Jurnalist Şamo Eminovun həbsdə vəziyyətinin pisləşdiyi deyilir

“Kanal-13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun istintaq təcridxanasında vəziyyətinin pisləşdiyi bildirilir.

Jurnalistin xanımı Dürdanə Eminova dünən, martın 27-də təcridxanada onunla görüşdən sonra bu barədə açıqlama verib.

“Şamonun gözləri qızarmışdı, əlləri əsirdi…”, – D.Eminova deyib.

Xanımın sözlərinə görə, bundan əlavə, jurnalistin qaraciyər və mədəsində ciddi problemlər var. Onun vurğulamasına görə, bir neçə gün əvvəl jurnalistin ağzından qan gəlib.

Xanımı Ş.Eminovun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Bundan öncə isə D.Eminova ərinin əsassız həbs olunduğunu bildirərək ombudsmana müraciət etmişdi.

D.Eminovanın bu açıqlamasına, hələlik, rəsmi qurumlar və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

“Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanıb. Məhkəmə onu “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (206.3.2) ittihamı ilə istintaq müddətində həbs edib

Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucov da eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.

Ümumilikdə son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Jurnalistlər ittihamlarla razılaşmır, həbslərini peşə fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə jurnalistlərin həbsi ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button