İstirahət mərkəzlərinin yeməklərində “bağırsaq çöpü” aşkarlanıb

02_smpdk-istirahet-merkezleri29.07.2013

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və Xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən “Atlant” MMC-yə məxsus istirahət mərkəzində yoxlama keçirilib.

SMPDK-dan verilən məlumata görə, araşdırma zamanı müəssisənin mətbəxlərinin antisanitariya vəziyyətində olduğu, havalandırma sisteminin yaradılmadığı, işçilərin gigiyenik tələblərə əməl etmədikləri, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl edilmədiyi aşkara çıxarılıb. Müəyyən edilib ki, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar zərərverici həşəratlara yoluxmuş vəziyyətdədir. Xammallarla yanaşı, bir neçə ədəd siçan tələsinin qoyulması halı aşkarlanıb.

Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə, bal, xama, 40 kiloqram pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilib. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları olmayıb.
Eyni zamanda, “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində də dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyənləşdirilib.

Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələrinə görə, “Atlant” istirahət mərkəzində “Paytaxt” salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, “Mimoza” salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib.

“Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdə kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri olduğu aşkarlanıb.

Qanun pozuntularına görə, “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “Kələm” və “Paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “Mimoza” və “Paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button