İsrailin hava hücumunda iki iranlı general həlak olub

Dəməşqdə İranın elit hərbi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı İsrailin İran səfirliyinə hücumu nəticəsində həlak olub.

ISNA-nın xəbərinə görə, ölənlər arasında İran xüsusi təyinatlıları – “Əl-Qüds” qüvvələrinin komandirlərindən biri, briqada generalı Məhəmməd Rza Zahedi, onun müavini – briqada generalı Məhəmməd Hadi Rəhimi və onların beş həmkarı da var. İranda onları Suriyada hərbi məsləhətçi adlandırırdılar.

Zərbə yerli vaxtla saat 17:00 radələrində səfirliyin konsulluq şöbəsinin binasına endirilib. Hadisə yerindən çəkilən fotolarda binanın tamamilə dağıldığı görünür.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian konsulluq şöbəsinə hücumu “bütün mümkün beynəlxalq konvensiyaların pozulması” adlandırıb. Nazirliyin sözçüsü Nasir Kənani bildirib ki, “Tehran hücuma cavab tədbirləri görmək hüququnu özündə saxlayır”. İsrail hücumu şərh etməyib.

2020-ci ildə “Əl-Qüds” qüvvələrinin rəhbəri general Qasim Süleymani ABŞ-ın raket hücumu nəticəsində Bağdadda öldürülüb. Bu, regionda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb oldu.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın siyasəti və iqtisadiyyatı üzərində əhəmiyyətli təsiri var. Formal olaraq ordunun bir hissəsi olan Korpusun öz qoşunları, o cümlədən hava və dəniz qüvvələri var, İranın raket proqramına nəzarət edir və ölkə prezidentinə deyil, onun ali dini rəhbəri Əli Xameneiyə tabedir.

ABŞ SEPAH-ı terror təşkilatı elan edib.

General Məhəmməd Rza Zahidinin adı BMT-nin İranın 15 yüksək rütbəli hərbi və siyasi xadimdən ibarət “qara siyahısı”na daxil edilib. Onlar Tehranın nüvə və raket proqramlarının inkişafında iştirakda şübhəli bilinirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button