisas alacağını bir daha bəyan edib

İran aprelin 5-də İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) 7 üzvünün ölümünə görə qisas alacağını bir daha bəyan edib.

İnqilab keşikçilərinin İsrailin Suriyaya hava zərbələri nəticəsində həlak olduğu düşünülür.

İranın Dəməşqdəki səfirliyinin konsul şöbəsi olduğu deyilən bina aprelin 1-də endirilmiş hava zərbələri nəticəsində dağılıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir.

İsrail isə bir qayda olaraq belə hava zərbələri barəsində şərh vermir.

İİKK-nin baş komandanı general-mayor Hüseyn Səlami Tehranda keçirilən “Qüds (Yerusəlim-red) günü” mitinqi zamanı deyib:

“Bizim müqəddəs sistemimizə qarşı hər hansı düşmənin hərəkəti cavabsız qalmayacaq”.

İranda Ramazan ayının son cümə günündə ənənəvi olaraq Fələstinə dəstək anti-İsrail mitinqləri keçirilir.

Xəbər verilir ki, builki mitinqlər həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir.

İran televiziyası bu mitinqlərin fasiləsiz canlı translyasiyasını verir.

Nümayiş iştirakçıları mitinqə İİKK zabitlərinin portretləri və “İsrailə ölüm!” və “Amrikaya ölüm!” plakatları ilə çıxıblar.

İranın dövlət mediasında Amerika bayraqlarının və İsrailin baş naziri Binyamin Netanyahunun müqəvvasının yandırılması videoları dərc olunub.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi bu həftənin əvvəllərində demişdi ki, İsrail “bizim cəsur oğullarımız tərəfindən cəzalandırılacaq”.

Bəzi təhlilçilərin yozumuna görə bu, o deməkdir ki, İran İsrailə regional müttəfiqləri və proksilərinin əli deyil, özü cavab vermək niyyətindədir.

İİKK-nin keçmiş baş komandanı Mohsen Rezayi aprelin 5-də mühafizəkar Təsnim xəbər agentliyinə deyib ki, İsrailə cavab məsələsində “qərar qəbul olunub” və “mütləq həyata keçiriləcək”.

Rezayi məsələnin detallarını açıqlamayıb.

Şərhçilər deyirlər ki, İslam respublikasının mühafizəkar dəstəkçiləri öldürülmüş zabitlərin qisasının alınmasını tələb edirlər.

Ötən dekabrdan bəri Suriyada İsrailin endirdiyi deyilən hava zərbələri nəticəsində, generallar da daxil İİKK-nin azı 18 zabiti həlak olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button