Jurnalistika şovinisti deyiləm

Xural.com Turan-a istinadən xəbər verir.

Jurnalistika şovinisti deyiləm. Vətəndaş jurnalistikası təlimləri keçmişəm və oraya gələnləri ruhlandırmağa çalışmışam ki, qorxmadan jurnalistin işini görsünlər. Onlar da çəkə, göstərə, qanunsuzluqları ifşa edə bilərlər. İnternet bu imkanı hər kəs üçün əlçatan edib.

Amma indi gördüklərimdən dəhşətə gəlirəm. Elə ki canlı yayım linki görürəm, kompüteri söndürürəm ki, uzlaşmayan cümlələr, qeyri-normativ leksika, savadsızlıq və qatı ləhcəli danışıq qulağımı deşməsin.

Mehman Hüseynovda bunların hamısı vardı, amma onun yayımının məzmunu da vardı. Əziyyətə qatlaşır, insanlarla görüşür, real faktları yerindəcə göstərirdi. Bütün bunlara görə onun ləhcəsi də, hətta söyüşləri də umurumuzda deyildi. Amma
heç nə axtarıb tapmadan, araşdırmadan, çəkmədən, göstərmədən öz savadsız danışığınızı bizə sırımaq haqqınızın olduğunu sizə kim deyib axı?

Deyəcəksiniz ki, bu video yayımlar populyardır. Əlbəttə! Zaurun verilişləri kimi. AzTV-nin səhərdən axşama kimi bizə sırıdığı manıslar qədər populyar ola bilərsiniz. Bəs onda tənqid etdiyiniz hökumətdən fərqiniz nədir? Onlar da əhalinin savadsız, zövqsüz qalması üçün bunu edir. Sizin onlardan fərqiniz nədir? Tənqid etməyinizmi?
Bayağı tənqidin bayağı tərifdən fərqi yoxdur.

Belə yayım edənlərin bir çoxunu tanıyıram. Bəziləri canlara dəyən adamlardır. Amma anlayın, sual verə bilmirsinizsə, video yayım müsahibələri ilə adamları avara etməməlisiniz. Göstərəcək real faktınız yoxdursa, mən sizin dilimizin anasını ağlatmağınıza dözməli deyiləm.

Burdasınızsa, özünüzün, xaricdəsinizsə ailə üzvlərinizin qatlaşdığı basqılara görə də acı keçiririk. Amma bütün bunlar zövq və maarif əleyhinə cinayətinizi zərrə qədər də azaltmır.

Qısası, jurnalist olmaq üçün kamera və internet bəs edə bilər, yetər ki, özünüzü yox, həyatı və başqa insanların problemlərini çəkəsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button