İstanbul Konvensiyası – 8 Mart üçün ən yaxşı hədiyyə

Ziya Quliyev

Bakı Beynəlxalq Hüquq və İnsan Haqları Akademiyasının direktoru

 

Qadınlara münasibətdə ayrı-seçkilik və bərabərsizlik mühiti üzrə bir sıra qlobal monitorinq və indekslər üzrə aparılmış araşdırmaların nəticəsinə əsasən, Azərbaycan qadınlara qarşı zorakılıq və ayrıseçkiliklə mübarizə üzrə zəif hüquqi baza və qanunvericiliyin tətbiqinin məhdud olduğu ölkə kimi səciyyələnir. Bunu, həm də BMT-nin Global Gender Bərabərsilziyi İndeksinin statistik göstəriciləri də dolayısı ilə təsdiq edir. Ölkələr üzrə göstəricidə Azərbaycan hələ ki 80-ci yedə qərarlaşır və bu, qənaətbəxş hesab oluna bilməz.

Dünya İqtisadi Forumunun 2018-ci il Qlobal Gender Boşluğu Hesabatına əsasən 149 ölkə üzrə aparılmış təhlilə əsasən Şərqi Avropa ökələrində, xüsusən də Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələr üzrə Belarus 28, Moldova 35, Ukrayna 65, Azərbaycan 97, Ermənistan 98 və Gürcüstan isə 99-cu yerdədir. Regional göstəricilərin ən aşağı sıralamasında Azərbaycan (97) və Ermənistan (98) təhsil sahəsində gender boşluğun qapatmağa nail olsalar da, səhiyyə və sağ qalma subindeksində qlobal səviyyədə ən pis göstərcisi olan (146) ölkələr arasında qeyd olunurlar.

Azrbaycan Respublikası Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasına qoşulmaq barəsində 30 İyun 1995-ci ildə qərar qəbul etmişdir. Buna müvafiq olaraq, Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvi Komitəsinə (CEDAW) hökümətin növbəti hesabatına uyğun olaraq Komitə tərəfindən 12 mart 2015-ci ildə qəbul edilmiş Yekun müşahidələr üzrə bir sıra tövsiyə və çağırışlar edilmişdir. Qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı götürülmüş öhdəliklərə müvafiq olaraq, bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra qanunvericilik aktlarının qəbulu və İstanbul Konvensiyasına qoşulmaq həm siyasi həm də hüquqi mühitin daha da əlverişli olması ilə nəticələnə bilər.
Bu sahədə əsas narahatedici məqamlar ‘Məişət zorakılığının qarşısının alınması haqqında’ Qanunun icrası, xüsusən də qısa və uzunmüddətli mühafizə orderləriin verilməsi ilə bağlı hissədə, qanunun tətbiqi, Məişət zorakılığı ilə bağlı məlumatların sistematik olaraq toplanması üzrə boşluqlar, məişət zorakılığı qurbanları üçün dəstək və mərkəzlərin azlığı, dövlət tərəfindən yaradılan bu tip mərkəzlərin sayının az olması və İstanbul Konvensiyasının ratifikasiyasınını gecikməsi kimi xarakterizə olnur.

 

Konvesniyaya qoşulmağın üstünlüyü nə ola bilər?

 

Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyası (İstanbul Konvensiyası) Avropa Şurası üzv dövlətləri üçün qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizədə hüquqi çərçivəni müəyyən edən mühüm vasitələrdən biridir. 2011-ci ildə qəbul edilmiş Konvensiya, BMT tərəfindən ‘Qızıl standart’lar müəyyən edən bir sənəd kimi qiymətləndirilmiş, Şuraya üzv olan dövlətlərin imzalama və ratifikasiyası üçün təşviq edilmişdir.
Azərbaycan Avropa Şurası üzvü olaraq, bu çərçivədə 2011-ci ildə qəbul edilmiş ‘Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasını (İstanbul Konvensiyası) hələ də imzalamamışdır (Nəzərə alaq ki, qonşu Ermənistan bu Konvensiyanı 18.01.2018-ci il tarixində imzalamışdır, lakin hələ də ratifikasiya etməmişdir).
Bu Konvensiyanın imzalanması və ratifikasiya edilməsi ilə bağlı çağırışlar, eyni zamanda, Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qəbul edilmiş ‘2020-ci ilə kimi dörd prioritet sahədə 20 hədəf’ üzrə İşçi Sənəddə də qeyd olunmuşdur.
İstanbul Konvensiyası digər beynəlxalq müqavilələr kimi çoxtərəfli əqddir və eyni zamanda daha çox kompromislər və ümumi yanaşmalar üzərindən hazırlandığı üçün bir çox ölkələr üçün cəlbedici görünür.
Konvensiya açıq olaraq bildirir ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığı artıq şəxsi və ailə məsələsi kimi qala bilməz. Burada dövlətlərin öhdəliyi olmadığı üçün Konvensiyaya qoşularaq siyasət və qanunvericiliyi Avropa Şurası standartları ilə uyğunlaşdıraraq zorakılığa qarşı mübarizə apara, qurbanları qoruya və günahkarları cəzalandıra bilərlər. Bununla da, dövlətlərin bu sahədə hərəkətləri xoş niyyətdən daha çox hüquqi öhdəlik kimi müəyyən olunacaqdır.
Konvensiyanın 1-ci maddəsi qeyd edir ki, qadınlar bütün formada olan zorakılıqdan müdafiə olunacaqlar və bu da qadınların əsaslı bərabərliyi və gücləndirilməsi işin daha da təşviq edəcəkdir. Daha ətraflı diqqət zorakılıq qurbanı olan qadınlar olsa da, Konvensiya bütün qurbanların müdafiəsi üçün zəmin yaradır. Bununla yanaşı, o da danılmaz faktdır ki, kişilər və uşaqlar da məişət zorakılığının qurbanı ola bilər, lakin qadınlar bu hissədə daha çox qurbanlar arasındadırlar.
Onu da qeyd etmək zəruridir ki, İstanbul Konvensiyasının zorakılığa məruz qalmış qurbanları müdafiə etmək və dəstəkləmək potensialı vardır. Lakin bunun üçün dövlətlərin Konvensiyanı tam və hərtərəfli tətbiqi imkanları da olmalıdır.

Yekunda,
8 Mart Beynəlxaq Qadınlar Günündə qadınlar üçün ən dəyərli hədiyyə onların hüquqlarının və mənafelərinin efektiv qorunması və bu sahədə hüquqi mühitin daha da yaxşılaşdırılması ola bilər.

Əziz xanımlar,
Bayramınız mübarək!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button